Əsas Səhifə > Manşet / Hadisə > Sabunçuda Qarabağ Qazisinin GÜNÜNÜ QARA EDİBLƏR...
Sabunçuda Qarabağ Qazisinin GÜNÜNÜ QARA EDİBLƏR...Bu gün, 10:13 |
"Bakının Sabunçu rayonunda yaşayan Səyyaf Məmmədov adlı bir qazimiz var. Əslən qarabağlıdır. Ağdam rayonun Maqsudlu kəndində dünyaya göz açıb. İşğal dövründə Bakıya pənah gətirib, Sabunçuda məskunlaşıblar. Hazırda “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin Sabunçu Rayon Şöbəsinin rəhbəridir". "DİA-AZ" xəbər verir ki, bu barədə jurnalist Sima Babayeva özünün sosial şəbəkə hesabında yazıb.
Jurnalist daha sonra belə davam edir: "Səyyaf Birinci Qarabağ Savaşında silah götürüb torpağın müdafiəsinə qalxıb. Erməni işğalçılarına qarşı qəhrəmancasına vuruşub. Aldığı yara döyüş yolunu yarımçıq qoyub, bir ayağını itirib.
Bu günlərdə Səyyaf Məmmədov redaksiyamıza müraciət edərək ərazi üzrə icra hakimiyyəti orqanından şikayətini bildirdi. Kameramızı, mikrofonumuzu götürüb Sabunçuya yollandıq.
Səyyafla görüşüb söhbət etdik. Qazi dərdini danışdı. Dedi ki, öz içimizdəkilərdən pislik görəndə bəzən düşməndən aldığı yaranı belə unudur. Konkret olaraq Sabunçu Rayon İcra başçısı Adil Vəliyev və onun humanitar məsələlərə baxan Ədalət adlı işçisindən şikayətçidir.
Söhbət əsnasında onun rayon ərazisində şəhidlərin xatirəsinə bulaq açdığı məlum oldu. Amma bir gün Adil müəllimin qoçuları gəlib bulağı vurub dağıdıblar. Ümumiyyətlə, bu insan icra hakimiyyətinə nə barədə müraciət edirsə, rədd cavabı alır. İstədiyi də ictimai fəaliyyəti üçün şəraitin yaradılmasıdır.
Bu haqda şəxsən başçı Adil Vəliyevə də bildirib, onun başqa əməkdaşlarına da deyib. Başa düşmək olmur, müharibə veteranına, qaziyə qarşı belə sərt münasibətin səbəbi nədir?
Vətən müharibəsindən sonra bütün rayonlarda şəhid ailələri, qazilərin işləri ilə məşğul olmaq üçün şöbələr yaradılıb. Dövlət başçısı öz qayğısını, diqqətini belə bildirir, yerlərdəki nümayəndələr də tam tərsini edirlər. Adil Vəliyev, sizin, həmçinin işçilərinizin ixtiyarı yoxdur ki, vətəndaşa qarşı kobudluq etsinlər.
Özü də canını Vətən, millət yolunda qoymuş bir insan üçün. Bu şəxs düşmən yarası alıb, siz də bir tərəfdən yara vurursunuz. Onda ermənidən fərqiniz nə oldu? Guya ərazinizdə hər şey qanununa uyğun gedir, bircə Səyyafın müraciəti uyğun deyil?
Necə olur ki başqalarına yer də tapılır, otaqlar da, şərait də. Amma arxasız adamı gözünüz görmək istəmir. Yaxşı, nə etsin? Həll yolunu göstərin. Bəlkə Sabunçuda başqa qanunlar var. Deyin, hamımız bilək..."
QEYD: İstinad mədəniyyəti ən gözəl olanıdır...
Geri qayıt |