Əsas Səhifə > Manşet, Hadisə > AMEA-nın Tarix və Etnologiya İnstitutunda NÖVBƏTİ QALMAQAL...
AMEA-nın Tarix və Etnologiya İnstitutunda NÖVBƏTİ QALMAQAL...14-12-2024, 16:49 |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunda yenidən qalmaqallı hadisə baş verib. Daha əvvəl də məlumat verdiyimiz kimi, Nəşriyyat şöbəsinin müdiri Elçin Cabbarovun təzyiqlərinə məruz qalan qadın əməkdaşın səhhəti kəskin pisləşib və iş yerində ona təcili yardım çağırılıb. "DİA-AZ"ın əldə etdiyi məlumata görə, qadın əməkdaş bir həftə evdə xəstə yatdıqdan sonra yenidən işə qayıdıb. Lakin elə ilk gündən Nəşriyyat şöbəsinin müdiri Elçin Cabbarov və şöbənin digər əməkdaşı Adilə Ağabəyova həmin şəxsə ardıcıl təzyiqlər göstərərək, ondan əvvəlki məlumatlara dair “təkzib məktubu” imzalamasını tələb ediblər. Qadın əməkdaş bu tələbə qəti şəkildə etiraz edərək, “Bu mənim başıma gəlib, necə deyim ki, olmayıb?” deyə cavab verib. Onun bu mövqeyi gərginliyi daha da artırıb. Ardınca sözügedən rəhbər şəxslərin qadın əməkdaşa qarşı otaqda mütəmadi sataşmalar, dedi-qodular və psixoloji təzyiqlər göstərdikləri bildirilir. Nəticədə əməkdaşın səhhəti yenidən ağırlaşıb, o, infarkt riski ilə təcili xəstəxanaya yerləşdirilib. Bir neçə tibb müəssisəsi xəstəni qəbul etməkdən imtina etsə də, nəhayət, Mərkəzi Klinik Xəstəxana onun müalicəsini öz üzərinə götürüb. Yaxınlarının sözlərinə görə, qadın əməkdaş son anda ölüm təhlükəsindən qurtulub, əməliyyat olunduqdan sonra evə buraxılıb. Əməkdaşın ailəsi hazırda “qəsdən sağlamlığa zərər vurma” maddəsi üzrə məhkəməyə müraciət etməyi planlaşdırır. Lakin qadın özü bu addımı atmaqda tərəddüd edir, çünki işdən qovulmaq və dolanışığından məhrum olmaqdan ehtiyatlanır. Son dövrlərdə Tarix və Etnologiya İnstitutunda qeyri-sağlam iş mühiti, əməkdaşlar arasında təkrarlanan qarşıdurmalar və rəhbərliyin qeyri-etik davranışları adi hala çevrilib. Bu kimi qəsdən təzyiq, qısnama və şəxsi hücum faktları institutun idarəetmə sistemində ciddi çatışmazlıqları üzə çıxarır, akademik mühitin nüfuzuna və elmi fəaliyyətin keyfiyyətinə ciddi zərbə vurur. Geri qayıt |