Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənilərlə müharibə yox, ticarət olmalıdır...

Ermənilərlə müharibə yox, ticarət olmalıdır...


Bu gün, 04:55

Bilirsiniz ki, Azərbaycanla Ermənistan yaxın vaxtlarda ticarəti bərpa etməyi nəzərdə tutur.
Bu, növbəti tarixi bir hadisə olacaq. Çünki sovet rejimi süqut edəndən sonra iki respublika arasında heç bir ticarət aparılmayıb.
Ötən ildən etibarən isə Azərbaycan Ermənistana öz neft məhsullarını ixrac edir, 30 ildən artıq tətbiq edilən embarqonu aradan qaldıraraq Rusiyadan, Qazaxıstandan gələn malların ölkəmizdən tranzit keçərək İrəvana getməsinə şərait yaradıb.
Ona görə xeyli vaxtdır ki, Rusiyaya aid taxıl, buğda, kömür, propan və başqa mallar Azərbaycandan keçərək Ermənistana daşınır.
Yaxın dövrdə isə erməni məhsullarının Azərbaycana idxalı gözlənilir. Bir sözlə, bazarlarımızda, marketlərimizdə erməni mallarının satılmasına rast gələcəyik.
İqtisadçıların gözləntisi ondan ibarətdir ki, əsasən kənd təsərrüfatı məhsulları, xüsusən erməni əriyi, həmçinin tikinti materialları, mebel malları Azərbaycana gətiriləcək.
Ümumiyyətlə, meyvə-tərəvəz, müxtəlif ərzaq məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, mineral sular, eləcə də spirtli içkilərin, o cümlədən Ermənistanın konyak və şərablarının Azərbaycan bazarına çıxarılması mümkün ola bilər.
Niyə də olmasın?! Müharibədə qələbədən sonra sülh yaranıb və biz qonşumuzla düşmənçilik səhifəsini qapadıb normal ticarət əlaqələrinə başlamalıyıq.
Bəzi reaksiyalar var ki, erməni məhsullarını almaq, qidalanmaq olmaz. Əgər torpaqlarımız işğal altında olsaydı, bəli, ermənilərlə ticarət baş tutmazdı.
Digər tərəfdən isə bu məhsulların keyfiyyəti, təhlükəsizliyi, mənşəyi mütləq şəkildə yoxlanılacaq. Bəs gömrük orqanları, AQTA, fitosanitar xidmət nə üçündür?
Kimsə fikirləşirsə ki, erməni məhsullarını göz yumub ərazimizə buraxacaq, yoxlamamış marketlərdə satışa çıxaracağıq, sadəlövhlük edir.
Təbii ki, bu mallar məcburi satılmayacaq, istəməyən almasın.
Amma sülh dövründə ticarətin bərpasının tərəfdarıyam. Yəni şəxsin fikrim ondan ibarətdir ki, ermənilərlə müharibə yox, elə ticarət olmalıdır.
Təkcə ona görə yox ki, ermənilər bizim benzinimizi alır, biz onların aqrar məhsullarını, yox.
Sadəcə, ticarətin olması dayanıqlı sülh, sabitlik, təhlükəsizlik deməkdir, müharibənin olmaması deməkdir.
Əgər bölgədə iki ölkə ticarət edirsə, orada hərbi toqquşmalar heç bir tərəfə sərf etmir.
Buna görə ticarət də, təmaslar da vacibdir ki, gərginlik olmasın, iki qonşu ölkə və xalq olaraq yanaşı dinc şəraitdə yaşayaq.
Bəyəm bunun əksini istəyən varmı... ?
Arifə Əliyeva - "DİA-AZ"

Geri qayıt