Əsas Səhifə > Manşet / Cəmiyyət > Naxçıvan Dövlət Universiteti rəhybərliyinə RÜŞVƏT İTTİHAMI
Naxçıvan Dövlət Universiteti rəhybərliyinə RÜŞVƏT İTTİHAMIBu gün, 10:42 |
Universitet müəllimi Aysel Quliyevaya qarşı sifarişli cinayət işi bağlandıqdan sonra o, eyni ittihamla yenidən məhkəməyə verilib. Ötən cinayət işində uduzan universitet rəhbərliyi bu dəfə məhkəməni rüşvətlə ələ alıb, müəllimi cəzalandırmaq istəyir. Bu haqda „Gündəlik Naxçıvan“a məhkəmədəki mənbə məlumat verib. Mənbənin sözlərinə görə, universitetin məhkəməyə təklif etdiyi rüşvət 20 min manat dəyərindədir.
Bir müddət öncə Naxçıvan Dövlət Universitetinin rəhbərliyi müəllim Aysel Quliyevanı demədiyi sözə görə məhkəməyə vermişdi. Naxçıvan şəhər Məhkəməsinin iki hakimi işə baxmaqdan imtina etdikləri üçün şikayət icraata götürülməmişdi. Eyni məzmunlu yeni şikayət əvvəlki işdən imtina etmiş hakimlərdən biri Aslan Heydərova həvalə olunub.
Mənbənin bildirdiyinə görə, rüşvəti məhkəmənin baş hakiminə Universitet rəhbərliyi adından vəkil Vüsal Həsənov təklif edib:
“Dekan müavini Abbas Əhmədovun tələbələri döyməsi, bundan sonra döyülən tələbələri müdafiə edən müəllim Aysel Quliyevanın işdən qovulması məsələsi ictimailəşdikdən sonra rəhbərlikdən tələb olunub ki, ya müavin işdən qovulmalıdır, ya da haqlı olduğunuzu sübut etməlisiniz. Bu səbəbdən rəhbərlik günahsız müəlliməni məhkəməyə vermişdi. Bu şikayət absurd olduğundan, hakimlər işə baxmaqdan imtina etmişdilər. Rəhbərlik isə, müavinin işdə qalmasını istəyir. Çünki, Abbas müəllim onların rüşvət yığanlarından biridir və rəhbərliyin bütün çirkli işlərindən xəbərdardır.
Bu iş onlar üçün ölüm-qalım məsələsi olduğundan, eyni ittihamla yenidən məhkəməyə müraciət ediblər. Bu dəfə şikayəti təqdim edən vəkil Vüsal Həsənov baş hakim Gülnar Səfərəliyevaya vermək üçün özü ilə 20 min manat rüşvət də gətirmişdi. Baş hakimin pulu götürüb-götürməməsi ilə bağlı məlumatımız yoxdur. Lakin, Naxçıvana yeni gəlmiş, işə baxacaq hakim Aslan Heydərovun rüşvət işinə qarışacağına inanmırıq. Yəqin ki, universitet işi baş hakimlə həll etmək istəcək.”
Xatırladaq ki, məhkəməyə rüşvət verməkdə ittiham olunan Vüsal Həsənov Naxçıvan Vəkillər Kollegiyasının sədridir.
Təxminən bir ay öncə səhifəmiz NDU Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin bir qrup tələbəsinin müraciətini yaymışdı. Müraciətdə dekan müanivi Abbas Əhmədovun tələbələri döydüyü, təhqir etdiyi bildirilirdi. Tələbələr, universitet rəhbərliyinin aqressiv dekanı cazalandırmaq yerinə, onları müdafiə edən müəllim Aysel Quliyevanı işdən çıxardığını bildirmişdilər.
Abbas Əhmədov tələbələrin bu müraciətini əsas gətirərək, məhkəməyə şikayət etmişdi. Şikayət olunan şəxsin- Aysel Quliyevanın isə, müraciətin yayılması ilə heç bir əlaqəsi yoxdur. Buna baxmayaraq, Naxçıvan şəhər Məhkəməsinin hakimi Gülsüm Əliyeva dekan müavininin şikayətini qəbul etmişdi. Məsələ ictimailəşdikdən sonra hakimin bu hərəkəti ciddi ictimai qınağa səbəb olmuşdu. Bu qınağı nəzərə alan hakim, elə ilk iclasdaca işə baxmaqdan imtina etmişdi. Bundan sonra iş Bakıdan yeni təyin olunmuş hakim Aslan Heydərova həvalə olunmuşdu. O isə, bu şikayəti icraata götürməkdən imtina edərək, işə xitam vermişdi.
Geri qayıt |