Əsas Səhifə > Manşet / Ölkə > “Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir

“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir


Bu gün, 11:44

Əmr böyük yerdən olduğuna görə QHT Agentliyi böyük məbləğdə müsabiqədənkənar qrantlar verir

Adam var ki, 3 QHT-nin sədri olub. İndi birinə qardaşının, birinə qayınatasının adını yazıb

Bir tərəfdən Vətəndaş Cəmiyyəti üçün ayrılan milyonlar istədikləri kimi xərcləyib mənimsəyirlər, digər tərəfdən də QHT sektorunun illərlə formalaşmış prioritetlərini məhv edirlər

Ötən günlərdə QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı "QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası -ŞOK FAKTLAR""QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -QHT sədri ŞOK FAKTLAR AÇIQLADI" sərlövhəli yazılarımız rəsmi dairələrdə və ictimai arenada maraqlı reaksiyalara səbəb oldu və olmaqdadır.

Doğrusu, yazıların bu qədər rezonans doğuracağını , çoxlu sayda zənglərin olacağını, QHT Agentliyindən layihə alıb da, hazırda icra edənlərin belə maraqlarına səbəb olaraq, Yenixeber.org-a yeni məlumatlar ötürəcəklərini gözləmirdik. Məlum aktuallığını nəzərə alıb, mövzunu “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təsisçisi, “Şəhid Ailələri, Qazilər Mərkəzi”nin rəhbəri Mətanət Əsgərqızı ilə davam etdiririk:

Dövlətə bundan böyük xəyanət olar?

Mətanət xanım, son günlər QHT-lərə Dövlət Dəstəyi Agentliyində yaşananlar məlum özəlliyi ilə diqqətdən yayınmır... Siz necə düşünürsünüz, bu sektordakı yumşaq desə xoşagəlməz gəlişmələr hansı səsbəblərdən qaynaqlanır?

Bütün qurumlarda demək olar ki, məmur özbaşınalıqları, rüşvət, korrupsiya faktları var. Yəni bunlar Azərbaycan gerçəkliyidir. İstər QHT-lərə Dövlət Dəstəyi Şurasının, istərsə də QHT Agentliyinin ilkin dövründə müəyyən neqativ hallar var idi. Amma iş orasındadır ki, möhkəm vətəndaş həmrəyliyi, QHT sektorunun canlanması da vardı. Bu proseslərdə, istər COVİD19 pandemiyası, istərsə də 44 günlük Vətən Müharibəsi zamanında QHT sektorunun fəallığı özünü qabarıq göstərdi. İndi heç kəs bunu dana bilməz. Bu gün hansısa neqativ hallara görə, istər medal satmaq, istərsə də şəxsi həyatla bağlı QHT-lərin üzərinə gedilməsi, belə halların bilərəkdən müəyyən dairələrə ötürülməsi sanki səlib yürüşünü xatırladır. İş orasındadır ki, zamanla hansısa hadisələr lap sektorun içində əriyib gedirdi. İndi isə bunlar zaman-zaman Ali Rəhbərliyə ötürülür. Bu medal məsələsini bu qədər şişirtməyə dəyərdimi? Əgər yuxarıdan çağırıb qadağa qoyulsaydı, bu hallar baş verməzdi. Halbuki inanmıram yuxarının icazəsi, razılığı olmadan bu fəaliyyətləri kimsə özbaşına həyata keçirsin. QHT Agentliyində baş verən neqativ hallar, korrupsiya əməllərini ictimailəşdirdiyimizə görə bizim adımızı Ədliyyə Nazirliyinə verib, dövlət reyestrindən çıxarışımızın verilməməsini bərk-bərk tapşıranlar elə saxta medala da eyni münasibəti bəsləyərdilər. Vaxtında tədbir görməyib mətbuata, TV-lərə sifariş verib, ardıcıl süjetlər hazırladanlar təkcə Vətəndaş Cəmiyyətini deyil, eyni zamanda ölkəni gözdən salırlar. Əslində bu proses son iki ildə daha surətlə davam edir ... Milli, dövlətə sadiq, təcrübəli şəxslərin sektordan uzaqlaşdırılması məqsədli şəkildə aparılır. Dövlətə bundan böyük xəyanət olarmı? Budur dövlət maraqlarına, Prezidentə sadiqlik?

İndi daha çox ictimai sektorun sağlam qüvvələrə ehtiyac var.

Siz də daxil, müəyyən QHT rəhbərləri ilə bağlı sanki bir ayrı-seçkilik müşahidə olunmaqdadır...

Bir qrup QHT yaratdılar, ötən dəfə qeyd etdiyim kimi, öz çevrələri, o makiyajlı qadınlar, Vətəndaş Cəmiyyətinin nə olduğundan xəbəri olmayan insanlardılar ki, bu sektora nə aidiyyətləri var, nə də illərdir qocaman təşkilatlar kimi müəyyən proseslərdən keçməyiblər. Qeyd etdiyim kimi əgər bu gün ictimai sektora töhfə verən təşkilatların sənədləri verilmirsə, kənarda saxlanılırlarsa, biz necə deyə bilərik ki, ölkədə demokratiya, vətəndaşın hüquq və azadlıqları var. İctimai xadimlər, aparıcı qüvvələr müxtəlif yollarla şərlənib sıradan çıxarılırlırsa, qərəzli olaraq bu sektoru gözdən salırlarsa, deməli, burada çirkin, qorxunc məqsədlər var. Kim deyir ki, artıq ölkəyə Vətəndaş Cəmiyyəti lazım deyil. Dünyada müəyyən proseslər gedir. İndi daha çox ictimai sektorun sağlam qüvvələrə ehtiyac var. Bilirik ki, cənab Prezidentə özlərinə sərf edən məlumatlar ötürürlər. Müəyyən qrup vətəndaş cəmiyyət nümayəndələrini “dövlətin düşməni” damğası vurmaqla gözdən salırlar. Əslində elə dövlətin düşməni bu oyunları quranlardılar. Prezident deyir İctimai Nəzarət ləng gedir, gücləndirin, bunlar, məhz korrupsiya və digər oyunları quranları ifşa etdiyimizə görə bizlərə qarşı ən naqis hərəkətlərə əl atırlar.

... “bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə necə olur dövlət təltifləri verilir.

Necə düşünürsünüz, baş verənlər bir özfəaliyyətdir, yoxsa hansısa mənbənin düşünülmüş "Atla gedişi"?

Ən maraqlısı Ümummilli lider Heydər Əliyev, cənab Prezident İlham Əliyev və ailə üzvləri haqqında hədyanlar yağdıranlara qarşı heç bir addım atılmamısıdır. Həmin şəxslər ən üst məqamlara, məclislərinin başına keçirilirlər. Lakin bunların haqqında fakt ortaya qoyan, korrupsiya oyunlarını ifşa edən şəxsləri hədəf götürüb, troll qruplarını işə salırlar, özləri sanki toxunulmazdılar. Nəticədə İctimai Nəzarəti həyata keçirən şəxslərin ailə üzvləri ilə də təhdid etməkdən çəkinmirlər.

Müxtəlif yönümlü şəxslər var, bir vaxtlar “bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə necə olur dövlət təltifləri verilir? Bu proses dövlətə xəyanət deyil? Kimin kibiri, kimin kini, səlahiyyət və vəzifə hərisliyindən istifadə edərək bu sektoru məhv etmək yolunu tutubsa, nəhayət ifşa olunmalıdılar. Prezidentin ətrafında ona sadiq xeyli sayda məmur var. Vətəndaş Cəmiyyətinin məhv olunması barədə, araşdırma apararaq ona təcili məlumat verməlidirlər. Baş verən hadisələr heç də sıradan deyil. Guya tədbirlər, görüşlər keçirilir. Bunlar yalnız maliyyənin silinməsi üçün hesabatlardır. Yaşlı QHT sədrlərini yığıb, kiməsə yumurta atmaq heç də fəaliyyət deyil. Əgər Cənab Prezidenti inandırıblarsa ki, bu ölkəyə ciddi Vətəndaş Cəmiyyəti deyil, yalnız əl oyuncağı QHT-lər lazımdır və nə deyilsə onunla oturub-dursunlar, o zaman belə fəaliyyətlər ölkəni fəlakətə aparıb çıxarar. Xaricdən təhdidlər, hücumlar olarsa, kim zəmanət verər ki, elələri həmin dairələrin sifarişlərini yerinə yetirməyəcək??? Vəziyyəti analiz edin, artıq mediada müxtəlif nazirlər, deputatlar haqqında qaralayıcı yazılar gedir. Müstəqil saytlar bunu versə, anlayaram. Amma hakimiyyət yönümlü media müəyyən məsələləri qabardırsa, fikirlərimdə yanılmadığıma sübutdur: “Sənə qrant ayırıram, dediklərimi icra et, yaz!”...

...arxadan zərbə vurmaq üçün münbit şərait gözləyirlər...

Layihələrin icrası ilə də bağlı birmənalı fikir yoxdur...

Ən narahatedici faktlardan biri budur ki, Vətəndaş Cəmiyyəti üçün ayrılan milyonlar istədikləri kimi xərcləyib mənimsəyirlərsə, digər tərəfdən də QHT sektorunun illərlə formalaşmış prioritetlərini məhv edirlər. İnsanlar layihənin əsirinə çevrilməməlidirlər. Baxın, demək olar ki, 70 faiz media nümayəndələrinə QHT açılıb. Kim ildə bir dəfə layihə qrantı və səfər qrantından qaçar? Yadıma düşmüşkən, səfər qrantları ilə bağlı da hesabatlılıq yoxdur. Kimə verirlər, xaricdə hansı fəaliyyətlər icra olunur??? Yadımdadır, xaricdə bir layihə icra olunmuşdu. Əlikram Hümbətovun bir nömrəli adamını gətirib başda oturtmuşdular... Belə adamları təmizə çıxarıb, guya “peşmandır” fikri formalaşdırılır. Bunlar nə qədər ziyanlı, qorxuncdur, təsəvvür edə bilməzsiz. Elə şəxslər bu dövlətə qarşı nə fikirlərini, nə də düşmənçiliklərini əldən verməzlər. Sadəcə arxadan zərbə vurmaq üçün münbit şərait gözləyirlər.

QHT Agentliyinə ilk növbədə şəffaflıq gətirilməlidir

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin fəalliyyətini nə dərəcədə şəffaf hesab etmək olar?

İstər dövlət qurumu olsun, istərsə də ictimai təsisat, onların fəaliyyətində ən vacib prinsip şəffaflıq, açıqlıq və hesabatlılıq olmalıdır. Deməzdim buna çoxları əməl etmir. Xeyir, kifayət qədər qurum var ki, öz fəaliyyətində hesabatlılığa üstünlük verir.

Demokratik cəmiyyətlərdə şəffaflıq, hesabatlılıq və s. prinsipləri təbliğ edənlər əsasən QHT-lər olur. Bizdə QHT-ləri elə vəziyəttə salıblar ki, kimdən şəffaflıq tələb etsin?

Dünənə qədər çörək kəsib qardaş dediklərini satanlar, bu gün qrant aldıqları QHT Agentliyindən şəffaflıqmı tələb edəcəklər? Təbii ki, heç buna cəsarətləri də çatmayacaq.

Təkcə elə bu yanaşma bizim vətəndaş cəmiyyətimiz haqqında ilkin təsəvvür yaradır.

Deyəcəyim fikirlərə və iradlara görə media vasitəsilə mənə hücumların olacağını bilirəm. Amma bu gün biz sözümüzü deməsək, cəmiyyətdə hansı ədalət prinsiplərindən danışmaq olacaq?

Fikrimi bir qədər konkretləşdirərək QHT Agentliyində şəffaflığın necə və hansı hallarda pozulduğunu qeyd edəcəm.

1.QHT Agentliyinin rəsmi saytında axtarsam da illər üzrə nə proqram, nə də maliyyə hesabatlarını tapa bilmədim. Əksər dövlət qurumlarının maliyyə hesabatları, illik audit hesabatları, Hesablama Palatasının yoxlamasının nəticələri və s. saytda yerləşdirirlər. Hətta şəffaflıq üçün bəzi qurumlar hansı tədbirə hansı həcmdə pul xərclədiyini də açıqlayırlar.

2. QHT Agentliyinin qrant müsabiqəsinin qaliblərinin adları açıqlanarkən onların rəhbərlərinin adlarının gizlədilməsi. Əslində mən bunun səbəbini çox gözəl bilirəm. Siyahılarda elə QHT adları var ki, ötən dəfə adı başqa idi, bu dəfə adını dəyişib. Adam var ki, 3 QHT-nin sədri olub. İndi birinə qardaşının, birinə qayınatasının adını yazıb. Onları siyahıda təqdim edəndə, tanıyanlar həmin adları mediada ifşa edə bilər. Belə təhlükələr var. Sonuncu müsabiqədə bir ailənin 2 üzvünün, satın alınmış ölü QHT-lərin qrant alma halları var. Belə olan halda adların açıqlanmamasını gözəl anlayıram.

3. Müsabiqədənkənar qrantların verilməsi. Qrant haqqında Qanuna görə qrant müsabiqəsiz verilə bilməz. Elə birinci qanun pozuntusu buradan başlayır. Amma əmr böyük yerdən olduğuna görə QHT Agentliyi böyük məbləğdə müsabiqədənkənar qrantlar verir. Onların adları və ayrılan məbləğlər gizli saxlanılır.

4. Səfər qrantları. Bu qrantlar da hansı QHT-lərə və hansı məbləğdə, hansı tədbirdə iştirak üçün verilirsə, onlar da gizli saxlanılır.

Sadalıqca siyahı böyüyür. Amma QHT sektorunda olan yoldaşların çoxu bunları məndən də gözəl bilirlər. Sadəcə 8-9 minlik qranta görə susmaq lazımdır.

Yenixeber.org


Geri qayıt