Əsas Səhifə > Manşet, Hadisə > Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI...

Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI...


Dünən, 10:32
Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI...
6 aydan çoxdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) şikayətimi obyektiv araşdırmaq bir kənara, qanunsuzluq edərək şikayətimi hər cür ört-basdır etməyə çalışır. Belə ki, xidmətin Binəqədi şöbəsinin əməkdaşlarının mənə qarşı harınlıq, kobudluq əməlləriylə bağlı SHXÇDX-in rəisi Mürsəl İbrahimova iki dəfə rəsmi şikayət bildirməyimə və xidmətin mənə qarşı qanuna zidd hərəkətləri haqqında xəbər portallarında ictimailəşdirməyimə baxmayaraq adı çəkilən dövlət qurumu laqeydliyini davam etdirməkdədir. Daha doğrusu xidmətin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi Əziz Hidayev qanunları, xidmətin rəhbəri Mürsəl İbrahimovun göstərişlərini, peşə etikasını tapdalamaq ampluasındadır. Sanki, SHXÇDX-i Azərbaycan Respublikasının orqanı yox, adı çəkilən vəzifə sahibinin dədə-baba malıdır. Əziz Hidayev şikayətimdən əl çəkmək və Binəqədidəki əməkdaşlarının özbaşınalıqlarını ört-basdır etmək üçün var-gücüylə çalışır. İstər bu ilin avqustunda, istərsə də oktyabrda xidmətin rəisi Mürsəl İbrahimova ünvanladığım şikayətlərimdə dönə-dönə vurğulamışam ki, mənə qarşı harınlıq, kobudluq edən əməkdaşlarınızla bağlı ölçü götürülməyəcəyi təqdirdə nə şikayətlərimdən əl çəkəcəm, nə də xidmətinizə ayaq basacam. Əziz Hidayev isə bu dediklərimə məhəl qoymayaraq, əvvəlcə şəxsi işimi qeydiyatda olduğum Binəqədi şöbəsindən Baş İdarəyə gətizdirir, ardınca məni kapitan Sahib Ağa vasitəsiylə dilə tutaraq idarəyə dəvət edir, həmçinin də qeyd edir ki, əməkdaşlarımızın qanunsuz əməlləriylə bağlı qeyd etdiyiniz xüsuslar aşkar olunmamışdır. SHXÇDX-in Binəqədi Rayon üzrə Şöbənin rəisi Mahir Əliyev isə qış yuxusundadır. Belə ki, onun rəhbərlik etdiyi şöbənin əməkdaşları iyul ayında mənə qarşı laqeydlik, kobudluq, harınlıq etmələrindən 5 ay keçəndən sonra mənə zəng edib maraqlanır ki, “bizim əməkdaşlarımız sizə nə edib ki, durub bizdən Baş İdarəyə şikayət etmisiz? Eləcə də sizin şəxsi işinizi Baş İdarəyə göndərmişik niyə gedib maraqlanmırsız? Çiyinlərində dövlətin atributlarını daşıyan, amma tutduğu vəzifənin, rütbənin haqqını verməyən bu qafilə başa sala bilmədim ki, durduq yerə sizin əməkdaşlardan şikayət etməmişəm və əməkdaşlarınızla bağlı ölçü götürülənə qədər şikayətlərimi davam etdirəcək və bu qanunsuz əməli ictimailəşdirəcəyəm. Təbii ki, Mahir Əliyevin rəhbərlik etdiyi şöbədə özbaşınalığın əsas səbəbkarı Təşkilati Nəzarət Baş İdarəsinin rəisi Əziz Hidayevdir. Çünki o, hər vasitəylə Binəqədidəki özbaşınalıqla məşğul olan əməkdaşların əməllərini ört-basdır etməklə məşğuldur. Silahlı Qüvvələrin ehtiyatda olan leytenantı və jurnalist olaraq Əziz Hidayevə bəzi suallar verirəm

-Ehtiyatda olan bir zabit şəxsi işiylə qanunla qadağan olmadığı təqdirdə şəxsi işiylə tanış olmaq istəyirsə, ona niyə məhdudiyyətlər qoyulur və SHXÇDX-in əməkdaşları kobudluq, hörmətsizlik edir?
-Vətəndaş əməkdaşlarınızın qanunsuz əməlləriylə bağlı şikayət edirsə, nə üçün onun şikayəti qulaq ardına vurulur və yola verilir?
-Vətəndaş sizə təkrar israrla şikayət edir və xidmətinizdəki özbaşınalıqları ictimailəşdirirsə, niyə vətəndaşa gəlin şəxsi işinizlə tanış olun, amma əməkdaşlarımız qanunsuz əməllərə yol verməyib deyirsiz?
-Vətəndaşın israrlı şikayətindən sonra şəxsi işini qeydiyatda olduğu Binəqədidən Baş idarəyə gətizdirilir və deyirsiniz ki, “əziyyət çəkib birdə uzaq məsafə qət etməyin, gəlin burda tanış olun”. Bu “jest”inizlə eləcə də israrla məni Baş İdarəyə dəvət eməklə şikayətimdən imtina etməyə və ya məsələni “qapatmaqla” niyə əməkdaşlarınızın özbaşınalığını görməzlikdən gəlir və ya məni şikayətçi olmaqldan imtinaya cəhd edirsiz?
23 noyabr 2024-cü ildə Əziz Hidayevin faktiki yaşadığım ünvana sonuncu cavab məktubunu 12.12.2024-cü il tarixdə almışam. Həmin məktubda Əziz Hidayev israrla qeyd edir ki, “şəxsi işinizlə tanış olmağınız üçün dəfələrlə SHXÇDX-in Mərkəzi Aparatına dəvət olunsanız da, gəlməkdən yayınmısız”. Halbuki, mən bu şəxsə istər yazılı, istərsə də telefon danışıqları zamanı dəfələrlə vurğulamışam ki, əməkdaşlarınızla bağlı ölçü götürülməyəcəyi təqdirdə mənim idarənizə yaxınlaşmağımın heç bir əhəmiyyəti yoxdur. Çünki mən şikayətimdə aydınca qeyd etmişəm ki, mənə hörmətsizlik, qanunsuzluq, kobudluq edən əməkdaşlarınızla bağlı ölçü götürülməli və şəxsi işimlə bütünlüklə tanış olmağımla bağlı göstəriş verəsiniz. Dediklərimin və tələblərimin əksinə olaraq durub mənə bu cür cavab məktubu göndərmək yüngülcə ifadə edilsə riyakarlıqdır. 6 aydan çoxdur ki, şikayətimi qulaq ardına vuran, Binəqədidəki harınlamış əməkdaşların əməlləri hər vasitəylə ört-basdır edilirsə və yersiz hərəkətlərlə, jestlərlə vətəndaşın şikayətindən imtina etməsi üçün fəaliyyətlər aparılırsa, deməli SHXÇDX-in rəisi Mürsəl İbrahimov və onun 4 müavini (Şahverdiyev Mayıl, Mirzəyev Yusif, Nağıyev Habil, Məmmədov Azər) qalıb bir kənarda Təşkilati Nəzarət Baş İdarəsinin rəisi Əziz Hidayev özünü ağa, xozeyin, fedal zümrə nə bilim daha nə hesab edir. Yəni, o, nə qanunları, nə də xidmət rəislərini sayır.

Təbii ki, mənə qarşı qanunsuz əməllərlə bağlı mübarizəmi davam etdirəcəm. Qarşıdakı ildə SHXÇDX ilə məhkəmə səviyyəsində haqlarımı tələb edəcəm. Onsuz da, bu dövlət xidmətində özbaşınalıq, harınlıq pik həddədir. Hansı ki, bunu özlərinin rəsmi saytlarında (https://www.seferberlik.gov.az/az/news/detail/864) qeyd edirlər ki, 2023-24-cü illərdə 218 əməkdaşımız qanunsuz əməllərə və korrupsiya hallarında görə müxtəlif cəzalar alıb. Görünən odur ki, adı çəkilən dövlət qurumun Baş İdarəsində və ya Mərkəzi Aparatında ciddi inspeksiyalar aparılmağa ciddi ehtiyac var. Əminəm ki, bu yoxlamalar nəticəsində bir çox idarə rəislərinin naqis, qanunsuz və alçaq əməlləri üzə çıxacaq. Gec-tez hər bir kəs, o cümlədən Əziz Hidayev kimi vəzifə daşıyıcıları da cəzalarını alacağına inanıran. Amma hələlik bir məsələ dəqiqdir ki, Eldar Mahmudov, Nəcməddin Sadıqov, Ramiz Mehdiyev kimi yüksək vəzifə sahiblərinin kreslolarını itirmələri, harınlamış generallardan Əhməd Əhmədov, Nizami Şirinov, Elçin Quliyev (MTN-in Antiterror Mərkəzinin rəisi), Oruc Bəkirov, Nizami Məmmədov və digərlərinin həbsindən dərs çıxarmayanlar, o cümlədən də SHXÇDX-in əməkdaşları da çoxdur.

Gundemxeber.az

Geri qayıt