Əsas Səhifə > Manşet, Cəmiyyət > "Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..."

"Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..."


Bu gün, 11:58
"Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir..."
Kəngərli rayon İcra Hakimiyyətinin şəhidlər arasında ayrıseçkilik etdiyi bildirilir. Söhbət birinci və ikinci Qarabağ Müharibəsində həlak olan şəhidlərə qoyulan fərqdən gedir.
Rayonun Xok kənd sakini Ehdiqat Əliyev deyir ki, qardaşı Məhəmməd 1992-ci il Sədərək döyüşlərində həlak olub. Onun sözlərinə görə, icra baçşısı Kamal Ələkbərov ikinci Qarabağ döyüşlərində həlak olanlar üçün təşkil olunan tədbirlərə qatılsa da, onların dəvətini qəbul etmir:
“Qardaşım Məhəmməd Əliyev 1992-ci ildə vətən uğrunda qəhrəmancasına şəhid olub. Həmin vaxt o və digərləri döyüşməsəydilər, indi nə Naxçıvan var idi, nə də Naxçıvanın vəzifəliləri. İkinci Qarabağ Müharibəsi iştirakçıları da mühüm iş görüb, torpaqlarımızı azad ediblər. Mən anlaya bilmirəm ki, bu ayrıseçkilik nə üçündür. Niyə ikinci müharibədə şəhid olanların bütün tədbirlərinə qatılırlar, hətta özləri tədbirlər təşkil edirlər, biz tədbirə dəvət edəndə gəlmirlər, fərq qoyurlar. Bizim ailə tək deyil, bütün köhnə şəhidlərə eyni münasibəti göstərirlər”.
Ehdiqat Əliyev deyir ki, qardaşı ilə bağlı tədbirə icra başçısı və digər vəzifəliləri növbəti dəfə dəvət etsələr də, gəlməyiblər:
“Bu yaxınlarda qardaşımın qəbri başında tədbir keçirdik. Başçı Kamal müəllimi, kəndimizin icra nümayəndəsi, məktəb direktorlarını dəvət etsək də, heç biri saya alıb, gəlmədilər. Ancaq, yeni şəhidlərin qəbirstanlıqda təşkil olunan bütün tədbirlərində iştirak edirlər. Bir şəhid ailəsi kimi, bu bizim ailəyə çox pis təsir edir. Digərləri də həmçinin. Aidiyyəti orqanlardan xahiş edirik ki, bu işlə məşğul olsunlar və bu ayrıseçkiliyi aradan qaldırsınlar”.

Gündəlik Naxçıvan

Geri qayıt