Əsas Səhifə > Manşet / Güney Press > İCBARİ İŞ VERƏN: Naxçıvanda bu sözü demək cinayət imiş...

İCBARİ İŞ VERƏN: Naxçıvanda bu sözü demək cinayət imiş...


1-05-2025, 15:10
İCBARİ İŞ VERƏN: Naxçıvanda bu sözü demək cinayət imiş...
Naxçıvan şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva yerli sakin Kərim Seyidzadənin əleyhinə xüsusi ittiham qaydasında şikayət edib. Bu şikayəti elə onun özünün sədrlik etdiyi məhkəmə araşdıracaq. Məhkəmə sədri öz şikayət ərizəsində bildirir ki, Kərim Seyidzadə mətbuat vasitəsilə onun şərəf və ləyaqətini alçaldıb.
Kərim Seyidzadə isə bu ittihamları rədd edərək, məhkəmə sədrinin ondan qisas almaq istədiyini bildirir. O, şəhər məhkəməsində baş verən haqsızlıqları ictimailəşdirdiyini və bu səbəbdən sədrlik etdiyi məhkəmənin tənqid edilməsindən narahat olan Gülnar Səfərəliyevanın onu cəzalandırmağa çalışdığını deyir.
Bundan əvvəl, həmin məhkəmənin digər hakimi Qabil Məmmədov da Kərim Seyidzadəni eyni ittihamla məhkəməyə vermişdi. Həmin vaxt, Gülnar Səfərəliyevanın sədrliyi ilə baş tutan məhkəmə, Kərim Seyidzadəyə 300 saat icbari iş kəsmişdi. Bu hökmü ədalətsiz hesab edən Kərim Seyidzadə məhkəmə binasında sirkə içərək intihara cəhd etmişdi. Daha sonra, Kərim Seyidzadə məhkəmə sədrini tənqid etməyə başladı və bunu mətbuat vasitəsilə ictimailəşdirdi.
Bu tənqidlərə dözməyən məhkəmə sədri isə, Kərim Seyidzadənin cəzalandırılması üçün yeni ittiham ərizəsi yazmağa qərar verib.
Məhkəmə işçilərindən birinin redaksiyamıza göndərdiyi həmin ərizə bu cümlə ilə başlayır:
“Kərim Seyidzadə вЂ?Gündəlik Naxçıvan’ xəbər səhifəsində mənim və məhkəmənin digər işçiləri haqda yazılar yazaraq, paylaşım etmişdir.”
Gülnar Səfərəliyevanın nəzərinə çatdırırıq ki, Kərim Seyidzadənin və başqa şikayətçilərin „Gündəlik Naxçıvan“ səhifəsində yazılar yazıb paylaşmaq imkanı yoxdur. Hesab edirik ki, məhkəmə sədrinin yazdığı ittiham ərizəsinin hüquqi cəhətdən daha savdlı tərtib olunmasına ehtiyac var.
Məhkəmə sədri yazdığı ərizənin davamında Kərim Seyidzadənin onu ləkələyən məlumatları ictimailəşdirməsini qeyd edir:
“Kərim Seyidzadə güya məhkəmə sədrinin və adlarını çəkdiyi digər hakimlərin onu bir otağa salaraq, hədə-qorxu gəlməsi, məhkəmə binasında sirkə içməsi, bundan sonra məhkəmə işçilərinin onu inzibati binadan qovması barədə məlumat paylaşmışdır. O, həmçinin videoçəkilişlərdə şəxsimə dair əsası olmayan böhtan xarakterli məlumatlar vermiş, məni ailəsinin dağılmasının səbəbkarı, haqsız yerə ona icbari iş verən hakim kimi adlandırmış, mənim şərəf və ləyaqətimi, işgüzar nüfuzumu ləkələyən məlumatlar paylaşmış, bu məlumatlara minlərlə baxış olmuş, yüzlərlə şərh yazılmışdır.”
Məhkəmə sədri Kərim Seyidzadənin Cinayət Məcəlləsinin 147.1 maddəsi ilə cəzalandırılmasını istəyir. Bu maddəyə əsasən cəzalandırılan şəxslər 6 aya qədər azadlıqdan məhrum edilə bilər.
Kərim Seyidzadə isə bu məhkəmə prosesindən ədalət gözləmədiyini bildirir:
“Şikayətçi məhkəmə sədri, şikayətə baxan isə onun tabeliyində olan hakimlərdir. Bu halda hansı ədalətli hökmdən danışmaq olar? Mənə və digərlərinə olan haqsızlıqları, ədalətsizlikləri ictimailəşdirmişəm. Bu nə vaxtdan cinayət sayılır? İlham Əliyev bu günlərdə fərman imzalayıb ki, məmur özbaşınalıqlarını ictimailəşdirən vətəndaşlar təqib olunmamalıdır. Bunlar isə, məni ikinci dəfə cəzalandırmaq istəyirlər.”

"Gündəlik Naxçıvan"

Geri qayıt