Əsas Səhifə > Ana xəbər / Güney Press > Şəhid ailəsi və qazilərə mənzil verilib, amma...

Şəhid ailəsi və qazilərə mənzil verilib, amma...


Bu gün, 01:56

Bəs növbədə neçə nəfər qalıb?
Naxçıvanda şəhid ailələri və qazilərə indiyədək 400-ə yaxın mənzil verildiyi bildirilir. Avqustun 19-da daha 68 nəfərə mənzil təqdim olunub. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə məlumat verib.
Lakin rəsmi məlumatlarda hazırda neçə nəfərin mənzil növbəsində qaldığı açıqlanmır. Həmçinin 400 mənzilin hansı dövr ərzində verildiyi barədə məlumat yoxdur. Açıq statistika olmadığından Naxçıvanda hazırda daha neçə şəhid ailəsi və qazinin mənzil gözlədiyini müəyyənləşdirmək mümkün deyil.
Əvvəlki illərdə mənzil gözləyən şəhid ailələri və qazilər bölgüdə ayrı-seçkiliklə bağlı dəfələrlə narazılıq ediblər.
Ötən ilin noyabrında Şərur rayonundan bir qrup qazi “Gündəlik Naxçıvan”a bildirmişdi ki, aralarında illərdir mənzil üçün müraciət edən və kirayədə yaşayan şəxslər var. Onlar şəhid ailələri və qazilər üçün nəzərdə tutulduğunu dedikləri binada bəzi mənzillərin aidiyyəti olmayan şəxslərə verildiyini də iddia etmişdilər.
Şərur Rayon İcra Hakimiyyəti həmin vaxt bu iddiaların bir hissəsini təkzib etsə də, rayonda neçə şəhid ailəsi və qazinin mənzil növbəsində olduğunu açıqlamamışdı.
Mənzil alan qazilər arasında da narazılıqlar olub. Şərur rayonunun Danyeri kəndindən Vətən müharibəsi qazisi Əli Əlisoy bildirmişdi ki, dörd nəfərlik ailəsinə cəmi 34 kvadratmetrlik mənzil verilib. Bəzi qazilər isə onlara verilmiş mənzillərin üzərində sonradan məhdudiyyətlərin olduğunu öyrəndiklərini deyiblər.
Digər qazilər də əlillik statusunun müəyyən edilməməsi səbəbindən mənzil və başqa sosial təminatlardan yararlana bilmədiklərini bildiriblər.
"Gündəlik Naxçıvan"

Geri qayıt