Əsas Səhifə > Manşet, Ölkə > Saatlıda YOLAVERDİ SİYASƏTİ...

Saatlıda YOLAVERDİ SİYASƏTİ...


Bu gün, 12:31
Saatlıda YOLAVERDİ SİYASƏTİ...
Yeni olmasına baxmayaraq, fəaliyyətində sakinlərlə problem yaşayan gənc icra başçılarından biri də Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovdur ki, vəzifəyə gələr-gəlməz yerli sakinlərdə narazılıq yaratmağı bacardı.

Həmin narazı sakinlərdən biri də "DogruXeber.az"a müraciət edən Saatlı Rayon Üzeyir Həcibəyov küçəsi ev 5 ünvanında yaşayan Rzayeva Kəmalə Cabir qızıdır.

Kəmalə xanım uzun illər orta məktəbdə ibtidai sinif müəllimi işləyib. Sonuncu Sertifikasiya imtahanında lazımi nəticəni göstərə bilmədiyi üçün aylardır işsiz qalıb. Özünün də 13 yaşlı yeganə qız övladının da səhhətində ciddi problemləri var.

Təəssüflə qeyd edək ki, cahillik edib zamanında nigahını rəsmiləşdirmədiyi həyat yoldaşı dünyasını dəyişdiyi üçün övladına atalıq adı və soyadı da almaqda aciz qalıb.

Kəmalə xanımın hazırda sığındığı köhnə ata evi də təmirsiz və bərbad vəziyyətdədir. Xanım ümumiyyətlə heç bir gəlir yerinin olmadığı üçün komunalları belə ödəməkdə çətinlik çəkdiyini, bu səbəbdən də tez-tez gah işığın, gah qazın, gah da suyun kəsildiyini deyir.

Ailə başçısız tənha qadın, üstəlik də himayəsində azyaşlı övladı olan çarəsiz ana heçolmasa bir iş istəmək və hüquqi (məhkəmə) yolla övladının soyad və ata adı hüququnu bərpa etməkdə ona köməklik etmələrini istəmək üçün dəfələrlə icra hakimiyyətinə üz tutsa da Elmir Bağırov onu qəbul etməyib.

Xanımın sözlərinə görə başçının müavini, eyni zamanda İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva onun mənzilində olub, yaşadığı şəraiti gözü ilə görüb və köməklik ediləcəyi barədə dilucu vəd verib gedib. Lakin, sonradan bu barədə iclasda məsələ açılanda Elmir Bağırov, "bizim elə büdcəmiz yoxdur ona kömək edək. Çalışın yola verin, səsi çıxmasın" deyə, çalışanlara məsləhət verib.
Qeyd edək ki, bu Kəmalə xanım Rzayevanın özünün redaksiyamıza bildirdiyi məlumatdır.

"Çalışın yola verin, səsi çıxmasın..."

Cümlənin ağırlığına diqqət edin!

Vətəndaş bildirir ki, "Mən icra başçısının evinə gedib, ondan yardım dilənmirəm ki, məni başından eləsin. Rayonun uzun illər təhsil sektorunda çalışan və qeyri-şəffaf keçirilən sertifikasiya imtahanında haqsızlığa məruz qalan sakinlərindən biriyəm. Əlimdə iki diplomum, himayəmdə azyaşlı xəstə övladım, özüm başsız qadın özümün belə olmayan damın altında acından ölməyə məhkumam.

Bu qədər reallığa rəğmən heçolmasa nə tənha qadın, nə də ünvanlı sosial yardım kimi müavinətlərdən belə yararlana bilmirəm. Mən rayonumun rəhbərindən hüquqi yardım və diplomlarıma görə hər hansı bir iş istəyirəm sadəcə".

Yeri gəlmişkən, iş mövzusuna gəldikdə isə xanımın sözlərinə görə Saatlı rayon Təhsil şöbəsinin müdiri Günay Soltanova onu iki ay gözlətdikdən sonra yarım ştat sosial pedaqoq işi təklif edib. Tam ştat üçün minimum əmək haqqının məbləği 345 azn olduğu halda, yarım ştatın maaşını özünüz düşünün.

Kəmalə xanımın dediyinə görə o, bu təklifi qəbul etməyib və heçolmasa tam ştat verilməsini istəyib. Günay Soltanova regionalın verdiyi işin yalnız bu olduğunu deyib. Belə olan halda yol pulu belə olmadığı üçün Sabirabad rayonuna hətta piyada gedib, Mil-muğan Regional Təhsil İdarəsinin məşhur müdiri Rəşad Musayevin qəbulunda olub.

Bildirir ki, Rəşad Musayevin onun probleminə münasibəti də icra başçısı Elmir Bağırovdan heç nəyi ilə geri qalmayıb, yəni xanımı yola veriblər.

Vəssəlam.

DogruXeber.az

Geri qayıt