Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan OVA çıxıb
Paşinyan OVA çıxıbBu gün, 06:59 |
|
Ermənistanın sabiq prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryan ölkənin Antikorrupsiya Komitəsinə aparılıb. Eyni zamanda, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Robert Köçəryanın oğlu və “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın evində axtarış aparılıb. Bundan başqa, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan bir müddət əvvəl ona qarşı korrupsiya ittihamı ilə əlaqədar açılmış cinayət işi çərçivəsində İstintaq Komitəsinə aparılıb. Sarkisyan dindirildikdən sonra sərbəst buraxılıb. Robərt Köçəryanın isə səhhətinin pisləşməsi ilə əlaqdar xəstəxanaya aparıldığı bildirilir. Bu barədə onun oğlu açıqlama verib. Levon Köçəryanın sözlərinə görə, atası iki həftə əvvəl ürəyindən əməliyyat olunub. İstinataq Komitəsində Robert Köçəryanın arterial təzyiqi yüksəlib və onu xəstəxanaya çatdırıblar. Vəkillər eks-prezidentlə görüşmək üçün tibb müəssisəsinə getməli olublar. Ermənistan mediası isə bu hadisəni həbs növbəsinin Robert Köçəryana çatması kimi şərh edib. Robert Köçəryanın İstintaq Komitəsinə aparılması “Çiçəklənən Ermənistan” partiyasının sədri Qagik Tsarukyanın həbsinin davamı hesab edilir. Qeyd edək ki, Baş nazir Nikol Paşinyan hələ iyun ayında keçirilmiş parlament seçkilərindən əvvəl Ermənistandakı “əjdaha”nın başının üçünü də kəsəcəyini demişdi. Paşinyan “üçbaşlı əjdaha” deyərəkən əslində, Rusiyadan idarə olunan revanşist müxalifəti nəzərdə tuturdu. Söhbət “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyan, “Ermənistan” blokunun lideri Robert Köçəryan və ÇEP sədri Qagik Tsarukyandan gedir. Samvel Karapetyan 14 aydır ki, ev dustağıdır. Qagik Tsarukyan dələduzluq, “çirkli pullar”ın yuyulması və vergidən yayınma ittiham ilə həbs edilib. Robert Köçəryan isə prezident olduğu müddətdə külli miqdarda korrupsiya hallarına yol verməkdə ittiham edilir. Onun barəsində, həmçinin, 2008-ci il martın 1-də dinc mitinqin iştirakçılarına atəş açmaq əmri verdiyinə görə cinayət təqibi var. Əgər istintaq orqanının rəyi əsasında məhkəmə Köçəryan barəsində həbs qərarı çıxarsa, o zaman Rusiyaya bağlı üç liderin hamısı azadlıqdan məhrum edilmiş olacaq. Nikol Paşinyan hakimiyyətinin müxalifətə qarşı təzyiqləri gücləndirməsi daxili amillərdən daha çox Rusiya-Ermənistan münasibətlərində artan gərginliklə izah oluna bilər. Rusiyanın Ermənistandan kənd təsərrüfatı və ərzaq məhsullarına tamamilə qadağa qoyması siyasi ziddiyyətlərin dərinləşməsinə səbəb olub. Moskva Ermənistandan ya Avropa İttifaqına üzvlüyü seçmək, ya da Avrasiya İqtisadi İttifaqında qalmaqla bağlı referendum keçirməyi tələb edir. 2026-cı ilin sonunda keçiriləcək referendumda Avropa İttifaqına üzvlük əsas siyasi vəzifə kimi yeni konstitusiyanın mətninə daxil edilərsə, Rusiya-Ermənistan münasibətlərində müttəfiqlik münasibətləri aradan qalxacaq. Nəticədə, Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması Rusiyanın ağır iqtisadi sanksiyaları və “ticarət müharibəsi” ilə müşahidə olunacaq. Üstəlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabr ayında keçiriləcək sammitində Ermənistanın üzvlük haqqını ödmədiyinə görə səsvermə hüququndan məhrum ediləcəyinə qərar verilib. Nikol Paşinyan hakimiyyəti isə KTMT-dən çıxmaq niyyətini gizlətmir. Baş nazir bildirib ki, Rusiya tarixən Ermənistanın təhlükəsizliyinin zəmanətçisi kimi çox etibarsız olub. Bu baxımdan, bu ilin sonuna doğru Ermənistanın KTMT sıralarını tərk etməsi üçün müraciət etməsi istisna olunmur. Bu məqsədlə, yeni konstitusiyada Ermənistan bloklara qoşulmayan dövlət kimi təsbit oluna bilər. Yəni payız ayları Rusiya-Ermənistan münasibətlərində gərginliyin artacağını proqnozlaşdırmağa əsas verir. Digər bir amil Ermənistanda konstitusiya islahatının keçirilməsi və Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində gözləntilərlə bağlıdır. Artıq Paşinyan yeni konstitusiyanın mətnindən Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan Ermənistan Müstəqillik Bəyannaməsinə istinad hissəsinin çıxarılacağını deyib. Bu, Azərbaycanla sülh sazişinin imzalanmasına təkan verməklə yanaşı, həm də Türkiyə ilə münasibətlərin normallaşmasına və sərhədlərin açılmasına səbəb olacaq. Yəni regionda Rusiyanın təsirinin aradan qalxması ilə nəticələnən tamamilə yeni geosiyasi konyuktur formalaşa bilər. Ona görə də rəsmi Moskva prosesi pozmaq və özünün geosiyasi üstünlüyünü qoruyub saxlamaq üçün Ermənistanda revanşist müxalifətin vasitəsilə etiraz aksiyalarının təşkilinə və hakimiyyət dəyişikliyinə səy göstərə bilər. Köçəryanın və Sarkisyanın istintaqa çəkilməsi görünür, Paşinyan tərəfindən məhz bu prosesin qarşısını almağa hesablanıb. “Cebheinfo.az” Geri qayıt |