Əsas Səhifə > Manşet, Güney Press > Hər pilləsi ABSURD OLAN TƏHSİLİMİZ...
Hər pilləsi ABSURD OLAN TƏHSİLİMİZ...2-12-2024, 16:05 |
Kənd yerlərində şagird sayı az olan məktəblərin bağlanması ciddi rezonansa səbəb olub. Sputnik Azərbaycan Multimedia mətbuat mərkəzində tanınmış təhsil eksperti Kamran Əsədov şagird sayı az olan məktəblərin bağlanması, 2025-ci ilin büdcəsində təhsil xərcləri ilə bağlı məsələləri şərh edib. Dövlət təhsilə ayıran pulu artırır, nazirlik isə xərcləri azaldır Kamran Əsədov bildirib ki, Azərbaycan Respublikasının birinci tələbi hər bir vətəndaşın təhsil hüququnu təmin etməkdir. "Bu o deməkdir ki, hər bir vətəndaşın özünə ən yaxın məkanda təhsil almaq hüququ var. Dövlət də onun bu hüququnu təmin etməlidir. Şagird sayı az olan məktəblərə ayrılan maliyyənin çox olması həmin məktəbləri bağlamağa əsas kimi göstərilir. Halbuki, Azərbaycan sosial dövlətdir. Həmin məktəblərə ayrılan maliyyə havaya getmir. Həmin məktəblərdə çalışan insanlar əmək haqqı alırlar". Ekspert bildirib ki, növbəti ildə təhsil xərclərinə 4 milyard 946 milyon manat vəsait ayrılacaq. Bu, cari illə müqayisədə 8,7 faiz çoxdur. Büdcə ayrılanda məktəb və şagird sayı dəyişməyib. Bu da o deməkdir ki, büdcə layihəsində məktəblərin optimallaşması nəzərdə tutulmayıb% "Demək ki, kənd məktəblərində şagird sayının azalması, çəkilən xərcin artması Azərbaycan dövləti üçün problem yaratmır. Dövlət bu pulu öz vətəndaşına ayırır ki, sabah həmin vətəndaşlar Vətən yolunda şəhid də ola bilərlər, mütəxəssis kimi də formalaşa bilərlər. Dövlət bu pulu vətəndaşın təhsilinə ayırdıqda məktəblərdə şagirdləri saymır. Amma nazirlik nədənsə, optimallaşdırma siyasəti aparmaqda maraqlıdır". Məktəblər bağlanarsa, kənd yerlərində savadsızlıq baş alıb gedəcək! K.Əsədov deyir ki, orta ümumtəhsil müəssisələri maliyyə xərcinə görə bağlanırsa, ölkədəki bütün məktəblər bağlanmalıdır. Çünki, şagirdlərin çoxu biliyi məktəbdə yox, repetitor yanında alır. Onun sözlərinə görə, orta məktəbdə əldə edilən bilik ali məktəbə qəbul üçün kifayət deyil. Bu isə məktəbin öz funksiyasını yerinə yetirə bilməməsi deməkdir. Müsahibimiz bildirir ki, şagird sayı az olan məktəblərdə tədrisin göstəricilərinin aşağı olması, ucqar kəndlərə bilik və bacarıqları yüksək olan müəllimlərin getməməsidir. Bunun da səbəbi həmin məktəblərdə dərs saatlarının az olmasıdır. Ekspert deyir ki, ucqar kəndlərdə şagird sayı az olan məktəblər bağlanarsa, orada təhsil alan şagirdlər icbari təhsil almaq hüquqlarından məhrum olacaqlar. Çünki, həmin şagirdlərin bir kənddən başqa kəndə getməsi üçün yol, nəqliyyat infrastrukturu yoxdur. Hər ailənin isə uşağını məktəbə aparıb-gətirməyə avtomobili yoxdur. K.Əsədov onu da qeyd edib ki, nazirliyin funksiyası təhsil siyasətini həyata keçirməkdir: "Nazirliyin işi, dövlət büdcəsindən təhsilə ayrılan maliyyəni düzgün paylamaqdan ibarətdir. Bələdiyyələri birləşdirməklə məktəbləri birləşdirməyi eyniləşdirmək olmaz. Bu, birbaşa insanların təhsil hüququnu məhdudlaşdırmaqdır. Tədqiqatlarımız sübut edir ki, optimallaşma nəticəsində bağlanan məktəblər bir rayon üzrə iki milyon vəsaitə qənaət imkanı verir. İki milyon manat nazirliyi narahat edirsə, qrantlara qənaət etsin. Çünki, Elm və Təhsil Nazirliyinin keçirdiyi qrant müsabiqələrinin də nəticələri barədə bir məlumat yoxdur". Təhsil büdcənin 1 milyardı Nazirlik tərəfindən tədbirlərin təşkilinə ayrılıb Ekspert bildirib ki, kənd məktəblərinin bağlanması və optimallaşdırılması urbanizasiya prosesini sürətləndirəcək. Onun fikrincə, Elm və Təhsil Nazirliyinin təhsil qurumlarını optimallaşdırmaqla daha çox vəsaitə qənaət etmək olar: "2025-ci il büdcəsinin təhsil xərclərində tədbir təşkil etməyə 1 milyard 79,3 milyon manat maliyyə ayrılıb. Bu, təhsilə ayrılan büdcənin 21,8 faizi deməkdir. Elm və Təhsil Nazirliyi bahalı hotellərdə tədbirlərə maliyyə ayırmağa qənaət etmir, tədbirlərini akt zallarında təşkil etmir, amma hansısa məktəbə ayrılan 25 min manata qənaət etməyə çalışır. 4 milyon manatın 1 milyardını təkcə tədbirlərin təşkilinə ayırırlar". Təhsil eksperti onu da əlavə edib ki, kəndlərdə məktəblərin saxlanılması mədəni mühitin həmin kənddə qorunması deməkdir. Məktəblər bağlanmır, rasionallaşdırılır? Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin bu gün yaydığı məlumata görə, vətəndaşların yaşayış yerlərini dəyişmələri, şəhər və rayon mərkəzlərinə axın etmələri ilə əlaqədar bəzi yaşayış məntəqələrində məktəblərin şagird sayının azalması səbəbindən təbii şəkildə fəaliyyətini dayandırması və ya şagird sıxlığı nəticəsində yeni təhsil müəssisələrinin açılması zərurəti yaranır. Bildirilib ki, müəssisələrdəki şagird sayı və kadr təminatı məsələləri nəzərə alınaraq təhlillər aparılır, təhsil müəssisələrinin rasionallaşdırılması prosesi həyata keçirilir. Rasionallaşdırılmanın həyata keçirilməsində məqsəd mövcud məktəb şəbəkəsinin optimallaşdırılması, mövcud resursların və ayrılan xərclərin səmərəli bölüşdürülməsi, eləcə də daha dayanıqlı təhsil infrastrukturunun və keyfiyyətli təhsil mühitinin formalaşdırılmasıdır. Cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb rasionallaşdırılıb. Rasionallaşdırma prosesi zamanı bəzi məktəblərin fəaliyyəti dayandırılsa da, bəzi məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, eləcə də peşə təmayüllü siniflərin açılması həyata keçirilib. Xatırladaq ki,Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov xərclərin optimallaşdırlması məqsədilə təxminən 4400 məktəbdən 1500 məktəbin bağlanılmasının planlaşdırıldığını açıqlayıb. Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev isə ölkədə 1500 məktəbin bağlanması ilə bağlı yayılan xəbərləri təkzib edib. Nazir bildirib ki, 4400 məktəbimizin təxminən 1500-də şagird sayı 100-dən azdır: "Bu o deməkdir ki, sinifdə 7-8 şagird var. Məsələn, məktəbdə 1 dənə 6-cı, 7-ci, 8-ci sinif varsa, bu o deməkdir ki, o məktəbdə 7-8 saat kimya dərsi var. Çünki sinif yoxdur. Məsələn, Daşkəsən rayonunda bir şagirdə çəkilən orta xərc təxminən Bakıda olan özəl məktəbin qiyməti - 8500 manata qədərdir. Amma nəticə yoxdur. Əksinə, Bakıda 30-32 nəfər şagirdi olan məktəbdən biz daha yaxşı nəticə görürük. Önəmli məsələ müəllimin keyfiyyətidir. Sinifdə 1 uşaq olanda da, 30 uşaq olanda da dövlət 25 min manat pul xərcləyir. Bir uşağa o vaxt 25 min manat xərcləmək olar ki, orada nəticə var. Bizim belə 4 şagirdi, 4 sinfi, 32 müəllimi olan məktəblərimiz çoxdur. Uzun sözün qısası, rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da biz buna getməliyik". Geri qayıt |