Əsas Səhifə > Manşet, Hadisə > Gürcüstana verilən qaz xətti bu kənddən keçir... AMMA KƏNDİN ÖZÜNDƏ QAZ YOXDUR...
Gürcüstana verilən qaz xətti bu kənddən keçir... AMMA KƏNDİN ÖZÜNDƏ QAZ YOXDUR...29-12-2024, 13:28 |
Zaqatala rayonu, Çobankol kənd sakini Mustafayeva Sədaqət Qurban qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. “Xatırladım ki, Zaqatala rayonunun Çobankol kəndi səfalı yerdə yerləşir. Bakı-Türkiyə, Bakı-Gürcüstan yolu bizim kəndin ortasından keçir. Amma təəssüflər olsun ki, qazımız yoxdur. İnsanlar qazsızlıqdan əziyyət çəkir. Qeyd edim ki, ərazidən Gürcüstana qaz ötürülür. Bizim qonşu Qımır kəndi 11 şəhid verib, lakin həmin kənddə də qaz yoxdur. Sakinlər adından onu da xahiş edirəm ki, işığa qoyulan limit də azaldılsın. Evimə 215 manat işıq pulu gəlib. Qaz olmadığından, isinmək üçün kondisonerdən istifadə etməyə məcburuq. Özüm 280 manat pensiya alıram. Oğlum, gəlinim işləmir. İşığa limit qoyulması kənd yerində nəyə lazımdır?!” Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin mətbuat katibi Eldəniz Vəliyevlə əlaqə saxladıq. O, bildirdi ki, Zaqatalada sözügedən kəndin qazlaşması Birliyin gündəmindədir: ““Azəriqaz” İstehsalat Birliyi regionların qazlaşma prosesini öz maddi imkanları hesabına həyata keçirir. Mərhələlik prinsipi bu baxımdan qorunur. Güman edirik ki, növbəti mərhələlərdə “Azəriqaz” İstehsalat Birliyinin maliyyə imkanlarından asılı olaraq, bu kəndin qazlaşmasına baxılacaq. Ümumilikdə isə deyə bilərik ki, Zaqatala üzrə abonent sayına görə qazlaşma səviyyəsi 78 faiz təşkil edir. “Azəriqaz” İstehsalat Birliyi 2021-ci ildən dövlət büdcəsindən qazlaşma ilə bağlı vəsait almır. Bu proseslər birliyin öz maddi vəasiti hesabına həyata keçirilir. Ümumilikdə ölkə üzrə qazlaşdırma səviyyəsi 96 faizin üzərindədir. Məqsədimiz daha geniş ərazini qazlaşdırmaqdır ki, “Azəriqaz” İstehsalat Birliyi olaraq da bu xidmətdən məmnunluq duyuruq. Lakin bütün proseslər hamısı maliyyə vəsaitinə hesablanır. Bu baxımdan, növbəti mərhələdə sözügedən kəndin qazlaşması reallaşacaq”. Geri qayıt |