Əsas Səhifə > Manşet / Ölkə > Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ...

Dilçi alim AMEA rəhbərliyini YERLƏ BİR ETDİ...


Dünən, 10:05

"Uzun illər davam edən gərgin elmi zəhmətimin nəticəsi olaraq, ana dilimizin ilk elmi qrammatikasını 178 il sonra yenidən ərsəyə gətirdim. Bu, sadəcə şəxsi nailiyyət deyil, milli-mədəni dəyər idi. Nəticədə, ana dilinə münasibətdə müşahidə olunan qeyri-ciddi münasibətin bir örnəyi ilə qarşılaşdım: əvvəlcə sırf formal təqdirlər, "təbriklər", sonra isə tam laqeydlik. Heç bir əməli dəstək olmadı. Bu, məsuliyyətsizlikdən savayı, hesab edirəm ki, həm də açıq-aşkar lağ və riyakarlığın təzahürüdür..." "DİA-AZ" xəbər verir ki, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov son olaraq AMEA rəhbəri adından Ana Dili Günü ilə bağlı açıqlanan mətnə münasibət bildirərkən qeyd edib.
O daha sonra əlavə edib: "Ana dilinə saxta sevgi nümayişi ilə mövqe tutan riyakarlıq şəbəkəsi ayaq tutub yeriyir. Yenə də köhnə, tanış mənzərə: dardüşüncəlilik, səmimiyyətsizlik, görməmişlik. Düşündürücüdür, lakin paradoks ondan ibarətdir ki, ölkənin elmi və mənəvi yükünü daşımalı olan bəzi çevrələr müftəxorluq müqabilində titul, vəzifə və imtiyazlar əldə edərək milli dəyərləri, o cümlədən dili belə, veclərinə almırlar.
Bu gün dilimiz və onun qaydaları akademik şəbəkənin maraq zəncirinə tuş gəlib zədələnmiş vəziyyətdədir. Dilin elmi əsaslarını, yazı qaydalarını alt-üst edənlər də, onu deformasiyaya uğradanlar da məhz bu qapalı dairənin içində olan, lakin elmi şərəfdən uzaq şəxslərdir.
Ana dili üzərində “təəssübkeşlik teatrı” ilə səhnəyə çıxanlar bir başqa aləmdir.
Bir qədər əvvəl rast gəldiyim deputat paylaşımı bəhs etdiyimiz reallığın başqa bir təzahürüdür. Ana dili gününə həsr etdiyi təntənəli təbrikdə deyilir:
“Dilimiz zəngin fonetik, qrammatik və leksik quruluşa malik olmaqla, əsrlər boyu xalqımızın düşüncə tərzini, həyat tərzini, dünya görüşünü ifadə edib. Bu dil Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və digər böyük söz ustadlarının əsərlərində özünün ən gözəl və ən parlaq ifadəsini tapıb.”
İndi daha yaxşı anlayıram – daha doğrusu, hörmətli deputat sayəsində “öyrəndim” ki, Nizami Gəncəvi "Xəmsə"ni və qəzəllərini Azərbaycan dilində yazıbmış. Bu günəcən dilçilik sahəsində fəaliyyət göstərsəm də, görünür, bu “fakt”dan xəbərsiz qalmışam. Əlavə olaraq, öyrəndim ki, ana dilimiz "Hind-Avropa dillərinə daxildir". Deməli, məni illərlə “dilçi alim” kimi təqdim edənlər sadəcə tərifə basırmışlar. Gerçəkdə isə, mən bu qədər savadsızlıq içindəymişəm.
Görünür, bu ölkədə mənim kimi aylıq 500-600 manat maaşla yaşayan, cinayət yolu ilə özünə gün ağlaya bilməyən alimlər yalnız susaraq müşahidə etməli, deputatların parlaq fikirlərindən ilhamlanmalı və onların maaş artımına dualar etməlidirlər. Axı ölkə elmini, mədəniyyətini, bir sözlə, gələcəyini onlarsız təsəvvür etmək qeyri-mümkündür!
Qoy Allah, elmi əməyin müqabilində həyatını dar imkanlarla davam etdirən alimlərin ruzisindən kəsib əməyə xor baxanların, müftəxorların və uçuruma aparanların maaşına "əlavə" etsin! Və ömrümüz də belələri üçün fəda olsun!
Vassələmu aleykum va rahmətullahi va bərəkətuhu..."

Geri qayıt