Əsas Səhifə > Ana xəbər / Güney Press > Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcək
Varlılar üçün əhəmiyyətsiz dəyişiklik: Kasıblar isə ev alanda yüz ölçüb, bir biçəcəkBu gün, 07:10 |
|
Yeni qaydalar qüvvəyə mindikdən sonra yeni tikilən, yenidən qurulan və əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının pasportlaşdırılması məcburi olacaq. Mövcud binalara isə yalnız yenidənqurma və ya əsaslı təmir aparıldığı halda bu tələb şamil ediləcək. Qanunvericilikdə müəyyənləşdirilən digər binalar üçün pasport könüllü qaydada əldə edilə biləcək. Məsələ Bakıda keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması” mövzusunda təşkil olunan dəyirmi masada müzakirə edilib. Bildirilib ki, pasportlaşdırma prosesinin tam elektronlaşdırılması nəzərdə tutulur. Binaların enerji effektivliyi pasportu mənzillərin və kommersiya obyektlərinin qiymətinə necə təsir göstərəcək? Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib ki, binaların pasportlaşdırılması ilə bağlı müvafiq qanunvericilik var: "Qanunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə mindiyi tarixdən sonra layihələndirilən yeni binalar enerji effektivliyi yüksək olacaq şəkildə inşa edilməlidir. Lakin burada bir məsələ açıq qalır ki, bu dəyişiklik istehlakçıya nə verəcək. Məsələyə marketinq yanaşması kimi baxmaq da mümkündür. Əgər hər hansı binanın enerji effektivliyi yüksəkdirsə və bina, məsələn, A klassına daxildirsə, bu, həmin binada yaşayan sakinlərin enerji sərfiyyatının daha aşağı olmasına imkan verə bilər. Amma premium binalarda vəziyyət fərqlidir. Onsuz da belə binalarda idarəetmə və xidmət xərcləri yüksəkdir. Bakıda elə premium yaşayış binaları layihələndirilir ki, onların fasadının böyük hissəsi şüşədən ibarətdir. Belə binalarda enerji sərfiyyatının avtomatik olaraq yüksək olması mümkündür. Ona görə də burada vətəndaş üçün ciddi enerji qənaətindən danışmaq çətindir. Mən hesab edirəm ki, binaların pasportlaşdırılması onların qeydiyyata alınması və reyestrə daxil edilməsi baxımından əhəmiyyət daşıyacaq. Sözsüz ki, qanunun əsas mahiyyəti ölkədə enerji resurslarına qənaətdir. Bu da ölkənin enerji strategiyalarından biridir. Bildiyimiz kimi, közərmə lampalarının Azərbaycanda istehsalı və ticarəti ilə bağlı da məhdudiyyətlər tətbiq edilib, müəyyən gücdən yuxarı lampaların ölkəyə idxalına icazə verilmir. Binalarla bağlı tələblərin də əsas məqsədi ölkədə enerji resurslarının qorunması istiqamətində tədbirlərin və qanunvericiliyin icrasını təmin etməkdir". Onun sözlərinə görə, yaşayış binalarında enerji itkisinin az olması üçün binaların fasad hissəsində əlavə istilik və qoruyucu təbəqələrdən istifadə edilməlidir: "Məsələn, yeni tikilən binaların böyük hissəsi ekonom tipli binalardır. Bu binalarda adətən çöl divarı kərpiclə hörülür, üzərinə suvaq çəkilir və daha sonra fasad boyası vurulur. Halbuki binanın iqlim şəraitinə uyğun istilik izolyasiyası ilə təmin olunmaması vətəndaşı əlavə enerji mənbələrindən istifadəyə məcbur edir. Bu isə ölkə üzrə enerji itkilərinin artmasına səbəb olur. Ekonom tipli binalarda fasada əlavə qoruyucu təbəqələrin tətbiqi, şübhəsiz ki, binanın ümumi tikinti dəyərini artıracaq. Əgər bu xərc ciddi şəkildə artarsa, vətəndaş belə əmlakların alışından imtina edə bilər. Bununla belə, mənzil alarkən enerji effektivliyinin göstəricisinin istehlakçıya müəyyən məlumat və seçim imkanı verməsi müsbət haldır. Varlı təbəqə üçün isə bu məsələ o qədər də önəmli olmaya bilər. Məsələn, bina A klassındadır, enerji itkisi minimaldır, amma həmin alıcı üçün enerji xərclərinin səviyyəsi əsas seçim meyarı olmaya bilər. Ekonom tipli binalarda isə əlavə istilik izolyasiyası və digər enerji effektivliyi tədbirləri istər-istəməz mənzilin maya dəyərinə təsir göstərəcək". Ekspert qeyd edib ki, digər tərəfdən, yeni qanunvericilikdə binaların istilik sistemi ilə bağlı da dəyişikliklər nəzərdə tutulur: "Bu ildən yeni binaların layihələndirilməsində fərdi istilik sistemlərinə məhdudiyyətlər tətbiq olunur. Beş mərtəbədən hündür yeni binalarda fərdi istilik sisteminin olmaması, mərkəzləşdirilmiş istilik sistemindən və ya alternativ enerji mənbələrindən istifadə edilməsi nəzərdə tutulur. Burada da bir sıra suallar ortaya çıxır. Alternativ enerji mənbələrindən istifadə hazırda baha başa gəlir və ölkədə bu sahə üzrə geniş təcrübə formalaşmayıb. Bu sistemlərin quraşdırılması və sonradan mənzillərə hansı qiymətə xidmət göstərməsi ayrıca məsələdir. Digər istiqamət isə yeni layihələndirilən çoxmənzilli binaların istiliklə necə təmin olunacağıdır. Onların öz fərdi qazanxanaları olacaqmı, mövcud istilik sistemlərinə qoşulacaqlarmı, yoxsa ötən il parlament tərəfindən təsdiqlənən mini qazanxanaların yaradılması ilə bağlı layihədən istifadə ediləcək? Gələcəkdə binaların həmin mini qazanxanalara qoşulması və ya onlardan ayrılması məsələsi də gündəmə gələ bilər. Burada digər qanunvericilik normalarının qüvvəyə minməsi də əhəmiyyət daşıyır. Yəni binaların sakinləri bir araya gələrək müəyyən qərarlar qəbul etməlidirlər. Bu isə Azərbaycanda hələ tam formalaşmamış bir mexanizmdir. Yeni tikililərdə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri var və sakinlər bir araya gələrək müəyyən qərarlar qəbul edə bilirlər. Köhnə yaşayış fondunun böyük hissəsində isə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri formalaşmayıb. Bu səbəbdən yeni istilik sistemlərinin tətbiqi ilə bağlı gələcəkdə həm texniki, həm də idarəetmə baxımından müəyyən çətinliklər yarana bilər”. Geri qayıt |