Əsas Səhifə > Manşet / Hadisə > `BİR-Link`: KEYFİYYƏTSİZLİYƏ KEÇİD...

`BİR-Link`: KEYFİYYƏTSİZLİYƏ KEÇİD...


Bu gün, 10:21

"BirLink" bir bəladır! Abunəçinin xəbəri olmadan balasından pulu “oğulamaqları” az imiş kimi, kabel televiziyasının yayımını belə qanunsuz olaraq dayandırırlar...
Bakıda "BirLink" adı ilə fəaliyyət göstərən internet provayderi abonentləri təngə gətirib. Dünyanın texnoloji inkişaf dövründə bu internet şirkəti özünü ibtidai icma quruluşunda hiss edir. Yəni dünya hibrid avtomobillər, yüksək internet sürəti olan dönəmin dalğasına qoşulub, "BirLink" adlı provayder isə kustar üsullarla işləyir. Belə ki, abonentlər bərbad internet xidmətindən cana doyub. Bu barədə "DİA-AZ" Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yeni yaşayış massivi ünvanında yaşayan abonentlərdən biri olan jurnalist Elton Hacıyev şikayət edib.
Onun sözlərinə görə, adıçəkilən provayderin internet xidməti bərbaddır. Yəni nə sürət var, bu azmış kimi, 24 saat kabel tv-nin yayımını kəsib, "BirLink"ə zəng olunanda ya cavab verilmir, ya da yola verilir. Bu da özbaşınalıq faktıdır. Çünki "BirLink" abunəçilərdən vaxtında ödəniş tələb edir. Kim bir gün gecikdirəndə, dərhal internet kəsilir. Belə çıxır ki, pulu almağa gələndə mükəmməl idarəçilik var, amma internet yayımına çatanda fəlakətdir. Bu barədə E.Hacıyev bildirib ki, "BirLink" şikayətləri qulaqardı edir. Onun sözlərinə görə, vətəndaşların şikayətinə baxılmır. Jurnalist deyib ki, 24 saat artıq kabel tv-siz qalıb, maddi baxımdan balansda olan məbləğini itməsini, zəng edib problemin səbəbini soruşmaq istəyəndə isə normal şəkildə cavab verilmir. Ümumiyyətlə, bu hallar çoxdur və şirkət işini görə bilmir. Azərbaycanda ENİGENT şirkətinə məxsus olan BİRlink internet provayderi abonentlərin başına bəla olub. Öz xidmətini telekommunikasiya sahəsində əsl inqilab adlandıran şirkətin deyəsən xəbəri yoxdur ki, göstərdikləri fəaliyyət inqilab deyil, fəlakətdir, rüsvayçılıqdır, abonentlərin əsəblərini tarıma çəkməkdir. İndi hansı dövrdür ki, internet verilişində günlərlə, saatlarla fasilə yaransın? İndi Avropada, qonşu ölkələrdə, hətta bəyənmədiyimiz İranda belə internet sürətli, keyfiyyətli və azad zonalarda vətəndaşlara paylanan bir şəbəkədir. Amma BİRlink xidməti internetin, texnologiyanın hər saniyə sürətlə inkişaf etdiyi bir vaxtda sürünür, abonentlərə normal xidmət göstərmir. Əgər araşdırsaq, Əfqanıstanın Qəndahar bölgəsində belə internetin yayımı sürətlidir, lakin Bakının Badamdar qəsəbəsində Birlinkin bərbad xidməti ucbatından mənzillərdə normal internet verilmir.

Geri qayıt