Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı

Azərbaycanda etnik, təriqət gərginliyi üçün meydan varmı


Bu gün, 06:37

Azərbaycan Qafqazda erməni separatizminin onurğasını sındırandan sonra dövlət müstəqilliyimizin möhkəmlənməsinə qarşı olan güclər etnik və təriqət kimlikləri üzərindən yeni münaqişələr yaratmaq eşqinə düşüblər. Tarixi şəxsiyyətlərimizin, ünlü yazarlarımızın, qəhrəmanlarımızın kimliyinin müzakirəyə çıxarılması bu planın tərkib hissəsidir. Yəni, ilin-günün bu vaxtında, qlobal savaşların regionu yıxıb-yandırdığı dönəmdə Şah İsmayıl Xətainin davası, Babəkin kimliyi, Nizaminin harda doğulması müzakirəsi niyə açılsın ki? Bu, talışın, ləzginin, avarın hansı dərdinin dərmanıdır?
Ya da Azərbaycan kürdləri ilə bağlı mif… O niyə yaradılsın ki? Bu gün “dəbə” uyub özünə kürd deyənlərin neçəsi kürd olduğunu sübut edər? 3 cümlə kürdcə danışa bilər? Dədədən, nənədən addan başqa heç nə qalmayıb? 1 bayatı, bir xatirə…? Xəbərləşmək üçün kürd xəbər portalı yaradıblar - türkcə. Allah, Allah… Siz heç xəbərləşmək üçün kürdcə xəbər portalı yaradan türk qrup görmüsünüz?.. Türklə yanaşı yaşayan, eyni coğrafiyanı paylaşan mərd kürdün yox, Qərbin, Rusiyanın, SEPAH-ın te@rrora yapışdırdığı ünsürün nəfəsi gəlir bu işdən sanki.
Çox ustaca düşünülüb... Bizim üçün zamanında tarixə yön verən mərkəzlərin qurduğu bölücülük gələnəyi dağılıb, separatizm yerini işbirliyinə verir, təkcə Azərbaycanın deyil, regionun ən böyük dövlət qurucu etnosu türklər ordu, iqtisadiyyat, ortaq mədəni miras üzərindən yeni bir reallıq yaradıb. Türklər qlobal prosesin damarını tutub... Daha onların hakim olduğu regionda at oynatmaq asan olnayacaq… Yanıb yaxılırlar…
Bu dalğada regionun bütün xalqları Türk gücü sayəsində təhlükəsizlik çətiri qazanırlar. Yurdunun, yuvasının, həyatının dəyərini bilən bütün etnik, dini kimliklər bu çətirin yaranması və möhkəmlənməsi işinə çiyin verib, qan qatıb. Baxın şəhid xiyabanlarımıza, könüllü Vətən savaşçılarımızın sırasına. O qəhrəmanların etnik və dini kimliyi hansı önəmi daşıyır? Türklər üçün daşımır. Birmənalı… Hamısı bizimdir, hamısı bu torpaqlarda barış üçün can verən müqəddəslərimizdir. Kimsə onların ruhunu incitmək istəsə, demək onların qatillərinin tərəfindədir. Qarşısında bizi görər…
Təriqət kartı etnik kimlik təfriqələrindən sonrakı mərhələ kimi düşünülüb - Türklərin içində məzhəb ayrılıqlarını qabartmaq, birliklərinə mane olmaq üçün. Təhlükə yarananda bir dağımızda tonqal qalansa yaxın civar qardaşlarımızın “o məzhəbdən mənə nə” deyib yardıma gəlməməsi üçün son şanslarını işə salıblar. Şah İsmayıl müzakirələrində bu o qədər aydın görünür ki… Zəncir çeynəyirlər… Dəhşətə gəlirlər… Əsrlərlə araya təriqət savaşları saldılar, ixtilafların bitməyəcəyini sandılar, bu gün türkün şiəsi, sünnisi, hənəfisi, ələvisi, xristianı, dindarı, ateisti, deisti bu fərqlilikləri düşünmədən qucaqlaşır, qaynaşır. Hər şey olacağına varıb… Daha da varacaq…
Bu planlara uymamaq, nə tarixi fakta, nə məntiqə söykənən iddialar əsasında müzakirələr açmamaq ən doğrusudur.
Rusun, farsın və onlara xidmət edənlərin aqibəti ortadaykən türklərə qarşı cəbhə almaq ağılsızlıqdır. Bu gün ərazisində 7 türk dövlətinin kök saldığı nəhəng coğrafiyamızın sahibi atalarımız buna “isti aşa soyuq su qatmaq” deyiblər, məsləhət görməyiblər. Bu gün üçün də keçərlidir. Yeni dünya düzəninin qurulduğu çağda çiyin-çiyinə rifah üçün, 3 günlük dünyada adam kimi yaşamaq üçün, birlik, təhlükəsizlik üçün güc sərf etməliyik.
Bir də…
Etnik və dini ayrışmaya xidmət edən istənilən müzakirələrə qoşulub fakt sadalamaq əbəsdir. Aldığı əmrlə sözü ucuzluğa aparana zaman sərf etməyə dəyməz - birbaşa niyyətini üzünə vurmaq lazımdır. Sonrasını o düşünsün. Bizim barışa qarşı olanlarla davranış şəklimiz bəllidir.
Aygün Muradxanlı 06.09.2026
"DİA-AZ"

Geri qayıt