Əsas Səhifə > Ana xəbər / Güney Press > Nəhayət ki, Behrudun dərdinə əncam qılındı...
Nəhayət ki, Behrudun dərdinə əncam qılındı...Bu gün, 07:33 |
|
Ordubaddakı birə problemi ictimailəşdirildikdən sonra Behrud kəndində dərmanlama işləri aparılıb.
"DİA-AZ-ın məlumatına görə, sakinlər bundan öncə “Gündəlik Naxçıvan”a bildirirdilər ki, problemlə bağlı müraciətlərinə cavab olaraq onlardan dərmanlama üçün hər kvadratmetrə 20 manat tələb olunub.
Kənd sakinləri deyirlər ki, xəbər yayımlandıqdan sonra aidiyyəti xidmət əməkdaşları kəndə gəlib, problemli ərazilərə baxış keçiriblər. Növbəti gün isə birə yayılan yerlər heç bir ödəniş tələb olunmadan dərmanlanıb.
Sakinlərdən biri deyir:
“Neçə vaxt idi şikayət etmədiyimiz yer qalmamışdı. Deyirdilər, pul yığın, gəlib dərmanlayaq. Məsələ ictimailəşən kimi hərəkətə keçdilər. Bir saat sonra kəndə gəlib baxdılar, ölçdülər, biçdilər, getdilər. Növbəti gün isə gəlib lazım olan hər yeri pulsuz dezinfeksiya etdilər.
Belə çıxır ki, məsələ ictimailəşməsəydi, kəndin tamamını birə basacaqdı. Yenə də sağ olsunlar ki, ictimai qınağı nəzərə alıb kəndi dərmanladılar”.
Daha əvvəl Behrud sakinləri kənddə birənin tövlələrin ətrafından başlayaraq küçələrə, yaşayış evlərinə və hətta məktəbə qədər yayıldığını bildirirdilər. Onların sözlərinə görə, sanitar xidmət dərmanlama üçün hər kvadratmetrə 20 manat tələb edirdi. Bu hesabla 300 kvadratmetrlik bir həyətin dərmanlanması 6 min manata başa gəlirdi.
Geri qayıt |