Əsas Səhifə > Ana xəbər / Güney Press > "Azğın məmur öz bildiyini edir..."

"Azğın məmur öz bildiyini edir..."


Bu gün, 10:48

"Dünən bir dostum məni qonaq çağırmışdı. Söhbət əsnasında dedi ki, 20 kvadratmetrlik kiçik bir dönərxanası var. Ardınca elə gileyləndi ki, bir anlıq nə deyəcəyimi bilmədim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Fadil Paşayev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Deyir: “Bu balaca dönərxananın qapısını döyməyən dövlət qurumu qalmayıb...”
Dostum danışdıqca, açığı, dəhşətə gəlirdim. 20 kvadratmetrlik bir obyektin sahibini bu qədər qurum necə “məşğul” edə bilər? Kiçik sahibkar onsuz da icarə, vergi, əməkhaqqı, kommunal xərclər, məhsul və digər gündəlik məsrəflərin altında əzilir. Bir də üstünə qanunsuz tələblər və bürokratik əngəllər gələndə adamın işləməyə həvəsi də, gücü də qalmır.
Axı biz müstəqilliyimizin 35-ci ildönümünə yaxınlaşırıq. Altı ildir ki, dövlət suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olunub. Azərbaycan böyük tarixi Zəfər qazanıb. Dünyaya öz gücünü nümayiş etdirib.
Amma təəssüf ki, bəzi problemlər hələ də həyatımızın ayrılmaz hissəsi olaraq qalır: korrupsiya, rüşvət, bürokratiya, sahibkarın incidilməsi, vəzifədən sui-istifadə... Ən ağrılısı isə odur ki, bütün bunlar barədə dəfələrlə danışılıb, xəbərdarlıqlar edilib, tapşırıqlar verilib.
Demək olar, hər bir iş adamının telefonunda Prezident İlham Əliyevin “Sahibkara mane olmaq dövlətə xəyanətdir” fikrinin səsləndiyi video var. Bəziləri həmin ifadəni ofisinin divarına asıb, bəziləri iş masasının qarşısına qoyub. Amma görünən odur ki, bu sözlərin mahiyyətini dərk etməyənlər hələ də kifayət qədərdir.
Çifayda...
Çünki azğın məmur öz bildiyini edir. Sahibkarı dövlətin tərəfdaşı kimi yox, sanki qarşısında dayanmış “günahkar” kimi görür. İş adamının problemini həll etmək əvəzinə ona yeni problem yaradır. Qanunun tələb etdiyi proseduru izah etmək əvəzinə, sahibkarı kabinetdən-kabinetə göndərir. Bəzən isə məsələni elə dolaşdırır ki, sahibkar “kaş bu işə heç başlamazdım” deyə düşünür.
Belə münasibət yalnız bir sahibkarın problemini deyil, bütövlükdə ölkənin iqtisadi inkişafını zədələyir. Çünki sahibkar iş yeri yaradır. Vergi ödəyir. İnsanlara maaş verir. Ailələr dolanır. Küçədə bir dönərxananın, kafeyə çevrilmiş kiçik obyektin, emalatxananın, mağazanın arxasında bir neçə ailənin çörəyi dayanır.
Əslində dövlət sahibkarı düşmən yox, tərəfdaş kimi görür. Amma əksər dövlət qurumu sahibkarın nəfəsini kəsir, qanun adı ilə sahibkara təzyiq göstərir, onu bezdirməkdən ötrü cilddə-cildə girir. Bu, yolverilməzdir.
Bir ölkədə sahibkar daim “görəsən sabah hansı qurum gələcək?” qorxusu ilə yaşayırsa, orada sağlam biznes mühiti yaratmaq mümkün deyil.
Axı biz Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdik. Viran qoyulmuş şəhərləri yenidən qururuq. Dünyaya qalib xalqın, güclü dövlətin və böyük potensiala malik Azərbaycanın olduğunu göstəririk. Bəs ölkənin içindəki kiçik sahibkara niyə rahat nəfəs almağa imkan vermirik? Niyə 20 kvadratmetrlik dönərxananın sahibini rahat buraxmırıq? Niyə vətəndaş dövlət qurumunun qapısını döyəndə probleminin həll ediləcəyinə yox, yeni problemlərlə üzləşəcəyinə ehtiyat edir?
Ən təhlükəlisi də budur: cəzasızlıq hissi. Məmur bilir ki, etdiyi hərəkətə görə ciddi məsuliyyət daşımayacaqsa, sabah daha artığını etməyə cəsarət tapır. Bir müddət sonra bu, sistemə çevrilir. Sistemləşəndə isə cəmiyyətin dövlətə olan inamına zərbə vurur. Bizim qalib Azərbaycanımız buna layiq deyil.
Bu gün ölkəmizin ən böyük sərvətlərindən biri yalnız neft, qaz və təbii resurslar deyil. Ən böyük sərvətlərimizdən biri də öz zəhməti ilə iş quran, risk edən, insanlara çörək verən sahibkardır. O sahibkarı isə qorumaq lazımdır. Onun qarşısına süni maneələr çıxarmaq yox, yolunu açmaq lazımdır. Məmur bilməlidir ki, dövlətin gücü vətəndaşı qorxutmaqda deyil, vətəndaşın yanında olmaqdır.
Prezidentin “Sahibkara mane olmaq dövlətə xəyanətdir” fikri sadəcə divardan asılan poster, telefonda saxlanılan video olmamalıdır. Bu, hər bir məmurun gündəlik fəaliyyətinin əsas prinsiplərindən birinə çevrilməlidir. Çünki sahibkarı yaşatmaq iqtisadiyyatı yaşatmaqdır. İqtisadiyyatı yaşatmaq isə dövləti gücləndirməkdir.
Biz qalib Azərbaycanı cəzasızlıq, rüşvət və bürokratiya bataqlığında boğmaq üçün yox, daha güclü, daha ədalətli və daha firavan gələcək qurmaq üçün qurmuşuq. Günəşli Vətənimizi kimlərinsə azğınlığı ucbatından cəhənnəmə çevirməyə haqqımız yoxdur. Dur deyən mütləq olmalıdır. Və ən əsası, həmin “dur” sözü kağız üzərində yox, real həyatda eşidilməlidir..."

Geri qayıt