Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan "Batka"nı Kremlə qarşı "zərbə aləti"nə çevirir:
Paşinyan "Batka"nı Kremlə qarşı "zərbə aləti"nə çevirir:Bu gün, 17:02 |
|
Ermənistanın Rusiya və Kremlin patronajlığı altında olan tərəfdaşlıq strukturları ilə münasibətlərində yaranmış gərginlik artıq yalnız siyasi qarşıdurma mərhələsindən kənara çıxmağa başlayıb. Belə ki, rəsmi İrəvanın xarici siyasət kursunda daha dərin dəyişikliklərin baş verdiyi artıq inkaredilməz reallıqdır. Baş nazir Nikol Paşinyanın son açıqlamaları onu göstərir ki, Ermənistanın Avropa Birliyinə yaxınlaşması həm ölkədaxili siyasi qərarların, həm də Rusiyanin əsas müttəfiqlərindən gələn təhdid mesajlarının təsiri altında daha da sürətlənib. Məsələ ondadır ki, erməni baş nazir Ermənistanın Qərbə yönəlməsini şərh edərkən, Avrasiya İqtisadi İttifaqındakı bəzi tərəfdaşların qərəzli açıqlamalarının bu prosesə ciddi təkan verdiyini bildirib. Onun sözlərinə görə, Ermənistanın “heç kimə lazım olmadığı” və “heç yerdə gözlənilmədiyi” barədə verilən mesajlar İrəvanda mənfi deyil, əksinə, müsbət qarşılanıb. Və Paşinyan hakimiyyəti alternativ istiqamətlər üzrə daha fəal çalışmağa başlayıb. Onu da qeyd etmək lazımdır ki, erməni baş nazirin dedikləri ilk növbədə Belarus prezidenti Aleksandr Lukaşenkonun vaxtilə Ermənistanın geopolitik və iqtisadi perspektivləri ilə bağlı səsləndirdiyi “Ermənistan kimə lazımdır ki...” məzmunlu fikirləri yenidən gündəmə gətirib. Baş nazir Nikol Paşinyanın bu eyhamı ondan xəbər verir ki, rəsmi İrəvan Belarus prezidenti Aleksandr Lukaşenkonun bu ritorikasını Rusiyanın patronajlığı altında olan siyasi-iqtisadi məkan üçün Ermənistanın əvvəlki qədər vacib olmadığına dair mesaj kimi qəbul edib. Yəni, baş nazir Nikol Paşinyan Rusiya və onun müttəfiqlərinin Ermənistana münasibətdə sərt mövqeyinin rəsmi İrəvanda əks reaksiya doğurduğuna eyham vurur. Paşinyan hakimiyyəti Qərbə inteqrasiya prosesini yalnız geopolitik seçim kimi deyil, həm də Ermənistan üçün yeni iqtisadi və təhlükəsizlik alternativləri yaratmaq cəhdi kimi təqdim edir. Və bu prosesin ən önəmli istiqamətlərindən biri isə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə gərgin münasibətləridir. Maraqlıdır ki, Ermənistan bu təşkilatın fəaliyyətində iştirakını faktiki olaraq, dondursa da, hüquqi baxımdan, hələ də KTMT üzvü olaraq qalır. Təşkilatın baş katibi Taalatbek Masadıkovun rəsmi İrəvanın gələcək iştirakına dair məsələyə “ağlabatan müddətdə” aydınlıq gətirilməsinin vacibliyini bildirib. Və bu, məhz mövcud qeyri-müəyyənliyin artıq təşkilat üçün də ciddi problemə çevrildiyini göstərir. Digər tərəfdən, rəsmi İrəvanın KTMT-dən faktiki olaraq, uzaqlaşması ilə Avropa Birliyi və ABŞ-la əməkdaşlığın genişləndirilməsi eyni prosesin müxtəlif istiqamətləri kimi görünür. Belə ki, Ermənistan bir tərəfdən, Rusiya ilə bağlı ənənəvi təhlükəsizlik mexanizmlərindən məsafə saxlayır. Və digər tərəfdən isə Qərb strukturları ilə iqtisadi, enerji və nəqliyyat əlaqələrini gücləndirməyə çalışır. Təbii ki, Ermənistan və ABŞ arasında müzakirə olunan TRIPP layihəsi də rəsmi İrəvanın bu strategiyasının önəmli faktorlarından biri hesab olunur. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-ın xüsusi nümayəndəsinin baş müşaviri Ari Laytstoun ilə görüşündə layihənin həyata keçirilməsi, regional bağlantıların inkişafı, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi kimi önəmli məsələlər müzakirə edilib. Və bu, Ermənistanın beynəlxalq nəqliyyat infrastrukturlarına inteqrasiya məsələləri ilə bağlı rəsmi İrəvanın yeni geoiqtisadi xəttinin əsas konturlarını ortaya qoyur. Belə ki, TRIPP layihəsinin Ermənistan üçün əhəmiyyəti yalnız nəqliyyat imkanlarının genişləndirilməsi ilə məhdudlaşmır. Bu təşəbbüs reallaşacağı təqdirdə, Ermənistanın regiondakı nəqliyyat-kommunikasiya sistemlərinə daha sıx bağlanmasına və Qərb tərəfindən dəstəklənən yeni logistika arxitekturasında rolunun artmasına münbit şərait yarada bilər. Və bu isə ölkənin Rusiya mərkəzli nəqliyyat və iqtisadi sistemindən asılılığının azaldılması baxımından, rəsmi İrəvan üçün strateji əhəmiyyət daşıyır. Üstəlik, bu məsələdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi də xüsusi əhəmiyyət daşıyır. Ona görə də, ABŞ-Ermənistan müzakirələrində sülh gündəliyinin və regional bağlantıların paralel şəkildə nəzərdən keçirilməsi qətiyyən təsadüfi deyil. Çünki Cənubi Qafqazda davamlı sülh və açıq kommunikasiyalar yaranmadan Ermənistanın Qərblə genişmiqyaslı iqtisadi və nəqliyyat inteqrasiyası tam potensialını reallaşdıra bilməz. Bütün bunlar onu göstərir ki, rəsmi İrəvanın xarici siyasət kursunda baş verən dəyişiklik yalnız “Rusiya və Qərb arasında seçim” məsələsi deyil. Yəni, rəsmi İrəvan buna paralel olaraq, Ermənistanın yeni iqtisadi, nəqliyyat və təhlükəsizlik dayaqlarını formalaşdırmağa çalışır. Ancaq bu xarici siyasət kursunun əsas problemi ondan ibarətdir ki, rəsmi İrəvanın Rusiya ilə mövcud əlaqələrini sürətlə zəiflətməsi Kremlin siyasi-iqtisadi reaksiyasını da sərtləşdirir. Digər tərəfdən, Avropa Birliyi və ABŞ-la yaxınlaşma Ermənistan üçün yeni imkanlar açmaqla yanaşı, olduqca ciddi təhlükəsizlik riskləri də yaradır. Belə ki, rəsmi İrəvanın Qərbə inteqrasiyası nə qədər sürətlənirsə, Rusiya ilə münasibətlərdə strateji qarşıdurma ehtimalı da bir o qədər artır. Ona görə də, indi Paşinyan hakimiyyətinin qarşısında duran əsas məsələ yalnız yeni tərəfdaşlar tapmaq deyil. Çünki hazırda köhnə tərəfdaşlarla münasibətlərin kəskin şəkildə pozulmasının mümkün nəticələrini də idarə etmək lazımdır. Bu baxımdan, baş nazir Nikol Paşinyanın Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərinə verdiyi məna isə bu prosesin psixoloji və siyasi tərəfini xüsusilə qabardır. Görünür, rəsmi İrəvan Rusiyanın müttəfiqlərindən gələn “Ermənistan bizə lazım deyil” məzmunlu mesajları artıq yalnız təzyiq kimi qəbul etmir. Yəni, Paşinyan hakimiyyəti bundan Ermənistan üçün alternativ geopolitik istiqamətləri sürətləndirmək üçün bəhanə-arqument kimi də istifadə etməyə çalışır. Göründüyü kimi, Cənubi Qafqazda artıq tamamilə yeni geopolitik reallıqlar formalaşır. Ermənistan bir tərəfdən KTMT-dən uzaqlaşır, digər tərəfdən isə ABŞ və Avropa Birliyi ilə iqtisadi və nəqliyyat əlaqələrini dərinləşdirir. Buna paralel olaraq, Azərbaycanla sülh və regional kommunikasiyaların açılması ilə bağlı məsələləri də daha ön plana çıxarır. Və bu proses uğurla davam edərsə, Ermənistanın xarici siyasət kursunda son onilliklərin ən ciddi geopolitik transformasiyası baş verə bilər. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu "geopolitik dönüş"ün son nəticəsi hələ tam müəyyənləşməyib. Belə ki, rəsmi İrəvanın qarşısında indi ikiqat sınaq mərhələsi dayanır. Yəni, rəsmi İrəvan Qərblə yaxınlaşmadan əldə ediləcək iqtisadi və siyasi dividendləri maksimum həddə çatdırmaq barədə düşünməyə məcburdur. Eyni zamanda, Paşinyan hakimiyyəti Rusiya ilə münasibətlərin tam qarşıdurmaya çevrilməsinin qarşısını almağın yolunu da tapmalıdır. Və bu baxımdan, Ermənistanın növbəti addımları məhz belə bir balansın hansı səviyyədə qoruna biləcəyini göstərəcək. Elçin XALİDBƏYLİ, Geri qayıt |