Əsas Səhifə > Manşet, Güney Press > Sağı göstərib, sola dönüş: cənab Əmrullayev, siz nə istəyirsiniz?
Sağı göstərib, sola dönüş: cənab Əmrullayev, siz nə istəyirsiniz?Bu gün, 15:44 |
Dövlətin və xalqın gələcək taleyində mühüm rol oynayan rəsmi qurumlardan biri də Təhsil Nazirliyidir. Əsas vəzifəsi də ölkənin təhsil siyasətini müəyyən etmək və həyata keçirməkdir. Dövlətin davamlı inkişafı üçün bilikli və peşəkar kadrların hazırlanması əhəmiyyətlidir. Bu kadrlar da məhz Təhsil Nazirliyinin tənzimlədiyi təhsil sistemində yetişir. Güclü təhsil sistemi sağlam cəmiyyətin formalaşmasında mühüm addım olur və ölkənin beynəlxalq arenada rəqabət qabiliyyətini artırır. Bütün bunlar isə sözügedən qurumun nə dərəcədə məsuliyyətli, planlı, müdrik və düşünülmüş davranmasını labüd edir. Di gəl ki, reallıqla nəzəriyyə bir-birindən köklü şəkildə fərqlənir. Fizika qanunlarını tanımayan... Ötən il Azərbaycan Təhsil Nazirliyi (TN) belə bir qərarla gündəmə gəldi: uşaq bağçalarında çalışan qeyri-ixtisas tərbiyəçi-müəllimlərin maaşları və dərəcələri azaldılsın. Amma bundan sonra həm mətbuatda, həm də digər vasitələrlə qərardan şikayətlər başladı. Nəticədə Nazirlik fərdi şəkildə (hamını birdəfəlik deyil ha) tərbiyəçilərin həm maaşlarını, həm də ixtisas dərəcələrini bərpa etməyə məcbur oldu. Necə deyərlər, geriyə addım atdı. Amma nisbi sakitlik uzun sürmədi. Bir neçə gün əvvəl TN növbəti fövqəladə anonsunu verdi. Bağça müdirlərini toplayıb elan ediblər ki, dekabrdan yenə də qeyri-ixtisas tərbiyəçilərin maaşları və dərəcələri aşağı salınacaq. Adətən deyirlər ki, mərmi bir çuxura bir dəfə düşür (bu misala bənzər digər gözəl atalar sözümüz də var, sadəcə olaraq orda xatırlanan canlını nazirlik əməkdaşlarına şamil etmək istəmirik). Ancaq göründüyü kimi, Azərbaycanda təhsilə cavabdeh olanlar bütün fizika və hərb qanunlarını alt-üst etməyə müvəffəq olublar: mərmi yenə eyni çuxura atılıb. Lakin biabırçılıqlar bununla bitmir. Dədə Qorqud demiş, “Oğuz elinin qanlı-qadalı günləri hələ qabaqdadır”. Məntiq elmini dəhlizlərdə gömən nazirlik Bu ay, oktyabrın 19-20-də TN bağçada çalışan müəllimlərin, - istər ixtisas, istərsə də qeyri-ixtisas üzrə, - diaqnostik qiymətləndirməsini apardı, maksimal nəticə kimi də 60 bal göstərici təyin edildi. Hətta ümid vardı ki, yüksək nəticə göstərənlərin maaşlarında artım olacaq. Eyni zamanda 2025-ci ildə bağça müəllimlərinin sertifikasiyasının keçiriləcəyi bildirilir. Və yenə də yağlı vədlər: yüksək nəticə əldə edənlərin məvacibləri artırılacaq. Bəs, yaxşı, o zaman oktyabrın 29-da baş tutan toplantıda elan edilən “sünnət mərasimi”nin məramı nədir? Və ya başqa cür qoyaq sualı: apreldəki sertifikasiya kimə lazım olacaq? Bir sözlə: məntiq elmi Təhsil Nazirliyinin dəhlizlərində qalstuklu məmurlar tərəfindən səssizcə dəfn edilib. Əgər qeyri-ixtisas müəllimlərini cəzalandıracaqsınızsa, o zaman onların qiymətləndirilməsinə nə lüzum var, sertifikasiya kimə lazımdır? Başqa qəbildən olan suallar da meydana gəlir. Məsələn, əgər nazirlikdə heç bir kadr dəyişikliyi baş verməyibsə, hansısa inqilabi istiqamət dəyişikliyi bəyan edilməyibsə, o zaman qəbul edilən qərarlardakı bu məntiqsizlik, pərakəndəlik nə ilə izah edilməlidir? Ölkədə bütün səviyyələrdə elmin və təhsilin yüksəlişinin təmin edilməsi qarşısına vəzifə kimi qoyulan bir dövlət qurumu tam əksi ilə məşğuldur. Həqiqətən də, belə məntiqsiz sıçrayışlar hansı insanı işinə yaradıcı yanaşmağa, cani-dildən çalışmağa sövq edər? Balaca uşaqlarla daim ünsiyyətdə olan insan sanki Domokl qılıncı altında gəzir və beynində istər-istəməz bir sual var-gəl edir: görəsən, növbəti dəfə nazirliyin kefi nə vaxt... istəyəcək və mənim onsuz da aşağı olan maaşımın bir qədər də aşağı salınmasına qərar verəcək? Ümid sonuncu ölür Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, ölkədə onsuz da uşaq bağçası və ixtisaslaşmış tərbiyəçilər qıtlığı var. Tutaq ki, qeyri-ixtisas peşəsi üzrə çalışanları ixtisar etdiniz. Ya da maaşları aşağı salınandan sonra özləri başqa sahələrə üz tutaraq başlarına çarə qılmağa çalışdılar. Sonra necə olacaq? Onların boş qalan yerlərinə ixtisaslı tərbiyəçiləri haradan tapacaqsınız? Axı onların ərsəyə gəlməsi üçün illər tələb olunur. Bu, meyvə-tərəvəz, quş əti deyil ki, xarici ölkələrdən idxal edilsin. Elə isə nə üçün bu cür düşünülməmiş addımlar atılır? Məqsəd nədir? Yoxsa məqsəd yoxdur? Bəlkə, məqsəd sadəcə qızğın iş görüntüsü yaratmaq, nəticələri isə zamanın axarına buraxmaqdır? Ümid edirik ki, Təhsil Nazirliyində bütün bu suallar ətrafında düşünə, düşünüb düzgün nəticə çıxara biləcək heç olmasa 1-2 nəfər tapılacaq. Əks halda vay bizim və gələcəyimizin halına! AYNA.az Geri qayıt |