Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək?
Ermənistandan gələcək məhsulların keyfiyyətinə kim zəmanət verəcək?Bu gün, 10:11 |
|
Məlum olduğu kimi, Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsindən Azərbaycana ilk ixrac əməliyyatının artıq baş tutduğunu bildirib. Bu isə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov bildirib ki, Ermənistandan Azərbaycana ilk məhsul satışının həyata keçirilməsi iki ölkə arasında münasibətlərin normallaşmasının iqtisadi müstəviyə keçməsini göstərən mühüm hadisədir və bu prosesə ilk növbədə hüquqi, iqtisadi və institusional reallıqlar əsasında yanaşılmalıdır. Onun sözlərinə görə, ayrı-ayrı şəxslərin məhsulların keyfiyyəti ilə bağlı suallar səsləndirməsi anlaşılan olsa da, həmin ehtimalların real təhlükə kimi təqdim edilməsi üçün heç bir əsas mövcud deyil: “Azərbaycan bazarına daxil olan malların hüquqi statusunu istehsalçı ölkə ilə bağlı siyasi münasibətlər deyil, dövlətimizin qanunvericiliyi və müəyyənləşdirdiyi texniki normalar formalaşdırır. Qarşılıqlı ticarətin başlanması idxal prosedurlarının sadələşdirilməsi, nəzarətin zəiflədilməsi və ya hər hansı ölkəyə xüsusi istisna tanınması mənasına gəlmir. Ermənistan mənşəli məhsullar da digər dövlətlərdən gətirilən bütün mallar kimi Azərbaycanın sanitariya, fitosanitar, baytarlıq, texniki və istehlak bazarına dair tələblərinə tam uyğunluq əsasında ölkəyə buraxıla bilər. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi və digər aidiyyəti qurumlar idxal olunan qida məhsullarına münasibətdə çoxpilləli nəzarət mexanizmi tətbiq edir. Bu mexanizm sənədlərin və mənşə məlumatlarının yoxlanılmasını, məhsulla müşayiətedici sənədlərin eyniliyinin müəyyənləşdirilməsini, risk qiymətləndirilməsini, fiziki baxışı və zərurət yarandıqda akkreditasiya olunmuş laboratoriyalarda müayinələrin aparılmasını əhatə edir. Məhsulun tərkibində insan sağlamlığı üçün təhlükəli maddələr, yol verilən həddi aşan kimyəvi göstəricilər, mikrobioloji çirklənmə və ya digər uyğunsuzluq müəyyənləşdirildikdə həmin partiyanın daxili bazara daxil olmasına yol verilmir, məhsul geri qaytarılır, utilizasiya edilir və ya qanunvericiliyə uyğun şəkildə məhv olunur. Nəzarət sərhəd mərhələsi ilə yekunlaşmır, məhsulun daşınması, saxlanılması və satış dövriyyəsi də izlənilir, istehsalçıdan idxalçıya və satıcıya qədər bütün təsərrüfat subyektləri təqdim etdikləri məlumatların düzgünlüyünə və məhsulun təhlükəsizliyinə görə hüquqi məsuliyyət daşıyırlar. Bu sistemin başlıca üstünlüyü nəzarətin mənşə ölkəsinə münasibətdən deyil, konkret məhsulun risk profilindən, istehsal şəraitindən və laborator göstəricilərindən çıxış etməsidir. Beləliklə, qərarlar fərziyyələrlə deyil, ölçülə bilən elmi nəticələr və hüquqi meyarlarla qəbul olunur, həmin qərarların icrası isə bütün idxalçılar üçün məcburi xarakter daşıyır”.
Geri qayıt |