Əsas Səhifə > Ana xəbər / Güney Press > Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son

Putindən Ermənistana təhdid mesajı: Təhlükəsizlik zəmanətinə son


Bu gün, 07:44

“Əgər İrəvan zəruri hesab edərsə, Rusiya Ermənistandakı hərbi bazasını saxlamağa hazırdır”.

Rusiya Prezidenti Vladimir Putin bunu Şanxay Əməkdaşlıq Təşkilatının sammiti və xarici liderlərlə bir sıra görüşlərdən sonra Bişkekdə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əgər Ermənistan Rusiya hərbi bazasına artıq ehtiyac olmadığına inanırsa, Rusiya hətta sabah belə çıxmağa hazırdır.

Vladimir Putinin bu açıqlamasının arxasında hansı məqamın dayandığı ciddi suallar doğurur. Çünki Kreml Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasında maraqlı deyil.

Yəni Putinin dedikləri reallığı əks etdirmir. Rusiya qoşunlarının Ermənistanı tərk etməsi Cənubi Qafqazda Moskvanın geosiyasi təsirinə son qoyulması deməkdir.

2009-cu ildə yenilənmiş müqaviləyə görə, Rusiya hərbi bazaları 2040-cı ilə qədər Ermənistanda qalmalıdır. Bu səbəbdən Rusiya Prezidentinin açıqlaması daha çox Ermənistana təhdid mesajı kimi başa düşülə bilər.

Yəni Rusiya ilə hərbi müttəfiqlik müqaviləsinin Paşinyan hakimiyyəti tərəfindən pozulması Ermənistanın təhlükəsizliyi ilə bağlı Moskvanın götürdüyü öhdəliklərdən imtina etməsi deməkdir. Bu isə Ermənistan üçün daha ciddi problemlərin yaranmasına gətirib çıxara bilər.

Qeyd edək ki, rəsmi İrəvan son illər Ermənistanın təhlükəsizliyinin diversifikasiyası siyasətini yürüdür. Paşinyan Qərbdən, əsasən də Avropa İttifaqından Ermənistanın təhlükəsizliyinə təminat verilməsini istəyir. Qərb dairələri isə Rusiyanın hərbi müttəfiqinə belə təhlükəsizlik zəmanətləri vermək istəmir.

Eyni zamanda, Ermənistanın Avropa İttifaqına inteqrasiya kursu tutmasına baxmayaraq, Brüssel Paşinyan hakimiyyətindən Rusiya hərbi bazalarının ölkədən çıxarılmasını və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağı tələb edir.

Bu isə Rusiyanı kifayət qədər narahat edir. Ona görə də Putinin bəyanatı daha çox tərsinə oxunmalı və “Rusiya hərbi bazaları Ermənistanda qalmalıdır” kimi başa düşülməlidir. Yəni Putin Ermənistanı təhlükəsizliyin təminatına dair öhdəliklərdən imtina ilə hədələyir. Bundan sonra isə Rusiya Ermənistanın müttəfiq dövlətindən düşməninə çevrilə bilər.


Geri qayıt