Əsas Səhifə > Manşet / Güney Press > “İrşad Electronics” satdığı zay məhsulu başqasının adına rəsmiləşdirib

“İrşad Electronics” satdığı zay məhsulu başqasının adına rəsmiləşdirib


Bu gün, 14:48

Bərdə rayon sakini Ə. Mehdiyeva (ad şərtidir) "İrşad" Mağazasından şikayətçidir…

Şikayətçi bildirir ki, “İrşad Electronics” şirkətinin Bərdə filialı ona xarab məhsul satıb, üstəlik nağd pula alınan həmin məhsul başqa şəxsin adına rəsmiləşdirilib.

"Bu ilin may ayının 5-də “İrşad”ın Bərdə filialından nağd pula "Toube" markalı tozsoran almışam. Təxminən 4-5 gün sonra tozsoranın işləyərkən qızdığını və söndüyünü müşahidə etdim. Tozsoranı aldığım filiala gətirdim. Burada mənə tozsoranın bu filialdan almadığımı dedilər. Xeyli davam edən mübahisədən sonra əməkdaşlardan biri komputerə baxaraq aldığım tarixdə tozsoranın mənim yox, başqa adamın adına rəsmiləşdirildiyini bildirdilər. Deməli mənim nağd pula aldığım tozsoranın əvvəlcədən xarab olduğunu İrşad-ın işçiləri bilib, ona görə də xarab malı mənə sataraq başqa adamın adına rəsmiləşdiriblər ki, sonradan məhsulun xarab olduğu üzə çıxanda mən malı onlara geri qaytara bilməyim", deyə şikayətçi bildirib.

Şikayətçi qeyd edir ki, “İrşad”ın qaynar xəttinə - *0171 nömrəsinə zəng etdikdən sonra şirkət tozsoranı təmir üçün məndən təhvil alıb.

"10-15 gün sonra mənə dedilər ki məhsulunuz hazırdır. “İrşad”ın Bərdə filialına yaxınlaşım. Filiala mənə bildirdilər ki, tozsoranın filtri xarabdır və bunun da düzəldilməsi bizlik deyil. Mən ciddi etiraz etdim, tozsoranı qəbul etmədim. Yenidən *0171-ə zəng edərək şikayət etdim. Lakin hələ də mənim tozsoranımdan heç bir xəbər yoxdur. “İrşad Electronics” şirkətinin operatoru isə zənglərimizə formal cavab verirlər", deyə şikayətçi qeyd edib.

Vətəndaş həmçinin “İrşad Electronics” tərəfindən pozulan hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi müraciət edəcəyini bildirir.

Qeyd edək ki, şikayətlə bağlı “İrşad Electronics”ə sorğu ilə müraciət etmişik. Sorğumuza cavab verilən kimi qarşı tərəfin mövqeyini dərc edəcəyik.

Poliqon.info


Geri qayıt