Əsas Səhifə > Manşet, Cəmiyyət > Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ...

Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ...


Bu gün, 11:18
Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ...
Naxçıvanda fermerlərin çoxu bu il arpa və buğda əkməkdən imtina edib. Onlar bunun əsas səbəbi kimi yerli məmurların nəzarətində olan taxıl monopoliyasını və torpaq vergisinin artırılmasını göstərirlər. Fermerlərin sözlərinə görə, yerli hakimiyyət elə vəziyyət yaradıb ki, onlar becərdikləri məhsulu monopolistlərə ucuz qiymətə satmağa məcbur qalırlar.
Bundan əlavə, fermerlər aldıqları subsidiyaların mənimsənilməsindən və hər hektar üçün yerli orqanların qanunsuz olaraq əlavə ödəniş tələb etməsindən narazıdırlar. Onlar bildirirlər ki, əvvəllər subsidiya vasitəsilə əkinçilik nisbətən sərfəli olsa da, hazırkı şərtlər fermerləri borc içində qoyub.
“Gündəlik Naxçıvan”a danışan fermerlər vəziyyətin nəzarətdən çıxdığını və artıq əkinçiliklə dolanmağın mümkünsüz olduğunu deyirlər.
Babək rayonunda fəaliyyət göstərən fermer Nicat Zamanov vəziyyətin ciddiliyini belə izah edir:
"Hər il 20-30 hektar arpa və buğda əkirdim. Amma bu il imtina etdim, çünki sərf etmir. Monopolistlər 100 tonlarla ucuz qiymətə buğda gətirirlər. Bizim istehsal etdiyimiz məhsulu isə çox aşağı qiymətə alırlar. Məcbur qalıb onların şərtlərinə razılaşırıq. Bu il buğdanı 28 qəpiyə, arpanı isə 25 qəpiyə verdim. Halbuki əvvəlki illər ən azı 35-40 qəpiyə sata bilirdik. Bundan əlavə, aldığımız subsidiyanın yarısını bələdiyyəyə və ya icra müxtəlif bəhanələrlə əlimizdən alır. Hələ də ötən ildən traktor və kombayna borcum qalıb. Özümə iş axtarıram. Qazanmağa imkan vermirlər."
Şərur rayonundan olan fermer Nazim Cavadov isə məhsulunun qiymətinin süni şəkildə aşağı salındığını bildirir:
"Əziyyətini biz çəkirik, qazanan onlar olur. Bir-iki qəbul məntəqəsi var ki, onlar da yerli hakimiyyətin adamlarınındır. Min bir bəhanə ilə qiymətləri aşağı salırlar. Məcbur qalıb onların istədiyi qiymətə satırıq. Bizdən ucuz alıb ikiqat baha satırlar. Əvvəllər hər il 15-20 hektar arpa və buğda əkirdim. İndi yalnız 2-3 hektar öz ehtiyacımı ödəmək üçün əkirəm. Sərf etmir. Ziyana düşürük. Adı olur ki, subsidiya verirlər, amma subsidiyanı vaxtında ala bilmirik. Üstəlik, yarısını mənimsəyirlər. İndi də qərar veriblər ki, əkilən hər hektar üçün yerli orqanlara 40-50 manat pul ödəyək. Əkinçiliklə ailə, uşağı dolandırmağa çalışırdıq, amma ona da imkan vermirlər."
Mütəxəssislərin fikrincə, Naxçıvanda arpa və buğda əkininin azalması yalnız fermerlərin ziyana düşməsi ilə nəticələnmir, həm də bölgənin ərzaq təhlükəsizliyinə ciddi təhdid yaradır. Bundan əlavə, fermerlərin əkinçilikdən imtina etməsi, işsizlik sayını artır və kənd təsərrüfatı sektorunu daha da tənəzzülə uğradır.

Geri qayıt