Əsas Səhifə > Ana xəbər / Güney Press > Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir?

Su “od qiymətinə": Fermerləri hansı problemlər gözləyir?


Bu gün, 07:40

Sentyabrın 1-dən su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin tətbiqinə başlanılacaq.

Bununla bağlı Baş nazir Əli Əsədovun aprelin 14-də müvafiq qərar imzalayıb.

Qərara əsasən, bu, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən texniki qurğu və avadanlıq tətbiq etməklə su obyektlərindən suyun götürülməsi, tullantı sularının təmizlənərək su obyektlərinə axıdılması və su akvatoriyasından istifadə olunması ilə əlaqədardır. Suyun götürülməsi zamanı su obyektindən və götürülmə məqsədindən asılı olaraq məbləğlər müxtəlifdir.

Belə ki, sənaye məqsədilə Xəzər dənizindən götürülən 100 kubmetr suya görə 0.4, çay və göllərdən götürülən 100 kubmetr suya görə 4, yeraltı sulardan götürülən 100 kubmetr suya görə 40 manat müəyyənləşdirilib. Xəzər dənizinə axıdılan 100 kubmetr tullantı suyu üçün 1, çay və göllərə axıdılan 100 kubmetr tullantı suyu üçün 4 manat nəzərdə tutulur.

Sentyabrın 1-dən suvarma üçün ödənişlərin tətbiqi fermerlərin istehsal xərclərinə və kənd təsərrüfatı məhsullarının qiymətlərinə nə dərəcədə təsir göstərə bilər?

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, məhz bu məsələyə sadəcə suya görə ödəniş tətbiq olunur kimi baxmamalıyıq:

“Burada söhbət kənd təsərrüfatının onsuz da yüksək olan maya dəyərinin üzərinə yeni xərc qoyulmasından gedir. Fermer onsuz da toxuma, gübrəyə, yanacağa, texnikaya, işçi qüvvəsinə, logistika və digər resurslara kifayət qədər pul ödəyir. İndi bunun üzərinə suvarma xərci də əlavə olunur.

Əgər dövlət fermerin məhsulunun maya dəyərini artıran bütün amilləri nəzərə almadan yalnız “suya qənaət et” məntiqi ilə ödəniş tətbiq edirsə, burada ciddi iqtisadi sual yaranır ki, fermer suya qənaət etməlidir, bəs ona bunu etmək üçün hansı iqtisadi imkan yaradılıb?

Suya qənaət edən texnologiyaların tətbiqi ucuz deyil. Damcı suvarma sistemi, müasir avadanlıq, su itkisini azaldan infrastruktur fermer üçün əlavə investisiya tələb edir.

Əgər fermerə bu texnologiyaları tətbiq etmək üçün real və əlçatan maliyyə dəstəyi verilmirsə, suya görə ödənişin tətbiqi “iqtisadi stimul” yox, sadəcə əlavə maliyyə yükü olacaq.

Ən təhlükəli məqam isə budur ki, fermer bu xərci havadan ödəmir. O, bunu ya öz gəlirindən çıxacaq, yəni mənfəəti azalacaq, ya da məhsulun qiymətinə keçirəcək. Nəticədə bunun son yükünü yenə istehlakçı daşıya bilər. Amma mən suyun ödənişsiz istifadəsinin tərəfdarı da deyiləm”.

Onun sözlərinə görə, su strateji resursdur və onun israf edilməsinin iqtisadi qiyməti olmalıdır:

“Sadəcə, dövlət burada “pul alım” yanaşmasından əvvəl “səmərəliliyi necə artırım?” yanaşmasını ortaya qoymalıdır. Məsələn, suyu normadan artıq istifadə edən daha çox ödəməlidir, qənaət edən fermer isə daha az ödəməli və hətta müəyyən güzəştlər əldə etməlidir.

Suya qənaət edən texnologiyaya keçən təsərrüfatlar subsidiyalaşdırılmalıdır. Əks halda bütün fermerləri eyni mexanizmlə ödənişə cəlb etmək iqtisadi baxımdan ədalətli yanaşma deyil. Fikrimcə, kənd təsərrüfatında əsas problem fermerin sudan istifadə etməsinin qiyməti deyil, suyun idarə olunmasının səmərəsizliyidir.

Kanallarda, şəbəkələrdə, suvarma sistemlərində itkilər varsa, ilk növbədə həmin itkilər aradan qaldırılmalıdır. Əgər sistemdə böyük su itkiləri qalır, amma fermerə “sudan səmərəli istifadə et və bunun üçün də pul ödə” deyilir, bu, problemin mənbəyini fermerin üzərinə yükləməkdir.

Ona görə də suya görə ödəniş yalnız bir halda düzgün siyasətə çevrilə bilər. Əgər bu ödəniş fermeri cəzalandırmır, onu suya qənaət etməyə iqtisadi cəhətdən maraqlandırırsa... Əks halda biz kənd təsərrüfatında məhsuldarlığı və rəqabət qabiliyyətini artırmaq əvəzinə, fermerin xərclərini artıracağıq.

Fermerin xərci artırsa, məhsulun maya dəyəri artır. Maya dəyəri artırsa, ya fermerin qazancı azalır, ya da qiymət artır. Bunun son ünvanı isə yenə vətəndaşın cibidir. Dövlətin məqsədi fermerdən daha çox pul toplamaq yox, eyni su ilə daha çox məhsul istehsal etmək olmalıdır”.

Ekspert qeyd edib ki, su siyasətinin əsas göstəricisi də büdcəyə nə qədər vəsait daxil olması deyil, bir kubmetr su ilə nə qədər əlavə iqtisadi dəyər yaradılması olmalıdır.


Geri qayıt