Bakının Suraxanı rayonu, Yeni Günəşli ərazisində yerləşən "Sahil - S İnşaat" MTK-ya məxsus binanın sakinlərindən Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb. Müraciətdə deyilir:
"Hörmətli Mehriban xanım, bizim binanın problemlərinin həllində həmişə köməyiniz, dəstəyiniz olub. Məhz bu himayəniz və nəzarətiniz altında bir sıra çətinliklər yoluna qoyulub. Onlardan biri də binanın su təminatının həll olunmasıdır. Biz məsələ bağlı dəfələrlə Dövlət Su Ehtiyatları Agentliyinə müraciət ünvanlamışdıq. Lakin iş aylarla uzandı. Sizin nəzarətiniz altında nəhayət binaya su verildi. Bu dəfə isə sayğaclar qoyulmamışdı. Dövlət Su Ehtiyatları Agentliyinə etdiyimiz müraciətlərə gec cavab verildi və axır ki, aylar sonra sayğaclar da qoyuldu. İndi isə sakinlərin yığılan su pulu borcunu ödəmək mümkün olmur. Yəni 6 aydır ki, borclar üst-üstə yığılır, amma ödənişi gəlib alan yoxdur. Biz anlaya bilmirik ki, agentliyin Suraxanı rayon idarəsinin əməkdaşları nə üçün sayğaclara baxmırlar, sakinlərdən aylıq su borcunu almırlar. Axı bu gedişlə külli miqdarda borc yığılacaq, sonra ödəmək çətinləşəcək. Ona görə hər ay mənzillərə qəbz vermək və ödəniş tələb etmək lazımdır. Bu, bizim vətəndaş və abonent kimi məsuliyyətimizdən irəli gəlir. Biz istəyirik ki, hər şey qaydasında və normal olsun. Amma Dövlət Su Ehtiyatları Agentliyi, onun tabeliyində olan "Azərsu" heç bir tədbir görmür. Bizim istəyimiz çox sadədir, mənzillərin su pulu borcu yığılsın. Nə üçün sayğaclar qoyulandan sonra mənzillərin qeydiyyatı aparılmayıb? Niyə abonentlərin borcu hesablanmır? Ölkənin hər yerində olduğu kimi, bizdə də borc yazılmalı, qəbz verilməli, ödəniş həyata keçirilməlidir. Əgər sayğac varsa, deməli, hesablamaq mümkündür. Mənzillərin nömrələri, sakinlərin ad-soyadları bəlli, burada çətinlik nədədir? Amma göründüyü kimi, əvvəlcə su verilməsi, sonra sayğacları quraşdırmağa görə agentlik bizi xeyli süründürdü, indi də 6 aydır ki, su pulu borcu üst-üstə yığılır. Hörmətli Mehriban xanım, biz məsuliyyətli vətəndaşlar olaraq su pulunu ödəmək istəyirik. Bu, həm suyun ödənişsiz istifadəsi deməkdir, həm də yığılan borclar bizim üçün gələcəkdə ciddi yük olacaq. Üstəlik, Zaur Mikayılov özü dedi ki, şirin su ehtiyatları azalır. Ona görə də dövlətin bizə verdiyi su təminatı boşuna istifadə edilə bilməz. Ona görə sakinlər olaraq Sizdən bu məsələnin həllində köməklik göstərməyinizi xahiş edirik. Bizim istəyimiz qeyri-adi bir məsələ deyil, Zaur Mikayılovun tapşırığı əsasında dərhal həllini tapa bilər. Yəni idarənin əməkdaşı gəlib su pulunu hesablayır və yığır. İnanırıq ki, bizə qısa zamanda kömək edəcəksiniz və dövlətə olan su pulu borcumuzu ödəyəcəyik".
Anxeber.az
Geri qayıt
|