Əsas Səhifə > Ana xəbər / Güney Press > “City Finance” BOKT-un rəhbərliyinə təyinat olub

“City Finance” BOKT-un rəhbərliyinə təyinat olub


Bu gün, 10:22

“City Finance” BOKT MMC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Rzayev Cəmil Riyazi oğlu “City Finance” BOKT MMC-nin Müşahidə Şurasının üzvü seçilib və ümumi üzvlərin sayı üçə yüksəlib.

Cəmil Rzayev maliyyə sahəsində 14 ildən artıq peşəkar təcrübəyə malikdir. O, 2019-cu ildən “AGA Group”da maliyyə direktoru, 2025-ci ilin mayından isə “Ferrum Capital”da baş direktorun müavini vəzifəsində çalışır. Bundan əvvəl “Synergy Group”da maliyyə rəhbəri, “Garant Holding”də isə maliyyə meneceri olub.

“City Finance” BOKT MMC 2014-cü il yanvarın 7-də BKT-20 nömrəli lisenziya ilə fəaliyyətə başlayıb. Təşkilatın hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37-dir.

“City Finance” BOKT “AQA Şirkətlər Qrupu”na daxildir. Şirkətin nizamnamə kapitalı 5 milyon manatdır. 2025-ci ilin sonunda BOKT-un aktivləri 41,9 milyon manat, müştərilərə verilmiş kredit portfeli 39,6 milyon manat, balans kapitalı isə 18,3 milyon manat təşkil edib. Şirkət həmin ili 3,1 milyon manat xalis mənfəətlə başa vurub.

“City Finance” BOKT fiziki şəxslərə kredit məhsulları təqdim edir və kredit müraciətlərinin qəbulu, ödənişlərin həyata keçirilməsi və hesabların izlənməsi üçün mobil tətbiq də təqdim edir.


Geri qayıt