Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilər
Rusiya qoşunlarını Ermənistan sərhədindən çəkə bilərBu gün, 10:29 |
|
Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov İrəvanı sərhədə gələ biləcək ABŞ qoşunları ilə hədələdi, İranla sərhədində nələr ola biləcəyinə işarə etdi... Ermənistanda Rusiyanın hərbi və sərhəd mövcudluğunun gələcəyi yenidən ciddi müzakirə mövzusuna çevrilib. Nikol Paşinyan hökumətinin Moskva ilə məsafəni artıraraq ABŞ və Qərblə yaxınlaşması fonunda Rusiya qüvvələrinin Ermənistan ərazisindəki mövcudluğunun taleyi ilə bağlı əsas sual ortaya çıxır: Moskva Ermənistanın sərhədlərindən tamamilə çəkilə bilərmi? İlk ciddi siqnallardan biri Rusiyanın sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması oldu. 2024-cü ildə Rusiya sərhədçiləri hava limanını tərk etdilər. Daha sonra Ermənistanın İranla sərhədindəki Aqarak istiqamətində də Rusiyanın sərhəd mövcudluğu azaldıldı. Musavat.com xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsovun son açıqlaması bu baxımdan xüsusilə diqqətçəkəndir. Şevtsov sentyabrın 4-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun “KTMT – ŞƏT: təhlükəsizlik məkanı” sessiyasında çıxış edərkən ABŞ-ın Ermənistan ərazisində mümkün hərbi və kəşfiyyat mövcudluğu barədə açıq xəbərdarlıq edib. Onun sözlərinə görə, sözdə “Tramp marşrutunun” Ermənistan ərazisindən keçirilməsi Qərbə, xüsusilə də ABŞ-a Ermənistan ərazisində qoşunlar, özəl hərbi şirkətlər və kəşfiyyat infrastrukturu yerləşdirmək imkanı yarada bilər. Şevtsov bunun xüsusilə İran sərhədinin bilavasitə yaxınlığında baş verə biləcəyini vurğulayıb. Bu, Moskvanın narahatlığının nədən ibarət olduğunu kifayət qədər açıq göstərir: Rusiyanın Ermənistanın təhlükəsizlik sistemindən çəkildiyi bir vaxtda onun boşaltdığı məkanda ABŞ-ın mövcudluğu yarana bilər. Və burada Ermənistan üçün əsas sual ortaya çıxır: Rusiya sərhədçiləri və hərbçiləri getdikdən sonra onların yerini kim tutacaq? Belə bir şəraitdə Ermənistanın Rusiya sərhədçilərindən və hərbi bazasından imtina etməsi təkcə Moskva ilə münasibətlərin dəyişməsi demək deyil. Bu, Cənubi Qafqazda təhlükəsizlik balansının da dəyişməsi deməkdir. “Qolos Armeniya” yazır ki, ən təhlükəli ssenari isə Vaşinqtonun sabah İrəvan qarşısında İranla bağlı konkret tələb qoya biləcəyidir. “ABŞ Ermənistana “İranla münasibətlərinizi anlayırıq, amma indi bizim mövqeyimizi dəstəkləməlisiniz” desə, Paşinyan hökuməti nə edəcək? Belə tələblərin variantları kifayət qədər çoxdur: İrəvandan ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmaq, Tehranla enerji və digər iqtisadi layihələri məhdudlaşdırmaq, yaxud İran hakimiyyətinə münasibətdə Vaşinqtonun mövqeyini dəstəkləmək tələb oluna bilər. Bu gün Donald Tramp Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edir, Nikol Paşinyanı “böyük dost” adlandırır . Ancaq beynəlxalq siyasətdə dostluq bəyanatlarından daha vacib olan milli maraqların toqquşduğu anda tərəflərin hansı mövqeni tutmasıdır.Bu gün ABŞ üçün Ermənistanın ərazi bütövlüyünün müdafiəsi prioritet kimi təqdim oluna bilər. Sabah isə Vaşinqtonun İranla qarşıdurması kəskinləşərsə, İrəvanın qarşısına tamam başqa tələb qoyula bilər”-”Qolos Armeniya” yazır. Geri qayıt |