Əsas Səhifə > Manşet / Güney Press > Naxçıvanda məhkəmə müəllimlərə QARŞI...

Naxçıvanda məhkəmə müəllimlərə QARŞI...


2-05-2025, 11:51
Naxçıvanda məhkəmə müəllimlərə QARŞI...
Naxçıvan Ali Məhkəməsi, adı rüşvət və korrupsiyada hallanan keçmiş məktəb direktoru Sinduz Cəfərovanın işə bərpa olunması ilə bağlı qərarı qüvvədə saxlayıb. Buna etiraz olaraq, Şərur rayon Muğancıq Mehrab kənd orta məktəbinin müəllimləri ictimaiyyətə müraciət ünvanlayıblar. Onlar keçmiş direktorlarının yenidən iş başına keçməsini istəmirlər.
Sinduz Cəfərova ötən il yerli Təhsil Nazirliyinin əmri ilə işdən uzaqlaşdırılmışdı. Lakin, rüşvət aldığına görə yox, başqa səbəbdən – “işindəki çatışmazlıqlara görə”.
Bu qərardan əvvəl məktəb müəllimləri direktorun onlardan rüşvət istəməsi ilə bağlı faktları yerli prokurorluğa təqdim etmişdilər.
Müəllimlər müraciətlərində bildirirlər ki, Naxçıvan şəhər Məhkəməsi və Ali Məhkəmə bu faktları araşdırmaq istəməyib:
“Sinduz Cəfərovanın dövründə rüşvətxorluq hallarının baş verdiyi, bəzi müəllimlərin adına dərs saatlarının yazıldığı və pulların mənimsəndiyi yerli prokurorluq tərəfindən araşdırılmış və sübuta yetirilmişdir. Həmin faktlar telefon zəngləri və səs yazıları ilə təsdiqlənib. Bu hadisədən sonra yerli Təhsil Nazirliyi onu işdən azad etmişdi. Lakin, Naxçıvan şəhər Məhkəməsi rüşvət qarşılığında bu qərarı ləğv etmişdi. Ali Məhkəmə də aprelin 25-də yerli məhkəmənin qərarını qüvvədə saxladı.
Onun pis əməlləri təkcə rüşvət almaqla bitmir. O, şagirdlərlə və müəllimlərlə kobud davranır, onları təhqir edir. Onun bu davranışı nəticəsində şagirdlərdən biri iki il öncə intihar etmişdi. Lakin, bu iş də ört-basdır edilmişdi o vaxt.
Bütün bu hadisələri nəzərə alaraq, biz müəllim və texniki işçi heyəti olaraq Cəfərova Sinduz Şəmsəddin qızının məktəbdə direktor vəzifəsinə bərpa edilməsinə və ya məktəbdə müəllim kimi işləməsinə qarşıyıq. Bu şəxs məktəbdə işləmək üçün heç bir uyğunluğa və etibara sahib deyil.
Bizim həmçinin aidiyyəti qurumlara müraciət edərək, Sinduz Cəfərovanın Muğancıq Mehrab kənd tam orta məktəbinə direktor olaraq bərpa olunmaması və burada müəllim kimi də çalışmaması ilə bağlı müvafiq tədbirlərin görülməsini xahiş edirik.“
Müraciəti məktəbin müəllim və texniki işçi heyəti imzalayıb.

"Gündəlik Naxçıvan"

Geri qayıt