Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı Paşinyana o pulu versə...
Bakı Paşinyana o pulu versə...Bu gün, 08:27 |
|
"Nikol Paşinyanın Moskvaya səfəri zamanı mövcud vəziyyətdən çıxmaq üçün yalnız üç variantı olacaq: Ya özünün dediyi kimi "söyüləcək", ya müxalifət mövqeyi tutub qarşı tərəfə "yox" deyəcək, bundan sonra tək qalacaq". Bu fikirləri politoloq Armen Badalyan News.am-a verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüş barədə deyib. Lakin ekspertin fikrincə, üçüncü seçim də var, o da 1 milyard avro tapmaqdır. “Ona bu pulu kim verməyə hazır olduğunu bilmirəm. Bəlkə Türkiyə, bəlkə də Avropa Birliyi verəcək. Bilmirəm ki, o, bu pulu haradan tapa bilər. Amma buna baxmayaraq, əgər taparsa, onda mütləq Putinə deyə bilər: “Cəhənnəmə get. Sənə hesabat verməyəcəyəm”, - deyə Badalyan 1 milyard avronun problemi yalnız bir il ərzində həll edə biləcəyini xatırladıb. Politoloq qeyd edib ki, onda hər şey yenidən başlayacaq. Badalyan demək istəyir ki, Ermənistanın Avrasiya İqtisadi Birliyindən ayrılması üçün azı bu il 1 milyard avro kompensasiya lazımdır. Xatırladaq ki, erməni məhsullarına qoyulan qadağanın zərərini qarşılamaq üçün Aİ İrəvana 80 milyon avro ayırıb. Amma görünür ki, yetərli deyil. Bəs Ukraynaya milyardlar xərcləyən Qərb, Cənubi Qafqazda strateji maraqları naminə, Ermənistanın Avrasiya İqtisadi Birliyindən kənarda asılılığını kompensasiya etmək məqsədi ilə 1 milyard avro ayıra bilməzmi? Doğurdanmı Paşinyanın Putinlə görüşdə özgüvənini həmin vəsait təmin edə bilər? Badalyanın təbirincə desək, Ankara və Bakı bu təminatı verə bilərmi? Siyasi şərhçi Şəhla Cəlilzadə Musavata.com-a bildirib ki, Badalyanın vurğuladığı 1 milyard avro məbləği Ermənistan üçün rəsmi hesablanmış kompensasiya məbləği deyil: “Bu, onun şəxsi qiymətləndirməsidir. Daha öncə Vladimir Putin Ermənistanın Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyindən ayrılarsa bunun ölkənin ümumi ÜDM-sinin 14%-i həcmində itkiyə yol açacağını bəyan etmişdi. Çünki Ermənistan AİB-dən ayrılarsa bu, Birlik çərçivəsində güzəştləri, Aİİ ölkələri bazarlarına asan çıxışı, azaldılmış enerji qiymətlərini, nəqliyyat güzəştlərini, Rusiyanın investisiyalarını, Aİİ-nin azad ticarət sazişlərindən əldə etdiyi üstünlükləri itirməsi demək olar”. Onun fikrincə, Ermənistan ÜDM-i 2025-ci ildə 29,2 milyard dollardır, bu, təqribi 4 milyard dollarlıq itki deməkdir: “Rusiya Dövlət Dumasının sədri Volodin isə daha yüksək rəqəm - 5 milyard dollar səsləndirib. Avropa bunu əvəzləyə bilərmi? - ciddi sualdır. Məsələn, 2025-də Ermənistan AİB ticarət dövriyyəsi 8 milyard dollar, Avropa İttifaqı ilə ticarət dövriyyəsi isə cəmi 2,2 milyard dollar olub. Ermənistanın ümumi ticarət dövriyyəsində Aİ-nin payı 11% olub, halbuki AİB-in payı 40%-ə yaxın olub. Həmçinin Ermənistan-Rusiya ikitərəfli əlaqələrinin həcmi bu göstəricilərin formalaşmasında böyük paya sahibdir. Başqa sözlə, Rusiya Ermənistana təzyiq göstərməyə başlayıb, lakin bu daha sərt, real forma alarsa, Ermənistan iqtisadiyyatına ciddi zərər dəyə bilər. Avropa isə hazırda bunu qarşılamaq istəmir. Odur ki, Paşinyan rasional xarici siyasət xəttini seçib və ən son ŞƏT zirvəsində də ölkəsinin xarici siyasətini balanslı siyasət adlandırıb. Bu fonda həm Rusiya ilə əlaqələr və AİB üzvlüyünün saxlanması, həm də Qərblə və Aİ ilə münasibətlərin iqtisadi-mədəni-siyasi çərçivələrdə dərinləşdirilməsi həyata keçirilməkdədir”. Ekspert qeyd edib ki, Ermənistanın keçid etdiyi yeni siyasi era - sülh dövrü Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması və Ermənistanın blokadadan çıxaraq qlobal ticarət-nəqliyyat şəbəkəsinə qoşulması, təbii ki, onun xarici siyasətində balansı qorumağa xidmət edərək, başqa sözlə Paşinyanın siyasi xəttinin zəmanətçisinə çevriləcək. Geri qayıt |