Əsas Səhifə > Ana xəbər / Güney Press > Prezident İlham Əliyevin Özbəkistan səfəri...
Prezident İlham Əliyevin Özbəkistan səfəri...Bu gün, 04:55 |
|
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri ölkələrimiz arasında mövcud olan münasibətlərin yeni formada inkişafına töhvə verəcək. Səfər çərçivəsində əldə olunan razılaşmalar və imzalanan sənədlər onu deməyə əsas verir ki, qarşıdakı illərdə Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq şaxələnərək, bütün sahələri əhatə edəcək. Təhlillərə əsasən, həyatın bütün sahələrini əhatə edən bu əməkdaşlıq formulu, ölkələrin müdafiə - hərbi potensialının inkişaf etdirilməsindən də yan keçə bilməz.
Əslində ölkələrimiz arasında hərbi əməkdaşlığı stimullaşdıran bir sıra hüquqi sənədlər də mövcuddur. Hətta müdafiə sənayesi sektorunda birgə fəaliyyəti dəstəkləyən “Azərbaycan Hökuməti ilə Özbəkistan Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında” Saziş də imzalanıb. Təbii ki, bunun əsas səbəbi Prezident İlham Əliyevin Mərkəzi Asiyanın mühum ölkəsi olan Özbəkistanla sıx əlaqələrin qurulmasına təkan verən siyasi iradəsidir.
Sovet İttifaqı dövründə möhkəm əlaqələrə malik bu iki respublika SSRİ-nin süqutundan sonra müəyyən səbəblərdən o qədər də yaxınlaşma siyasəti yürüdə bilmədilər. Təbii ki, bu məsələdə Azərbaycanın üzərinə hər hansı bir məəsuliyyət düşmür. Lakin Özbəkistanda Şavkat Mirziyoyevin dövlət başçısı seçilməsi, Azərbaycanla bütün sahələrlə yanaşı, hərbi, hərbi-texniki sahədə də əməkdaşlığın formalaşdırılmasına təkan verdi.
Təvazökarlıqdan uzaq da olsa qeyd etmək istəyirəm ki, Azərbaycan hərbin bütün sahələrində, o cümlədən müdafiə sənayesi sektorunda Mərkəzi Asiyada olan dost ölkələr üçün bir nümunədir. Bu mənada Azərbaycandan öyrənilməli çox nüanslar var.
Müdafiə sənayesi və hərbi-texniki sahədə də iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi potensialı mövcuddur. Bu sahədə də Qərb texnologiyasının mənimsənilməsi baxımından Azərbaycan Özbəkistan üçün əhəmiyyətli ölkədir. Məlumdur ki, müharibədən sonra formalaşan təcrübə Azərbaycan müdafiə sənayesi sektoru üçün daha geniş imkanlar yaradıb. Strateji tərəfdaş kimi Özbəkistan üçün Azərbaycan təcrübəsi bu ölkənin müdafiə potensialının artmasına töhvə verə bilər.
Yeri gəlmişkən, Bakıda sentyabrın 30-da öz işinə başlayacaq ADEX-2026 müdafiə sənayesi sərgisi də Özbəkistanın hərbi strukturlarının diqqətindədir. Sərgidə iştirakçılar arasında Özbəkistan hərbçilərinin olacağı da gözlənilir.
Bu həm də Azərbaycanın Mərkəzi Asiyanın ən böyük ordusuna malik ölkəsinin hərbi-texniki bazarına daxil olması deməkdir. Qeyd etdiyim məsələ Azərbaycan müdafiə sənayesi kompleksinin fəaliyyət dairəsinin genişləndirilməsi baxımından çox vacibdir. Digər tərəfdən müdafiə sənayesi sektorunda birgə layihələrin icrası prosesinin də reallaşdırılması hər iki ölkənin maraqlarına uyğundur.
Yuxarıda qeyd olunan bütün məqamları nəzərə almaqla, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinin nə qədər əhəmiyyətli olduğunu anlamaq olar. Azərbaycan Prezidentinin bu mənada qlobal siyasi gedişləri ölkəmizin həm Avropada, həm də Asiyada strateji müttəfiqlərinin sayını artırır. Bu isə Azərbaycanı təkcə bölgənin deyil, həm də bütünlüklə Avrasiya məkanının əhəmiyyətli ölkəsinə çevirir.
Ramil Məmmədli - "DİA-AZ"
Geri qayıt |