Əsas Səhifə > Manşet / Siyasət > "Biz tələbələr insan deyilik?"
"Biz tələbələr insan deyilik?"Bu gün, 02:48 |
Naxçıvan Dövlət Universiteti üç aydan çoxdur ki, tələbələrin təqaüdün ödəmir. Bu isə, xüsusilə az təminatlı ailələrdən olan tələbələri maliyyə cəhətdən çətin vəziyyətə salıb. Onlar kirayə haqlarını ödəyə, bəzən marşruta minməyə belə pul tapa bilmirlər.
Bu haqda “Gündəlik Naxçıvan”a tələbələrin özləri məlumat veriblər.
Tələbələrdən K. Vəliyev deyir ki, mühasibatlığa dəfələrlə müraciət etsələr də, təqaüdlərin nə zaman veriləcəyi ilə bağlı dürüst məlumat ala bilmirlər
“Birinci kursların təqaüdünün yubanması başa düşüləndir. Bəs, digər kurslar niyə verilmir. İyul, avqust və sentyabr ayıları verilməyib. Artıq oktyabrın da birinci on günlüyü başa çatdı. Müəllimlərin maaşları ödəndi. Biz tələbələr insan deyilik? Çoxumuz aztəminatlı ailənin uşaqlarıyıq. Bizim də ehtiyaclarımız var. Mühasibatlığa dəfələrlə müraciət etsək də, nəticəsi olmayıb. Borc içində itib-batırıq. ”
Digər tələbə T. Bağırov isə təqaüd ala bilmədiklərindən birlikdə kirayə qaldığı tələbə yoldaşları ilə çətin vəziyyətə düşdüklərini bildirir:
“Nə qədər tələbə çarəsiz qaldı bilirsiniz? Tələbələr kirayələrini, yol pullarını oradan qarşılayırdılar. Hazırda neçə-neçə tələbə gözümün önündə təqaüdlər yubandığı üçün başqasınadan borc alıb kirayəsini ödəyir. Həmçinin də rayon marşrutlarına aylıq ödənişləri ödənməyib. 100 manatla bütün ayını keçirən, imkansız olan, ailəsindən bir qəpik də olsun ala bilməyənlər nə etsinlər? Ehtiyaclarını necə ödəsinlər? Dərdimizi kimə deyək, kimə şikayət edək?”
Tələbələr problemi gündəmə gətirməklə Universitet rəhbərliyinin tezliklə məsləyə müdaxilə edəcəyinə, tələbə təqaüdlərinin tez bir zamanda veriləcəyinə ümid edirlər.
Geri qayıt |