Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın anklav açıqlamasına REAKSİYA

Paşinyanın anklav açıqlamasına REAKSİYA


Bu gün, 07:42

Ermənistanın Baş naziri Nikol Paşinyan 1991-ci il xəritələrinə əsasən Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin Ermənistan ərazisinə aid olmadığını bildirib. O, Azərbaycan və Ermənistan arasında anklavlar məsələsi ilə bağlı hələlik konkret razılaşmanın olmadığını, məsələnin delimitasiya prosesi çərçivəsində həll ediləcəyini qeyd edib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən siyasi şərhçi Abutalıb Səmədov bildirdi ki, Paşinyan bir neçə dəfə bu cür bəyanatlar verib və üç kənddən danışıb.

"Ancaq Ermənistan ərazisində Azərbaycana məxsus dörd kənd var: Kərki, Barxudarlı, Yuxarı Əskipara və Sofulu kəndləri. Söhbət dörd kənddən gedir və onlar Azərbaycana qaytarılmalıdır. Eyni zamanda ermənilər iddia edirlər ki, bu gün Azərbaycanın ərazisində və tabeliyində olan Başkənd Ermənistan ərazisidir. Başkəndin sahəsi təxminən Qazax rayonuna aid olan həmin üç kəndin ərazisinə bərabərdir. Bəzən ermənilər buna görə ərazi mübadiləsi variantını da təklif edirlər. Ancaq bu kəndlərin yerləşdiyi məkan strateji cəhətdən çox vacibdir. Qazax rayonunun həmin kəndləri İcevandan Gürcüstana gedən yolun üzərində yerləşir və strateji əhəmiyyətə malikdir. Kərki kəndi isə İrana gedən magistral yolun üzərində yerləşir.

Bu baxımdan ermənilər həmin kəndlərin qaytarılmaması ilə bağlı çağırışlar edirlər. Paşinyan isə onlardan fərqli olaraq daha real yanaşır və bu kəndlərin qaytarılmalı olduğunu deyir, ancaq üç kəndin qaytarılmasından danışır. Kəndlərlə bağlı son qərar, təbii ki, delimitasiya komissiyasının müzakirəsindən və hazırlayacağı təkliflərdən sonra verilməlidir. Çünki Azərbaycan və Ermənistan arasında bəzi yerlərdə sərhəd xətləri dəqiqləşdirilməyib. Sərhədlər dəqiqləşdirildikdən sonra Azərbaycana məxsus ərazilər Azərbaycana verilməlidir. Əgər Başkənd sənədlərə əsasən Ermənistan ərazisidirsə, təbii ki, həmin kənd də Ermənistana qaytarılmalıdır. Bunun üçün delimitasiya prosesinə ehtiyac var. Hər iki tərəf son dərəcə konstruktiv mövqe tutur və ümid etmək olar ki, heç bir problem olmadan bu anklav ərazilərlə bağlı məsələ qısa müddətdə həll olunacaq".


Geri qayıt