Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın Orta Asiya ölkələrini TRİPP-ə cəlb etməkdə məqsədi nədir?
Paşinyanın Orta Asiya ölkələrini TRİPP-ə cəlb etməkdə məqsədi nədir?Bu gün, 09:31 |
|
Ermənistan Zəngəzur dəhlizi üzərindən Mərkəzi Asiyaya çıxış əldə etmək üçün yeni diplomatik və iqtisadi gedişə hazırlaşır. İrəvanın əsas hədəfi Qazaxıstan və Qırğızıstanı ABŞ ilə birlikdə həyata keçirilən TRIPP layihəsinə cəlb etməkdir. Haqqın.az yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı TRIPP layihəsində Qazaxıstanın iştirakı məsələsini müzakirə edib. Məlumata görə, İrəvan Astanaya TRIPP-də Ermənistanın payından 5 faiz verməyi təklif edib. Daha 5 faizlik payın isə Qırğızıstana təklif olunduğu bildirilir. Hazırkı modelə əsasən, TRIPP-də Ermənistanın 26, ABŞ-nin isə 74 faiz payı var. Beləliklə, Ermənistan faktiki olaraq öz payının bir hissəsini Mərkəzi Asiya ölkələrinə verməklə onları layihəyə cəlb etməyə çalışır. Bütün bunlara baxmayaraq, nə Qazaxıstan, nə də Qırğızıstan indiyədək TRIPP-ə qoşulmaqla bağlı rəsmi qərar açıqlayıb. Qırğızıstan hökumətinin nümayəndəsi Daniyar Amangeldiyev də ölkəyə hələ rəsmi təklif daxil olmadığını bildirib. Burada əsas amillərdən biri Rusiyanın reaksiyası ola bilər. Həm Qazaxıstan, həm də Qırğızıstan Rusiya ilə iqtisadi, siyasi və təhlükəsizlik əlaqələrini qoruyur. Hər iki ölkə eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. Moskva isə TRIPP layihəsinə açıq şəkildə maraq göstərsə də, Ermənistanın Rusiyanın rolunu azaltmağa yönələn addımlarını narahatlıqla qarşılayır. Professor Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın bu təklifinin məqsədi, görünür, layihəni Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan daha geniş iqtisadi-logistika platformasına çevirməkdir: “İrəvanın təklifinin arxasında üç məqsəd dayanır. Birincisi, Azərbaycan-Naxçıvan bağlantısını Ermənistan üçün daha geniş beynəlxalq tranzit layihəsinə çevirmək. İkincisi, Qazaxıstan və Qırğızıstan kimi türk dövlətlərini layihəyə daxil etməklə TRIPP-in Ermənistan-Azərbaycan münasibətlərindən kənarda Mərkəzi Asiya-Cənubi Qafqaz bağlantısı kimi təqdim edilməsinə nail olmaq. Üçüncüsü, layihədə Azərbaycan faktorunu balanslaşdırmaqdır. Çünki TRIPP-in əsas coğrafi məntiqi Azərbaycan ərazisindən Naxçıvana, oradan isə Türkiyə istiqamətinə çıxış yaratmaqdır. Qazaxıstan və Qırğızıstanın səhmdar və ya tərəfdaş kimi cəlb edilməsi isə Ermənistanın öz ərazisindən keçən marşrutun regional əhəmiyyətini artıra bilər. Qazaxıstanın TRIPP-də hansısa formada iştirakı kifayət qədər realdır. Xüsusilə Astana layihəni Orta dəhlizin əlavə qolu kimi görərsə, səhmdarlıq, investisiya, logistika və ya operatorluq formatlarından biri gündəmə gələ bilər. Qırğızıstanın TRIPP-də iştirak etməsi prinsip etibarilə mümkündür. Lakin Bişkek üçün layihənin iqtisadi səmərəsi Qazaxıstanla müqayisədə daha dolayıdır. Qırğızıstanın əsas üstünlüyü layihəyə böyük kapital qoymaqdan çox, Mərkəzi Asiya nəqliyyat və ticarət şəbəkəsinə qoşulmaqdan yarana bilər. Ona görə də Qırğızıstanın 5 faizlik payı qəbul etməsi üçün Ermənistanın yalnız siyasi təklif irəli sürməsi kifayət etməyəcək. Layihədən əldə ediləcək gəlir, investisiya yükü, idarəetmə hüquqları və daşınacaq yük həcmləri Bişkek üçün konkret iqtisadi üstünlük yaratmalıdır". ABŞ Ermənistanın təklifinin reallaşmasında maraqlı ola bilərmi? Professor hesab edir ki, ABŞ-nin prinsip etibarilə belə bir genişlənməyə müsbət yanaşması daha ehtimal olunandır: “Çünki Vaşinqtonun TRIPP layihəsinə yanaşması yalnız Ermənistanın Naxçıvan istiqamətində yeni yolunun yaradılması ilə məhdudlaşmır. ABŞ-Ermənistan çərçivə sazişində TRIPP-in regional və qlobal ticarət üçün yeni marşrut yaratması, Ermənistan və ABŞ biznesləri üçün iqtisadi imkanlar formalaşdırması və Cənubi Qafqazda regional inteqrasiyanı gücləndirməsi açıq şəkildə vurğulanır. Sazişdə TRIPP-in digər tərəfdaşları və investorları cəlb edə biləcək xüsusi layihə şirkətləri yaratmasına da imkan verilir. ABŞ buna böyük ehtimalla mane olmayacaq, əksinə, layihənin genişlənməsində maraqlı ola bilər. Çünki TRIPP nə qədər çox ölkənin iqtisadi marağını özündə birləşdirərsə, onun davamlılığı və regional çəkisi də bir o qədər arta bilər. Lakin burada ən maraqlı məqam odur ki, TRIPP-in Qazaxıstan və Qırğızıstana açılması Azərbaycanın Orta dəhlizdəki rolunu azaltmaya da bilər; əksinə, düzgün qurulduğu halda Azərbaycanın Xəzər üzərindən Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əsas tranzit həlqə kimi əhəmiyyətini daha da artıra bilər. Çünki Mərkəzi Asiyadan gələn yükün TRIPP vasitəsilə Qərbə çatması üçün ən məntiqli marşrutlardan biri yenə də Xəzər-Azərbaycan-Naxçıvan-Türkiyə xəttidir". Geri qayıt |