Əsas Səhifə > Manşet / Sosial > Dövlət tenderlərində «Cek-pot» vuran şirkətlər...

Dövlət tenderlərində «Cek-pot» vuran şirkətlər...


8-10-2025, 09:42

Azərbaycanda dövlət tenderlərindən ən çox gəlir və qazanc götürən şirkətlər məlum olub.

"DİA-AZ" biznes və maliyyə xəbərləri portalının araşdırması göstərir ki, 2024-cü ildə Azərbaycanda ümumilikdə minimum dəyəri 10 milyon manat olan 130 tender yekunlaşıb və bu tenderlərin ümumi həcmi 3 milyard 676,5 milyon manat təşkil edib. Ən iri dövlət sifarişləri arasında infrastruktur və tikinti sahəsinə aid işlər üstünlük təşkil edib.

"DİA-AZ" xəbər verir ki, ən böyük məbləğli tender qazanan şirkətlər arasında ilk yeri "Nort Vest Konstrakşn" MMC (1001297281) tutur. Şirkət 2024-cü ildə tenderlərdə nə az, nə çox, 362 milyon manat sifariş qazanıb. Bu, 2024-cü ildə ölkə üzrə tenderlərlə bölüşdürülən məbləğin təxminən 10%-dir. Şirkətin 2024-cü ildə aldığı sifarişlərin 300 milyon manatdan artıq hissəsi Yuxarı Şirvan kanalının yenidən qurulmasına aiddir. Qalan 50 milyon manat isə işğaldan azad edilmiş Ağdamda kanalizasiya və yağış sistemlərinin qurulmasına aiddir.

Qeyd edək ki, "Nort Vest Konstrakşn" MMC 27 dekabr 2007-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 min manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Neftçilər prospekti 153, qanuni təmsilçisi Bədəlov Elşən Tofiq oğludur. Şirkət riskli vergi ödəyicisi deyil.

Dövlət sifarişlərinin məbləğinə görə 2-ci yeri “Körpü-Bina-Tikinti” MMC tutur - 159,1 milyon manat. Azərbaycanda məşhur olan bu tikinti şirkəti il ərzində təxminən 100 milyon dollara çatan bu sifarişləri kirayə üsulla satılan mənzillər, Xocalıda rabitə infrastrukturu və qüllələrin tikintisi, eləcə də su kanalının yenidən qurulması üzrə alıb.

Qeyd edək ki, “Körpü-Bina-Tikinti” MMC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 300 min manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev.1, qanuni təmsilçisi Xaliq Göyüşov Avdil oğludur. Şirkət riskli vergi ödəyicisi deyil.

Tenderlərin sayına görə, ilk yerdə “Avromed Company” QSC (VÖEN: 1500166751) qərarlaşıb. Şirkət 5 tender üzrə qalib olub və ümumi dəyəri 151,5 milyon manatlıq müqavilələr imzalayıb. Tenderlər əsasən dərman preparatları, tibbi avadanlıqlar və müxtəlif dövlət proqramlarının icrası üçün nəzərdə tutulmuş tibbi vasitələrin alınması ilə bağlıdır.

Qeyd edək ki, “Avromed Company” QSC 2001-ci ildə yaradılıb, nizamnamə kapitalı 57 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Kamran İskəndərov İnqilab oğludur. Hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanında yerləşir.

İri sifarişlər alan şirkətlər arasında ən maraqlısı "TVM İNŞAAT" MMC-dir (1101408601). İl ərzində 123 milyon manatlıq sifarişin 25 milyon manatlıq hissəsi Ağır Cinayətlər Məhkəmə kompleksinin tikintisi (məhkəmə kompleksinə 25 milyon manat xərclənəcək – FED.az), 97 milyon manat isə Füzuli rayonunun Dövlətyarlı kəndindəki evlərin və mühəndis infrastrukturun yaradılmasına sərf ediləcək.

"TVM İNŞAAT" MMC-nin maraqlı cəhəti nizamnamə kapitalının cəmi 10 manat olmasıdır, amma bu fakt şirkətin təsisçilərinə 123 milyonluq sifariş almağa mane olmayıb.

"TVM İNŞAAT" MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı cəmi 10 manatdır, şirkətin hüquqi ünvanı Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində ev.3D, m.8-də yerləşir, qanuni təmsilçi Ağayev Musa Nizaməddin oğludur. Şirkət riskli vergi ödəyicisi deyil.

İri sifariş alanlardan “Elit-S” MMC (1600024541) Şirvan kanalı üzrə 119 milyon manat, “Uni Ko” MMC (1001142901) isə Füzuli və Ağdam rayonlarında Mərkəzi Xəstəxanaların tiknitisi üzrə ümumilikdəı 89 milyon manatlıq sifariş alıb.

Nəhayət, növbəti dəorman şirkəti «Azəri-Med» Qsc (1500072561) 2024—cü ildə daimi sifarişçisi olan Milli Onkologiya Mərkəzi və Gömrük Hospitalından ümumilikdə 67 milyon manatlıq dərman sifarişi alıb.

2024-cü ildə sayca daha çox tender qazanan şirkətlərdən biri “Rabitəinşaat” ASC-dir (VÖEN: 1500090621). Bu şirkət də 5 tenderdə qalib gələrək 57,4 milyon manatlıq sifariş əldə edib. Tenderlər arasında Cəbrayıl, Ağdam və Laçında fərdi yaşayış evlərinin, çoxmənzilli binaların və mühəndis-kommunikasiya sistemlərinin tikintisi işləri yer alır.

“Rabitəinşaat” ASC 2004-cü ildə yaradılıb, nizamnamə kapitalı 4 000 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Yelmar İskəndərov Əmirxan oğludur. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Təbriz, Ev 227c ünvanında yerləşir.

Siyahıda növbəti yeri 7 şirkət öz aralarında bölüşür. Belə ki, həmin şirkətlərin hər biri 3 tenderin qalibi seçilib.

Üç tender udan şirkətlər bunlardır: “Azəraqrartikinti” ASC (51,5 milyon manat), “Minera” MMC (46,4 milyon manat), “Zeytun Pharmaceuticals” MMC (40,4 milyon manat), “Zn Trade” MMC (35,2 milyon manat) və “Azəri-Med” QSC (67,0 milyon manat).


Geri qayıt