Əsas Səhifə > Ana xəbər / Güney Press > TƏBİB və AAYDA-da kadr təyinatı bitmir

TƏBİB və AAYDA-da kadr təyinatı bitmir


Bu gün, 06:46

Son aylarda iki mühüm dövlət qurumunda diqqətçəkən mənzərə formalaşıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) və TƏBİB-də rəhbərlik dəyişikliyindən sonra qurumların fəaliyyətində ən çox diqqət çəkən məsələlərdən biri kadr təyinatlarıdır.
Bizimesr.media xəbər verir ki, bir tərəfdə ölkənin yol təsərrüfatına cavabdeh olan AAYDA, digər tərəfdə isə səhiyyə sisteminin mühüm hissəsini idarə edən TƏBİB var. Hər iki qurumun cəmiyyət üçün birbaşa əhəmiyyət daşıyan funksiyaları mövcuddur.
Amma ictimaiyyətin qarşısına çıxan xəbərlərin əhəmiyyətli hissəsi görülən işlərdən, həll olunan problemlərdən və konkret nəticələrdən daha çox “filankəs vəzifədən azad edildi”, “filankəs vəzifəyə təyin edildi” məzmunundadır.
AAYDA-da növbəti kadr dəyişikliyi
Son təyinat da bu mənzərənin davamı kimi diqqət çəkir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Normativ hüquqi aktlar və hüquqi tənzimləmə şöbəsinə Həmid Mübah oğlu Mehdiyev rəhbər təyin edilib. Məlumata görə, bu barədə AAYDA sədri Vüsal Nəsirli əmr imzalayıb. Həmid Mehdiyev bundan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Daxili nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.
Lakin daha böyük bir suallar açıq qalır - Kadr dəyişiklikləri nə vaxt konkret nəticələrlə müşayiət olunacaq, Vüsal Nəsirlinin qarşısında əsas məsələ nədir?
AAYDA-nın rəhbərliyində dəyişiklikdən sonra gözlənti yalnız yeni vəzifələrə yeni şəxslərin gətirilməsi deyil. Ölkənin müxtəlif ərazilərində yolların vəziyyəti, uzun müddət təmir olunmayan yol sahələri, yol infrastrukturundakı problemlər və vətəndaşların gündəlik üzləşdiyi çətinliklər hələ də gündəmdədir. Üstəlik, qarşıda qış fəsli gəlir və problemlər daha da qabarıq hiss olunacaq. AAYDA rəhbəri Vüsal Nəsirli isə bütün yay aylarını kadr dəyişikliyi ilə ötürdü.
Vətəndaş üçün isə şöbə müdirinin dəyişib-dəyişməməsindən daha vacib olan başqa məsələ var - yol nə vaxt təmir olunacaq?
İnsanlar üçün əsas göstərici yeni təyinatların sayı yox, asfaltlanan yolların, yenilənən körpülərin, həll olunan infrastruktur problemlərinin və görülən işlərin nəticəsidir.
TƏBİB-də də oxşar mənzərə davam edir.
TƏBİB-in rəhbərliyinə Anar Bayramovun təyin edilməsindən sonra müxtəlif tibb müəssisələrində kadr dəyişiklikləri barədə xəbərlər yayıldı. Lakin TƏBİB-in strukturuna daxil olan xəstəxanalarda vətəndaşların üzləşdiyi problemlər bununla avtomatik həll olunmur.
Xəstəxanalarda xidmət keyfiyyəti, növbələr, tibbi xidmətlərin əlçatanlığı, maddi-texniki vəziyyət, bəzi tibb müəssisələrinin infrastrukturu və vətəndaş müraciətlərinə münasibət kimi məsələlər konkret nəticə tələb edir.
Burada da eyni sual ortaya çıxır - Sistemdə real dəyişiklik nə vaxt görünəcək?
Əslində kadr siyasəti istənilən qurumun fəaliyyətində mühüm amildir. Uyğun şəxslərin düzgün vəzifələrə təyin edilməsi idarəetmənin keyfiyyətinə təsir göstərə bilər. Amma bunun üçün aylar, illər lazımdırmı? Köhnədən qalar, korrupsiyaya bulaşmış, işini bacarmayan şəxsləri vəzifədən uzaqlaşdırmaq nə qədər çətin məsələdir? Doğrudanmı bu şəxsləri vəzifədən çıxartmaq çox çətindir?
Axı, kimsə bilmir ki, TƏBİB- rəhbəri Anar Bayramov, AAYDA şefi Vüsal Nəsirli və ya hansısa məmur postunda nə qədər qalacaq. Bu gün vəzifəyə təyin olunan şəxs sabah başqa səbəbdən vəzifədən azad edilə bilər. Onun yerinə yeni rəhbər gətiriləcəyi təqdirdə həmin şəxs də ilk növbədə öz komandasını formalaşdırmağa, şöbə və struktur rəhbərlərini dəyişməyə başlayacaq. Beləliklə, proses yenidən əvvələ qayıdacaq. Bu, vaxt itkisidir.
Ədil Hüseynli - bizimesr.media

Geri qayıt