Əsas Səhifə > Ana xəbər / Güney Press > Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır?

Etibar Pirverdiyev “Expressbank”dan nə qədər qazanır?


Bu gün, 16:47

“Expressbank” ASC 2025-ci ilin nəticələri üzrə səhmdarlarına 19 milyon 774 min manat dividend elan edib.

"DİA-AZ" xəbər verir ki, Plat.az-ın əldə etdiyi məlumata görə, bu, 2024-cü illə müqayisədə 6,2 dəfə çoxdur.

Məlumata görə, bank 2024-cü ildə 3 milyon 202 min manat dividend elan etmişdi. Beləliklə, 2024-2025-ci illər üzrə elan edilmiş dividendlərin ümumi məbləği 22 milyon 976 min manat təşkil edib.

Bundan başqa, 2024-cü ildə bank səhmdarlarına faktiki olaraq 8,664 milyon manat dividend ödəmişdi. Bu məbləğin 5,462 milyon manatı əvvəlki dövrlərdən 2024-cü ilin əvvəlinə qalmış dividend öhdəliyi, 3,202 milyon manatı isə həmin il elan edilmiş dividend olub.

Beləliklə, 2024-cü ilin əvvəlindən 2026-cı ildə son qalıq ödənilənədək səhmdarlara faktiki olaraq ümumilikdə 28 milyon 438 min manat dividend ödənilib. Bunun 5,462 milyon manatı əvvəlki dövrlərdən qalan borc, 22,976 milyon manatı isə 2024 və 2025-ci illər üzrə elan edilmiş dividendlərdir.

“Expressbank”ın ən böyük səhmdarı 48,78% payla “AZENCO Group” MMC-dir. Bankın 30,85%-i “Enerqoservis” MMC-yə, 19,99%-i Hafiz Seyidova, 0,38%-i isə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə məxsusdur.

Səhmdarların paylarına uyğun hesablandıqda, 2025-ci il üzrə 19,774 milyon manat dividendin təxminən 9 milyon 646 min manatı “AZENCO Group”un, 6 milyon 100 min manatı “Enerqoservis”in, 3 milyon 953 min manatı Hafiz Seyidovun, 75 min manatı isə AYNA-nın payına düşüb.

2024 və 2025-ci illər üzrə elan edilmiş dividendlər birlikdə götürüldükdə isə “AZENCO Group”un payına təxminən 11 milyon 208 min manat, “Enerqoservis”in payına 7 milyon 88 min manat, Hafiz Seyidovun payına 4 milyon 593 min manat, AYNA-nın payına isə 87 min manat düşür.

Qeyd edək ki, mediada yayılan məlumatlarda “Expressbank”ın, həmçinin onun əsas səhmdarı “AZENCO Group”un “Azərenerji” ASC-nin sabiq prezidenti Etibar Pirverdiyevə aid olduğu bildirilir. Qarşı tərəf isə bunu indiyə kimi təkzib etməyib.

Xatırladaq ki, “Expressbank” 1992-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 112,545 milyon manatdır.


Geri qayıt