Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan sülhə yox, müharibəyə hazırlaşır?

Ermənistan sülhə yox, müharibəyə hazırlaşır?


Bu gün, 15:30

Ermənistanın müdafiə naziri Suren Papikyan Azərbayucanla şərti sərhəddəki postlara baş çəkib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə geniş açıqlama verilməyib.

Ermənstan mediasında yalnız “Müdafiə naziri Suren Papikyan döyüş mövqelərinə səfər edib” məzmunda bir cümlə xəbər paylaşılıb.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülhdən, kommunikasiyaların açılmasının vacibliyindən danışdığı bir vaxtda “döyüş mövqeləri” ifadəsinin yenidən gündəmə gətirilməsi, Suren Papikyanın səngərdən və hərbi postlardan fotoşəkillər paylaşması diqqəti cəlb edir.

Bu da öz növbəsində, “Ermənistan sülhə hazırlaşır, yoxsa müharibəyə?” sualını doğurur. Son zamanlar Ermənistan Müdafiə Nazirliyində baş verən prosesləri dərindən təhlil etdikdə, Suren Papikyanın “döyüş mövqeləri”nə səfərinin əsl səbəbinin tamamilə başqa olduğunu görmək mümkündür.

Belə ki, Ermənistan ordusunda əsgər ölümlərinin sayının artması ilə əlaqədar bir sıra yüksək vəzifəli generalların işdən çıxarılması prosesinə başlanılıb.

Həqiqi hərbi xidmət keçən əsgərlərə qarşı işgəncə halları, onların qətlə yetirilməsi və intiharlar Ermənistan ordusunda qarşısıalınmaz problemə çevrilib. Bu da əsgər ailələrinin etiraz aksiyaları keçirməsi ilə müşahidə olunur.

Hətta avqustun 19-u axşam saatlarında Ermənistanın Çəmbərək şəhərindən Vaqan kəndinə gedən yolda hərbçilərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu hadisə Ermənistan ictimaiyyətini şoka salıb və vəhşilik kimi qiymətləndirilib.

Əsgərlərə cəza olaraq əleyhqaz maskaları taxılıb və saat 22:00-da Çəmbərək-Vahan yolunda qaçmağa məcbur ediliblər. Halbuki orduda əsgərin saat 21:00-dan sonra hərbi hissənin ərazisindən kənarda olması qadağandır.

Əleyhqaz maskası taxmış hərbi qulluqçular qaranlıqda qarşıdan gələn yük maşınını görməyərək onunla toqquşub.

Nəticədə 6 hərbçi xəsarət alıb, biri ölüb, ikisi ağır vəziyyətdədir, digərləri isə tibb müəssisəsindədir. Hadisə ilə əlaqədar cinayət işi açılıb.

“Hraparak” nəşri yazır ki, Müdafiə Nazirliyindəki mənbə orduda əsgərlərin əleyhqaz maskaları ilə qaçmağa məcbur edilməsinin əvvəlki hakimiyyətlərin dövründən bəri tətbiq olunan kifayət qədər köhnə və qəbul edilmiş bir cəza olduğunu bildirir. Ordudakı əsgərlərin ailələri bunu çox yaxşı bilirlər.

“Mənbəmiz bildirir ki, əvvəlki gün baş verən bədbəxt hadisədən sonra komandanlığa bundan sonra heç bir əsgəri əleyhqaz maskası ilə cəzalandırmamaq barədə ciddi xəbərdarlıq edilib, əks halda onlar üçün nəticələri gözlənilməz ola bilər”, - deyə “Hraparak” qeyd edir.

Baş nazirin əsgər ölümləri ilə bağlı vəziyyətə müdaxilə etməsindən sonra Ermənistan Hərbi Polisinin rəisi Aşot Zakaryan, Ermənistan Silahlı Qüvvələrinin Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi Serjoja Stepanyan, müdafiə nazirinin müşavirləri Melikset Poqosyan, Razmik Petrosyan və Kamo Vardanyan vəzfədən azad ediliblər. Qeyd edək ki, Kamo Vardanyan əvvəllər Qarabağdakı ləğv olunmuş qondarma rejimin “silahlı qüvvələri”nin komandiri olub.

İstefalar dalğasının müdafiə nazirinə çatdığı bildirilir. Ermənistan Müdafiə Nazirliyində yaşanan idarəetmə böhranı Suren Papikyanın yaxın günlərdə işdən çıxarılması ilə nəticələnə bilər.

Suren Papikyanın “döyüş mövqeləri”nə səfər etməsi də bununla izah oluna bilər. Yəni nazir orduda nizam-intizamın nəzarət altında olduğunu, ölkənin müdafiəsinin yüksək səviyyədə təşkil edildiyinə dair görüntü yaratmaq istəyir.

Əleyhqaz geyinmiş əsgərlərin ölümünə görə cinayət işinin işgəncə verən zabitlərə deyil, yük maşınının sürücüsünə açılması da problemi ört-basdır etmək məqsədi daşıyır. Papikyanın Azərbaycanla sərhəddəki “döyüş mövqeləri”nə baş çəkməsi həm də diqqəti ordudakı daxili problemlərdən yayındırmaq məqsədi daşıyır.

Nazir Ermənistan cəmiyyətinin yaddaşında müharibə mövzusunu yenidən oyatmaqla əsl təhlükənin kənarda olduğu mesajını verir.

Papikyanın səfəri Ermənistanda müharibə xofu yaratmağa və xarici düşmən qarşısında özünü müdafiənin təminatçısı kimi təqdim etməklə vəzifəsini qorumağa hesablanıb.


Geri qayıt