Əsas Səhifə > Manşet, Güney Press > Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR?
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR?Bu gün, 15:28 |
Samuxun Tatlı orta kənd məktəbində bir zamanlar odun sobasından istifadə edilməsi və sinif otaqlarının soyuq olması barədə məlumat verilib. Ötən ilin noyabr ayında məktəb şagirdləri və müəllimlər, o cümlədən də valideynlər sevindilər ki, artıq təhsil müəssisəsi qazlaşdırılıb. Lakin onların bu sevinci uzun sürmədi. Belə ki, Samux rayonunun Tatlı kənd məktəbində artıq mavi yanacaq vasitəsi ilə isitmə sistemi olsa da, qazın tez-tez kəsilməsi səbəbindən sinif otaqları yenə çox soyuq olaraq qalır. Valideynlərin sözlərinə görə soyuq otaqlarda dərs keçdiklərinə görə övladları tez-tez xəstələnir. Valideyn Nəsimi Cəfərov Bizim.Media-nın yerli bürosuna bildirib ki, qış rejiminə keçəndən Samux rayonunun Tatlı kənd məktəbində proses bu cür də davam edir: “Məktəbdə artıq neçə gündür qaz yanmır. Sinif otaqları çox soyuq olur. İstilik sistemin işində fasilələr yaranır. Uşaqlar xəstələnirlər. Övladlarımız dərsdən geri qalmasın deyə soyuq sinif otaqlarında oturmağa məcburdu”. Kənd sakini Tarıyel Sarıyevin də övladı Tatlı məktəbində oxuyur. Onun sözlərinə görə soyuq oraqlarda dərs oxumaq mümkün olmur: “Sinifdə uşaqlar üst paltarlarında otururlar. Nə düz əməlli dərs oxuya bilirlər, nə də yazı yaza bilirlər. Bu yaxınlarda uşaq xəstələnmişdi, həkimə apardım. Həkim soyuqlamaya qarşı iynə-dərman yazdı. Bəzən sinif soyuq olduğundan uşaqları evə buraxırlar. Belə tədris olar?” Sakinlərin sözlərinə görə qazın tez-tez kəsilməsinin səbəbi məktəbə quraşdırılan qaz sayğacının smart, yəni kart sistemi ilə olmasıdır. Kartda pul bitən kimi qaz da kəsilir. Bu hal isə vaxtaşırı təkrarlanır. Valideyn Xəyal Qurbanov da sözügedən problemdən gileylənib: “Qaz çəkiləndə sevindik ki, daha odun daşımaqdan canımız qurtardı. İndi də qaz kəsilir, uşaqlar soyuqdan qırılır. Xəstəlik baş alıb gedir. Davamlı təhsil yoxdur. Axı niyə ümumtəhsil məktəbinə kartla işləyən qaz sayğacı quraşdırılır? Bura dövlətin təhsil müəssisəsidir, bilik mərkəzidir. Qaz var amma istilik sistemi işləmir. Səbəbini soruşanda deyirlər ki, sayğacda pul qurtarıb. Qışın ortasıdır. Bəs nə vaxt bu problemi həll edəcəklər?” deyə valideyn narazılığını bildirib. Məsələ ilə bağlı Gəncə Daşkəsən Regonal təhsil idarəsindən bildirilib ki, hazırda gündəlik əsasda yarana biləcək istilik təminatına dair məsələlərlə bağlı digər aidiyyəti qurumlarla birlikdə operativ işçi qrupları yaradılıb: “Daxil olan müraciətlər qeydiyyata alınır, təhlillər aparılır və qısa zamanda həlli istiqamətində müvafiq addımlar atılır. Samux rayonu Tatlı kənd ümumi orta məktəbinin istilik təminatı kombi sistemi vasitəsilə həyata keçirilir. 03 fevral 2025-cü il tarixdə təhsil müəssisəsinin istiliklə təminatında problem olmayıb. 04 fevral 2025-ci il tarixində səhər saatlarında məktəbin istilik sisteminin sayğacında texniki problem yaranıb və qısa müddətdə aradan qaldırılıb. Bildiririk ki, ölkə ərazisində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrinin mərkəzləşdirilmiş qaydada və müxtəlif vasitələrlə (odun, dizel, elektrik radiatoru) istilik mövsümünə hazır vəziyyətə gətirililməsi prosesi təmin olunur. Geri qayıt |