"DogruXeber.az" olaraq, son günlər Quba-Xaçmaz Regional Təhsil İdarəsinin fəaliyyətinə dair daxil olan şikayətlər və ictimai müzakirələr diqqətimizi cəlb etdi. Araşdırmalarımız göstərir ki, idarə rəhbəri Coşqun Əliyev, təhsil sahəsində idarəetmə qərarlarını çox vaxt sosial və pedaqoji reallıqları nəzərə almadan verir.
İddialara görə, Hacı Nuranın kurasiyasında olduğu deyilən Coşqun Əliyev, sanki “axşam yatıb yuxuda gördüyünü səhər təhsil müəssisəsində həyata keçirmək” modelini işə salır. Bu dəfə isə, mərhum akademik Zərifə Əliyevanın adını daşıyan 8 nömrəli məktəbin 22-dən artıq ibtidai sinfi və yuxarı sinifləri 1 və 3 nömrəli məktəblərə köçürmə planı ilə gündəmə gəlib.
Bu qərarın hazırlanma prosesində valideynlərin, müəllimlərin və şagirdlərin maddi-mənəvi maraqlarının, logistika problemlərinin və psixoloji uyğunlaşma məsələlərinin nəzərə alınmaması ciddi narazılıq doğurdu. Hələ üstəlik, qərar barədə məlumat alan 8 nömrəli məktəbin bir neçə ibtidai sinif müəllimi "DogruXeber.az" redaksiyası ilə telefon əlaqəsinə çıxaraq, açıq şəkildə kömək istədi. Onlar bildirirdilər ki, bu dəyişiklik həm tədris keyfiyyətinə, həm də müəllimlərin gələcək iş imkanlarına ciddi zərbə vuracaq.
Atalar demiş, “Sən saydığını say, gör fələk nə sayır.” Nəticədə, ictimai təzyiq və sərt reaksiyalar fonunda bu plan dayandırıldı. Amma artıq yanğının tüstüsü Bakıya qədər çatmışdı.
"DogruXeber.az" araşdırmasının gedişində məlum oldu ki, bu, Coşqun Əliyevin ilk uğursuz qərarı deyil. Elm və Təhsil naziri Emin Amrullayevin də keçmişdə vaxtsız və hazırlıqsız qərarlar verib sonra geri addım atması ilə oxşar paralellər çəkmək mümkündür. Məsələn, liseylərə qəbul qaydaları ilə bağlı vaxtsız verilmiş qərar, ictimai qınaq nəticəsində qısa müddətdə dəyişdirilmişdi. Bu təcrübəsizlik və plansızlıq, təhsil sahəsini elmi yanaşmadan çox, gündəlik emosional idarəetmə səviyyəsinə endirir.
Maraqlıdır ki, məsələ ictimaiyyətə çatdıqdan sonra, Coşqun Əliyev və müavini Pərvin Ağasiyev geri addım ataraq valideynlərin və müəllimlərin narazılığını azaltmağa çalışdılar. Lakin, bu addımlar da yalnız yaranmış qalmaqalın qarşısını almağa yönəldi, köklü problemin həllinə yox. Bundan əlavə, bəzi məktəb direktorlarının uzaq məktəblərə “rotasiya” adı altında göndərilməsi, bəzilərinin isə əmək fəaliyyətinə son qoyulacağı ilə hədələnməsi barədə yayılan məlumatlar idarəetmədə şəxsi maraqların və qeyri-şəffaf tapşırıq mexanizmlərinin mövcudluğunu gündəmə gətirir.
Sosial şəbəkələrdə bəzi şəxslərin bu uğursuz idarəçilik nümunələrini “uğur” kimi təqdim etməsi isə ayrıca bir təəssüf mövzusudur. Görünür ki, idarəçiliyin ənənəvi prinsipi hələ də “Utanmasan, oynamağa nə var ki” fəlsəfəsi üzərində qurulub. Nəticə olaraq, təhsil sahəsində qərarlar yalnız yuxu ilhamı ilə deyil, geniş elmi təhlillər, sosial-psixoloji faktorlar və ictimai müzakirələr əsasında qəbul edilməlidir. Əks halda, hər belə səhv, Azərbaycan təhsilinə olan inamı bir pillə də aşağı salır.
Geri qayıt
|