Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > İxtisar bəhanəsi ilə OYUNBAZLIQ...

İxtisar bəhanəsi ilə OYUNBAZLIQ...


Bu gün, 11:55

"DoğruXeber.tv" redaksiyasına daxil olan məlumata görə, 44 günlük Vətən müharibəsinin qazisi Mirzəyev Zaur Müslüm oğlu Prezidentə, dövlət qurumlarına və Elm və Təhsil Nazirliyinə müraciət edərək ailəsinə qarşı edilən ədalətsizliyi dilə gətirib. Onun sözlərinə görə, həyat yoldaşı Şükürova Rəvanə Kəramət qızı Xocalı şəhər 5 nömrəli tam orta məktəbdə katibə vəzifəsində çalışarkən, 2025-ci ilin avqust ayının 27-də Goranboy rayon təhsil sektorunun müdiri Rizvan Ələsgərov tərəfindən işdən ixtisar adı ilə uzaqlaşdırılıb.
Bu addım təkcə bir iş yeri itkisi deyil, həm də dövlətin adına, qazilərə verilən dəyərə kölgə salan bir hörmətsizlikdir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, şəhid ailələri və qazilər hər zaman dövlətin diqqət mərkəzindədir. Lakin göründüyü kimi, bəzi məmurlar bu siyasəti bilərəkdən görməzdən gəlir, şəxsi maraqlarını dövlət maraqlarından üstün tuturlar.

Goranboy rayon təhsil sektorunun müdiri Rizvan Ələsgərovun atdığı addım birbaşa qazi ailəsinə qarşı hörmətsizlikdir. İxtisar bəhanəsi ilə qazi xanımını işdən çıxarmaq, əslində, dövlətin şəhid və qazilərə göstərdiyi qayğını gözdən salmaqdır. Daha acınacaqlısı isə odur ki, Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov bu məsələyə göz yumaraq, sanki baş verənləri təsdiqləyir. Əgər bölgədə açıq-aşkar haqsızlıq baş verirsə və rəhbər buna reaksiya vermirsə, deməli, idarəçilikdə ciddi problemlər mövcuddur.



Ən böyük məsuliyyət isə Elm və Təhsil naziri Emin Əmrullayevin üzərinə düşür. Nazir illərdir “təhsil islahatlarından” danışır, amma onun rəhbərliyi altında qazi ailəsi işsiz qoyulur. Bu, nazirin siyasətini ifşa edən nümunədir. Əgər bir nazir öz tabeliyindəki məmurların qaziyə qarşı bu cür ədalətsizlik etməsinə göz yumursa, bu, artıq şəxsi məsələ deyil – dövlət siyasətinə qarşı açıq hörmətsizlikdir.

Qazi Mirzəyev Zaur müraciətində bildirib ki, o, hazırda yalnız 380 manat müavinətlə ailəsini dolandırır. Böyük övladı 9-cu, kiçik övladı isə 8-ci sinifdə oxuyur. Həyat yoldaşının işdən çıxarılması isə onların sosial vəziyyətini daha da ağırlaşdırıb. Bu, dövlətin qazilərə göstərdiyi qayğıya zidd olmaqla yanaşı, onların həyat şəraitini dözülməz həddə çatdırır.

"DoğruXeber.tv"


Geri qayıt