Əsas Səhifə > Manşet / Ölkə > BƏXTİ QARA NAXÇIVAN: Bu istidə...
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə...Bu gün, 15:23 |
Naxçıvan şəhərinə verilən içməli suyun təzyiqinin aşağı salınması qızmar yay günlərində sakinlərin əksəriyyətini çətin vəziyyətə salıb. Bu problemdən əziyyət çəkənlər xüsusilə yuxarı mərtəbələrdə yaşayan sakinlərdir. Sakinlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, zəif təzyiqli su ikinci mərtəbədən yuxarı qalxmır.
Əhali 30-35 dərəcə istidə susuzluğunu yatırmaq üçün marketlərə üz tutmalı olur. Sakinlər bildirirlər ki, təzyiqin aşağı salınmasında məqsəd insanları marketlərdən qablaşdırılmış su almağa məcbur etməkdir. Naxçıvanda qablaşdırılmış su monopoliyasının səlahiyyətli nümayəndə Fuad Nəcəflinin nəzarətində olduğu bildirilir.
Şəhər sakini Vahid Məmmədov deyir ki, təzyiq aşağı salınmamışdan bir gün öncə sular tamamilə kəsilib:
“Yayın istisində içməli suyun dayandırlması yolverilməzdir. İyulun 16-da gecə saat 1-də suların kəsilməsindən xəbər tutmuşam. Düşündüm ki, səhərə yaxın verilər. Verilmədi. İşə-gücə gedirik. Bir gün sonra verdilər, ancaq aşağı təzyiqlə. Birinci və ikinci mərtəbələrə gücnən gəlir. Bizim kimi yuxarıda yaşayanlar susuz qalıb. Əvvəllər hərənin özünün su çəni var idi. Belə hallarda sakinlər istifadə edirdilər. Bir neçə il əvvəl hamısını kəsib, götürdülər. İndi alternativ variant da yoxdur. Yayın istisində ehtiyacları ödəmək çətindir. Səhərdən dükanlardan su daşıyıra. Heç olmasa əvvəllər belə problem yarananda həyətlərə maşınla su gətirirdilər. İndi onu da etmirlər.”
Şəhərin Qoçustü məhəlləsində yaşayan Arzu Qocayev isə bildirir ki, son iki gündə marketlərdən aldığı suya 50 manat ödəyib:
“Aidiyyatı qurumlar telefonlara cavab vermir. Acınacaqlı vəziyyət yaranıb. Əlimizi yumağa, tualetə tökməyə belə su tapa bilmirik. Məcburuq dükanlardan alaq. Hər kəsin də buna gücü çatmır. Son iki gündə suya 50 manata qədər xərcim çıxıb. Qəza olubsa, açıqlama versinlər. Bunların işi gücü ancaq şəxsi bizneslərini çiçəkləndirməkdir. Axşamdan dükanlarda su qalmayıb. Əhali kütləvi şəkildə mağazalardan su daşıyır. Mağazalara da durmadan su gətirilir. Günorta saatlarında suyu nisbətən veriblər. İndi də təzyiq aşağıdır. Yuxarı mərtəbələrin çoxuna su qalxmır. ”
Geri qayıt |