Əsas Səhifə > Manşet / Sosial > Naxcıvan şəhərində şagird Naziri məhkəməyə verdi!

Naxcıvan şəhərində şagird Naziri məhkəməyə verdi!


Bu gün, 12:33

"2006-cı il təvəllüdlü Tağıyeva Sədaqət İntiqam qızı əslən Naxçıvanın Şərur rayonundandır. Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən Hüseyn Cavid məktəbində 8 il təhsil alıb. Sonra təhsilini Azərbaycanda-Bakı şəhəri Suraxanı rayonundakı 89 saylı tam orta məktəbdə davam etdirib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Sima Babayeva yazıb. 
O daha sonra bunları əlavə edib: "Sədaqət Bakıda ümumi orta təhsilini başa vuraraq attestatı götürüb doğma yurdu Şərura qayıdaraq 10-11-ci sinifləri orada təhsil almaq istəyib.
Muxtar Respublikanın Təhsil Nazirliyinə müraciət edib. Lakin müsbət cavab almayıb. Beləki, Naxçıvan MR təhsil naziri Elxan Nəcəfov Tağıyeva Sədaqət İntiqam qızının 18 yaşında olduğuna görə onun məktəbə qəbulunun qeyri-mümkün olduğunu, Bakıda verilən attestatın isə saxta olduğu bildirilib.
Sonra qızın valideynini nazirliyə çağırıblar. Şagirdin atası İntiqam Tağıyev ailəsini dolandırmaq üçün Türkiyədə işləyir. İşini yarımçıq qoyub təcili Naxçıvana gəlir, nazirliyə gedir.
Lakin valideynin sözü qulaqardına vurulur, ona qapını göstərirlər. Şikayətçinin dediyinə görə Naxçıvan təhsil nazir Elxan Nəcəfov iş kabinetində ona səsini qaldırıb, təhqir edib, onu polislə hədələyib. Deyib ki, Naxçıvan polisi mənim əlimdədir. Məlum məsələdir ki, bu məmur polisin adından danışır, vəzifəsindən sui-istifadə edir.
Naxçıvanda polis bütün respublikada olduğu kimi dövlətçiliyin, xalqın keşiyindədir. Muxtar Respublika polisi, Daxili İşlər Nazirliyinin rəhbərliyi əqidəli insanlardılar. Onları Elxan Nəcəfov kimilərinə bərabər tutmaq olmaz.
Elxan müəllim kasıb, sadə insanlara güc göstərməyi özü üçün hünər hesab edir. Şagird atasını qapıdan qovub deyir get Bakıya, oradan soruş. Yazıq valideyn də deyib olan-qalan pulum da yollarda getdi, cibimdə 50 qəpik pul qalıb, ayaqqabı da cırılıb, dağılıb.
Bunu eşidən Nəcəfov cənabları bir az da əsib-coşub. Əlacsız qalan İntiqam Tağıyev Ali Məclisə üz tutub. Orada hüquqşünas bildirib ki, nazir Elxan Nəcəfov Ali Məclisin sözünə, fikrinə məhəl qoymur. Dəfələrlə ona irad bildirilib, amma öz bildiyini edir və deyir ki, kimə istəyirsiniz şikayət edin...
Keçən ildən muxtar respublikanın təhsil naziri təyin olunan Elxan Nəcəfovun sadə vətəndaşa qarşı mövqeyi belədir. Problemi həll etmək əvəzinə daha da problem yaradır.
Qeyd edək ki, Naxçıvanın təhsil naziri əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləyib. Orada işləyərkən də şagird, valideyn, hətta müəllimlərin müraciətlərinə dözümsüz olub.
Tabeliyindəkiləri sıxışdırıb, hədələyib. Neçə savadlı kadrı məcburən işindən uzaqlaşdırıb. Vəzifələri satıb, imtahandan kənar direktorlar təyin edib. Bu adam elə bil əhalinin kütləvi savadsızlaşdırılması missiyasını həyata keçirtmək üçün təhsil sferasına gətirilib.
Şikayətçi deyir ki, Naxçıvanda təhsilin gerçək vəziyyəti ilə ciddi maraqlanan olsa, işlərin mənfiyə getdiyinə şahid olar. Məktəblərdə şagird tapılmır. Çünki tədrisin səviyyəsi aşağı düşüb.
Məktəbə həvəs yaratmaqdansa, oxuyub bilik almağın mənasızlığı aşılanır. Səsini çıxardanı təhqir edib hədələyir. Cənub zonasındakı bərbad idarəçiliyini burada davam etdirir. Görünüb ki, bir adamın vəzifəsini yüksəldəndə onun işində nəsə müsbət cəhət görürlər.
Elxan Nəcəfovu görəsən hansı əməlinə görə muxtariyyətə nazir qoyublar. Onun Regional Təhsil İdarəsindəki sərgüzəştləri, korrupsiyalaşmış imicindən Naxçıvan nə fayda görəcək. Bu adam regionda etdiklərinin beş qatını Naxçıvanda edir.
Özbaşınalığı üçün daha geniş imkan yaranıb. Elxan Nəcəfovun idarəçiliyi avadsızlığa yol açır. Sədaqət kimi yüzlərlə şagirdin məktəbə yolu kəsilir, oxumağa həvəs yaratmaqdansa, pisikdirilirlər. Müəllimlər də öz fikirlərini deyə bilmirlər.
Təhsili təhdidlə idarə etmək olmaz. Bu insan təhsilimizin böyük bir qurumuna rəhbərlik edir. Amma təəssüf ki insani keyfiyyətdən məhrumdur. Bilik üçün ağız açanı polislə hədələyib qovana başqa ad vermək olmur.
Qeyd edim ki, artıq məktəbli Tağıyeva Sədaqət İntiqam qızı tərəfindən məhkəməyə müraciət edilib. O, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfovdan şikayətçidir. Ümid edirik ki, ədalət mühakiməsinə şahid olarıq.
Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hər kəsin təhsil almaq haqqı var.
Bunun üçün yaş məhdudiyyəti nəzərdə tutulmayıb. Bu məsələni təhsil ekspertləri, hüquqşünaslarla da müzakirə edib rəylərini alacağıq. Eyni zamanda hörmətli elm və təhsil naziri Emin Əmrullayevin bu məsələyə münasibətini bilmək istərdik.
Yaxşı olardı ki, konkret bu məsələ ilə bağlı müvafiq komissiya yaradılsın və hərtərəfli, obyektiv araşdırma aparılsın. Ortada bir yeniyetmənin taleyi var. Vətəndaşa yuxarıdan aşağı baxan məmura görə kasıb bir ailənin övladı məktəbdən, təhsildən kənarda qalıb".

Geri qayıt