Əsas Səhifə > Manşet, Güney Press > İLGİNC: Naxçıvanda aqrar sahə ilə bağlı müzakirələrə nazir əvəzi buraxılmadı

İLGİNC: Naxçıvanda aqrar sahə ilə bağlı müzakirələrə nazir əvəzi buraxılmadı


Bu gün, 16:28
İLGİNC: Naxçıvanda aqrar sahə ilə bağlı müzakirələrə nazir əvəzi buraxılmadı
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Naxçıvan Muxtar Respublikasına səfər edib.

TNS xəbər verir ki, nazir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb, muxtar respublikanın bir sıra kənd təsərrüfatı müəssisələri ilə tanış olub. Görüşlərdə Naxçıvanda aqrar sahənin problemləri, kənd təsərrüfatının inkişafı istiqamətində görüləcək işlər müzakirə olunub.

Maraqlıdır ki, görüşlərdə Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini, digər rəsmi şəxslər iştirak etsə də Naxçıvanda kənd təsərrüfatına cavabdeh olan şəxs - kənd təsərrüfatı nazirinin səlahiyyətlərini icra edən nazir müavini Xəyalə Dadaşova bu görüşlərə dəvət olunmayıb, müzakirələrə qatılmayıb.

Bu zaman suallar yaranır. Fuad Nəcəfli ilə Məcnun Məmmədov aqrar sahənin problemlərini, bu sahədə gələcəkdə görüləcək işləri kiminlə müzakirə edib? Kənd təsərrüfatı nazirinin vəzifələrini icra edən şəxs nəyə görə bu müzakirələrdən kənarda saxlanılıb? Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və səlahiyyətli nümayəndə Fuad Nəcəfli yerində aşkarlanan problemlərin səbəbini kimdən soruşub, onların həlli ilə bağlı kimlərə tapşırıq veriblər?

Yəqin ki, adıçəkilən şəxslərin bu suallara cavabı vardır.

Hesab edirik ki, idarəçilikdə şəxsi intiriqalara yol verilməməlidir. Kənd təsərrüfatına cavabdeh olan nazir müavininin görüşlərə dəvət edilməməsi absurddur, qəbul edilməzdir.

TNS-in əldə etdiyi məlumata görə, 2023-cü ildən ötən dövr ərzində Naxçıvanda 2000 hektardan çox kənd təsərrüfatı təyinatlı torpaqların təyinatı dəyişdirilib. Kənd təsərrüfatı təyinatlı torpaqlar qeyri-kənd təsərrüfatı məqsədi ilə digər kateqoriyalara keçirilərək istifadə edilirdi. Kənd təsərrüfatına yararlı torpağı az olan Naxçıvanda buna yol vermək olmazdı. Muxtar respublikada kifayət qədər kənd təsərrüfatına yararsız olan torpaqlar var. Onlardan istifadə edilmək əvəzinə kənd təsərrüfatına yararlı torpaqların təyinatının dəyişdirilməsi gələcəkdə Naxçıvanda kənd təsərrüfatı məhsulları qıtlığı yarada bilərdi. Ona görə də Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin səlahiyyətlərini icra edən Xəyalə Dadaşova bu problemi mərkəzi hakimiyyət qarşısında qaldırıb, həmin torpaqların yenidən kənd təsərrüfatı təyinatı kateqoriyasına dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub. Hazırda bu proses davam etdirilir.

Məlumata görə, kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının dəyişdirilməsi ilə bağlı göstərişi Fuad Nəcəfli veribmiş.

Görünür, nazir müavini Xəyalə Dadaşovanın bu xidməti Fuad Nəcəflinin xoşuna gəlməyib. O da “etirazını” bu formada – nazir müavinini keçirilən görüşlərə dəvət etməməklə bildirir.

Geri qayıt