İyulun 23-24-də 19 saylı poliklinikadan Akademik M. A. Topçubaşov adına Tibbi-Cərrahiyə Mərkəzinə göndəriş alan bir jurnalistin başına gələnlər bir daha göstərdi ki, Azərbaycanda “icbari tibbi sığorta” yalnız kağız üzərində var. Müalicə və müayinə üçün sığorta bölməsinə yönləndirilən vətəndaş Tibbi Mərkəzdə nə həkim tapa bildi, nə də izahat verən bir məsul şəxs.
Ən acınacaqlısı isə odur ki, Mərkəzin birinci mərtəbəsində yerləşən 27 saylı otaqda xidmət göstərməli olan növbətçi həkim – Aynurə Əliyeva bir neçə gündür otağında yoxdur. Jurnalistin sözlərinə görə, otaqda heç kim olmadığı üçün qonşu otaqdakı tibb bacısına və sığorta bölməsindəki digər əməkdaşa müraciət edib, lakin nəticə dəyişməyib. Məsuliyyətsizlik o yerə çatıb ki, həmin xanım sadəcə “hara istəyirsiniz şikayət edin” deməklə vətəndaşı yola verib.
Qeyd edək ki, bu hadisə ilə tanınmış jurnalist, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas şəxsən özü qarşılaşıb və başına gələnləri öz şəxsi “Facebook” səhifəsində gileylənərək bildirib. O, tibbi sistemin başıpozuqluğunu və “nəzarətsizliyini” kəskin tənqid edib.


"DogruXeber.az" olaraq bu narazılığı bölüşür və məsələni ictimailəşdiririk.
Ən mühüm məqam isə odur ki, jurnalist TƏBİB-in 815 Çağrı Mərkəzinə müraciət etdikdə ona bildirilib ki, Topçubaşov adına Tibbi Mərkəz ümumiyyətlə TƏBİB-in deyil, Səhiyyə Nazirliyinin tabeliyindədir! Bu isə o deməkdir ki, ölkədə səhiyyə idarəçiliyinin iki başı var: biri TƏBİB, digəri isə Səhiyyə Nazirliyi. Əgər hər ikisi məsuliyyətdən yayınırsa, bəs xalq nə etsin?
"DogruXeber.az" olaraq bu sualı TƏBİB-in rəhbəri Vüqar Qurbanova və Səhiyyə naziri Teymur Musayevə birbaşa ünvanlayırıq:
– Həkim işə gəlmirsə, vətəndaş günlərlə qapıda gözləyirsə, heç kim cavab vermirsə, bu sistem niyə mövcuddur? – Tibbi sığorta niyə var və niyə işləmir? Axı insanlar hər ay tibbi sığorta üçün fonda pul ödəyirlər.
Təəssüf ki, tibb sistemindəki başıpozuqluq və məsuliyyətsizlik artıq adi hala çevrilib. Və bu, sadəcə bir günün, bir vətəndaşın problemi deyil. Sistemli şəkildə nəzarətsizlik və ötür-ötür oyunu aparılır. Vətəndaşın sağlamlığı, vaxtı və əsəbləri isə bu laqeydliyin qurbanına çevrilir.
Tibb sahəsində artıq oyun bitməlidir. Çünki bu oyun insan həyatına, etibarsız sığortaya və cavabsız qalmaqda olan minlərlə şikayətə çevrilib.
Artıq bir neçə ildir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi yaradılıb və artıq tibb müəssisələrinin böyük əksəriyyəti də onun tabeliyinə verilib. Amma jurnalistin da qeyd etdiyi kimi, şikayət və narazılıq olanda TƏBİB Səhiyyə Nazirliyinin, Səhiyyə Nazirliyi isə TƏBİB-in üzərinə atıb dururlar.
Səhiyyə Nazirliyinin fəaliyyəti zatən illərdir göz önündə idi, son zamanlar da bir çox kosmetoloq və hətta estetik cərrahların təhsilsiz - təsadüfi insanlar olduqlarının rəsmən təsdiqlənməsi daha da çılpaqlığı ilə bütün gerçəkləri ortaya çıxardı. Biraz diqqət etsək Vüqar Qurbanov fəaliyyətinin də Teymur Musayev "yolu"ndan fərqlənmədiyini görərik. Tibbə aidiyyəti olmayan bəzi şəxslər var ki, TƏBİB-də (xəstəxana direktoru və sair kimi) mühüm vəzifələr tuturlar.
Amma bu da hələ son deyil...
Araşdırmalar göstərir ki, bu gün TƏBİB-in tabeliyində olan bir çox xəstəxanalarda rəhbər vəzifələrə tibb sahəsindən tamamilə uzaq, təsadüfi adamlar təyin olunub. Onların əsas üstünlüyü, ixtisasları və təcrübələri deyil – arxalarındakı şəxsi münasibətlər, qohumluq əlaqələri və digər səbəblərdir. Nəticədə, xəstəxanalar kağız üzərində “idarə olunur”, amma real həyatda səhiyyə müəssisələri pasiyentlərin deyil, statistik rəqəmlərin və hesabatların rifahı üçün fəaliyyət göstərir.
"DogruXeber.az" olaraq xatırladırıq: tibb təsadüfi adamların oyuncağı deyil. Bu sahədə bircə yanlışlıq, bircə səhlənkarlıq bir insanın həyatına, bir ailənin faciəsinə səbəb ola bilər ki, bunun da son zamanlar tez-tez şahidi oluruq. Amma görünən odur ki, nə TƏBİB rəhbərliyi, nə də Səhiyyə Nazirliyi bu məsuliyyəti hiss edir. Onlar üçün əsas olan – təqdimatlar, konfranslar və mediada görünməkdir. Sistem isə çürüyür. Həkimlər susur. Vətəndaşlar isə bu çürümüş sistemin altında əzilir.
Daha acınacaqlısı isə budur ki, TƏBİB və Səhiyyə Nazirliyi arasında yaranan bu ikihakimiyyətlik, özbaşınalığın əsas səbəbidir. Hər iki qurum bir növ “məsuliyyətsizlik qalxanı” rolunda çıxış edir – məsuliyyəti bir-birinin üstünə ataraq, hər ikisinin cəzasız qalacaqlarnı çox yaxşı bilirlər.
Tibb sistemində bu qədər məsuliyyətsizlik, bu qədər şəffaflıqdan uzaqlıq, bu qədər siyasi kadrlaşma ola-ola hansı inkişafdan danışmaq olar?
Əgər bu sistem insana deyil, idarəedənlərə xidmət edirsə, demək, bu sistemin adı tibb deyil – bürokratik səhiyyə makinasıdır. Və o makina artıq əhalini müalicə etmir, əhalini əzir.
Geri qayıt
|