Əsas Səhifə > Manşet / Hadisə > "İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..."
"İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır..."Bu gün, 09:30 |
Sumqayıt şəhər sakini Verdiyev Alik Vəkil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Ədliyyə Nazirliyindən şikayət edən A.Verdiyevin müraciətini olduğu kimi dərc edirik: “Mən, Verdiyev Alik Vəkil oğlu, yazaraq bildirirəm ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonda yerləşən 4 otaqlı evimiz 30 ildir qaçqınlar tərəfindən mənimsənilib. Məhkəmə qərarı olmasına baxmayaraq, evdən çıxmırlar. Ədliyyə Nazirliyinin İcra Probasiya şöbəsi məhkəmə qərarını icra etmir. İcra məmuru Mirelnur Musəvi açıq şəkildə işimizə baxmır. “Qaçqınkom”a da müraciət etmişik. Onlar evimdə məskunlaşan qaçqına ev təklif etdilər, lakin yenə də evimdən çıxmırlar. Sumqayıt Şəhər İcra Hakimiyyətinə də məsləni izah etmişəm. İcra başçısı Zakir Fərəcov tapşırıq verdi ki, vətəndaşın evini bir həftəyə boşaldın. Lakin İcra şöbəsi hansısa maraqlarına görə şikayətə baxmır. İcra məmuru “gedin şikayətinizi kimə istəyirsiz deyin”, - bildirir. İcra məmurunun özü də qaçqındır, məhz bu kimi səbəblərdən də onlara kömək etdiyini düşünürəm. Əlbəttə, başqa maddi maraqlarının olduğu da danılmazdır. Ümumiyyətlə, icra məmurları demək olar ki, məhkəmə qərarını veclərinə almırlar. Evimi zəbt edən, öz evimdən çıxmaq üçün mənə şərt qoşan qaçqının səs yazısını da sizə göndərirəm. Baxın, görün bu qadın bu qədər cəsarəti hardan alır?! Evimdən çıxmaq üçün məndən külli miqdarda - 20 min manat pul istəyir. “Yoxsa çıxmıram” deyir. Mən sizin sayt vasitəsilə bütün səlahiyyətli qurumlardan xahiş edirəm, evimin boşaldılaraq mənə verilməsinə kömək edin. Torpaqlarımız işğal altında olduğu üçün indiyədək susdum, ayıb bildim. Amma artıq dözə bilmirəm. Mənim də ailəm var, əziyyətlə aldığım mülkü nəyə görə kimsə mənimsəməlidir?! Qaçqın statusu var deyə yerli sakinlərin hər şeyini mənimsəmək olmaz. Hörmətli Ədliyyə naziri Fərid Əhmədov! Təəssüflə qeyd edirəm ki, icra məmurları biz vətəndaşların haqqını tələb etmir, öz maraqları üçün yaşayırlar. Sizin bu olanları görməyiniz üçün biz nə etməliyik? Nə qədər haqsızlığa boyun əyək? Əlimdə olan səs yazılarını sizə təqdim etməyə hazıram”. P.S. Təəssüflə qeyd edirik ki, Ədliyyə Nazirliyinə edilən müraciətlər cavabsız qalır. Qurumun mətbuat xidməti isə, şikayətləri ancaq qaynar xəttə və yaxud da işləməyən e-mail ünvanına yönləndirir. Maraqlıdır, mətbuatın suallarını cavablandırmayan mətbuat xidmətinin işçilərinə görə niyə büdcəyə ziyan dəyməlidir?! Mətbuat xidməti “quru maket” kimi fəaliyyətini davam etdirəcəksə, nəyə gərəkdir?! SƏS YAZISI BURADA... DİNLƏMƏK ÜÇÜN TIKLAYIN... Geri qayıt |