Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan üçün geri sayım

Paşinyan üçün geri sayım


Bu gün, 11:10

Ermənistanın baş naziri Nikol Paşinyan üçün siyasi təqvim getdikcə daralır. Bir tərəfdən İranın TRIPP(“Tramp yolu”) layihəsinə qarşı sərt mövqeyi, digər tərəfdən isə Rusiyanın Ermənistan hakimiyyətinə qarşı təzyiqləri artırdığı barədə iddialar İrəvanın qarşısında kifayət qədər ciddi suallar yaradır.
Musavat.com xəbər verir ki, “Hraparak” son sayında dərc etdiyi müsahibədə polittexnoloq Armen Badalyan Paşinyan hakimiyyətinin qarşıdakı aylarda ciddi sınaqla üzləşəcəyini iddia edib. Onun sözlərinə görə, Rusiyanın Ermənistan hakimiyyətinin dəyişdirilməsi istiqamətində müəyyən etdiyi proses mayın 30-da başlayıb və noyabrın 30-da başa çatmalıdır. Badalyan hesab edir ki, dekabrın 15-dək Rusiya Ermənistanın hakim partiyasını siyasi səhnədən çıxarmaq üçün əlindən gələni edəcək.
Badalyan iddia edir ki, istənilə halda, Rusiya Ermənistan bazarını əvvəlki kimi açmağa hazırlaşmır, əksinə, iqtisadi məhdudiyyətləri sərtləşdirə bilər. O, bunun məqsədinin Ermənistanın iqtisadi potensialını zəiflətmək və nəticədə Paşinyan hakimiyyətinin dayaqlarını sarsıtmaq olduğunu düşünür.
Bu iddiaların fonunda Paşinyanın Qərblə yaxınlaşma siyasətinin ən mühüm layihələrindən biri olan TRIPP də ciddi suallar qarşısında qalır.
Ermənistan mediası son günlər anti-Paşinyan və “Tramp yolu”na qarşı təblğatı İranın silahlı qüvvələri üzrə baş məsləhətçisi, general-mayor Yəhya Rəhim Səfəvinin mövqeyinə istinadla qururlar. Bildirilir ki, Ermənistan hakimiyyətinin TRIPP barədə verdiyi izahlar Tehranın narahatlıqlarını aradan qaldırmayıb.

İrəvan TRIPP-i Ermənistanın suverenliyi çərçivəsində həyata keçiriləcək nəqliyyat layihəsi kimi təqdim edir. Tehran isə layihəyə yalnız iqtisadi marşrut kimi baxmır. İran üçün əsas məsələ ABŞ-ın Cənubi Qafqazda infrastruktur və təhlükəsizlik baxımından möhkəmlənməsi ehtimalıdır. Bu baxımdan Ermənistan hakimiyyətinin “İranla məsələ həll olunub” açıqlaması ilə Tehran nümayəndələrinin sonrakı bəyanatları arasında ciddi fərq yaranır.
Əgər erməni mediasının yazdıqları proqnozlar reallaşarsa, demək qarşıdakı aylar Paşinyan üçün sadəcə növbəti siyasi mərhələ olmayacaq, bu, onun hakimiyyətinin gələcəyini müəyyənləşdirə biləcək dövrə çevrilə bilər.
Ən maraqlısı isə odur ki, Paşinyanın bütün siyasi strategiyası hazırda “vaxt qazanmaq” üzərində qurulmuş kimi görünür: Rusiya ilə münasibətlərdə iqtisadi təzyiqi azaltmaq, Qərbdən gələn dəstəyi TRIPP vasitəsilə real layihəyə çevirmək, İranı layihəyə razı salmaq və eyni zamanda Azərbaycanla ərazi və kommunikasiya məsələlərində yeni qarşıdurma yaratmamaq.

Bu mənzərədə “geri sayım” ifadəsi artıq yalnız siyasi ritorika deyil, Çünki Ermənistan hakimiyyətinin qarşısında həqiqətən də məhdud zaman çərçivəsi formalaşır. Paşinyan bu müddətdə həm Moskva ilə münasibətlərin mümkün nəticələrini, həm Tehranla TRIPP problemini, həm də Azərbaycanla bağlı məsələləri idarə edə bilməsə, 2026-cı ilin sonuna doğru İrəvanda siyasi mənzərə tamamilə dəyişə bilər.

Musavat.com


Geri qayıt