Əsas Səhifə > Ana xəbər / Güney Press > Böyük əməliyyat: Məmməd Musayev həbs edilir?

Böyük əməliyyat: Məmməd Musayev həbs edilir?


Bu gün, 16:43

“Aqrarkredit” QSC-nin sabiq sədri, ictimaiyyətdə “Şapka Mamed” kimi tanınan Məmməd Musayevin rəhbərlik etdiyi maliyyə şəbəkəsinin uzun illər davam edən qanunsuz fəaliyyətinin üstü açılıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi genişmiqyaslı əməliyyatlar və redaksiyamıza daxil olan şok faktlar göstərir ki, “Aqrarkredit” ətrafında cərəyan edən maxinasiyalar dövlət büdcəsinə on milyonlarla manat zərər vurulması ilə nəticələnib.

Globalinfo.az bildirir ki, ən sensasiyalı məqamlardan biri Məmməd Musayevin bacısı oğlu Süleyman Bəkirovun iştirakı ilə qurulan mexanizmdir. Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən lisenziya verilmədiyi halda, Bank Aktivlərinin İdarə Edilməsi Agentliyi (BAİA) adlı MMC təsis edilib. “Amay” ticarət mərkəzi, “Azərinşaat Servis” və “İnter Tabako” kimi iri müəssisələrdən toplanan gündəlik və aylıq minlərlə manat nağd vəsait “Aqrarkredit”in rəsmi hesablarına deyil, birbaşa bu qanunsuz agentlik üzərindən mənimsənilib.

1 milyonluq mənzil

Bununla yanaşı, Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı toksik aktivlərinin və əmlaklarının geri qaytarılması adı altında dövlət büdcəsindən ayrılan yüz milyonlarla manat vəsait Çeçenistandakı şübhəli konsaltinq şirkətlərinə köçürülüb. Faktiki olaraq heç bir əmlak geri qaytarılmayıb, ayrılan vəsaitlərin böyük hissəsi isə “otkat” şəklində geri götürülüb.

Məmməd Musayev öz yaxın qohumlarını — qardaşı oğlu Fəzail Musayevi və digərlərini bu nəhəng sxemlərə cəlb etsə də, onlara yalnız sıravi işçi kimi aylıq məvacib verib. Məsələn, aylıq rəsmi maaşı 2500 manat olan Fəzail Musayevin qısa müddətdə Hüseyn Cavid prospektində 1 milyon manatdan baha apartament alması maliyyə qaynaqlarının mənşəyini aydın göstərir.

Saxlanılanlar var

Artıq Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı Məmməd Musayevin yaxın çevrəsinə daxil olan bir qrup şəxs saxlanılıb. “Şurabad quşçuluq” MMC-nin direktoru Fuad Süleymanov, “Şurabad broyler”in direktoru Tofiq Musayev (Məmməd Musayevin qardaşı oğlu), “Salyansüd” MMC-nin təmsilçisi Fazil Rüstəmov və digərləri barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar kənd təsərrüfatını maliyyələşdirmək adı ilə “Aqrarkredit” QSC-dən 100 milyon manatdan çox güzəştli kredit götürərək təyinatdan kənar xərcləməkdə və dələduzluqda ittiham olunurlar.

“Şapka Mamed” həbs edilə bilər

2001-ci ildən dövlətə məxsus “Aqrarkredit” QSC-yə rəhbərlik edən və bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan Məmməd Musayev barəsində də hazırda cinayət təqibi aparılır. Toplanmış təkzibolunmaz sübutlar və saxlanılan şəxslərin ifadələri fonunda, dünyanın müxtəlif ölkələrində milyardlıq əmlaklara sahib olan sabiq sədrin özünün də yaxın günlərdə həbs ediləcəyi gözlənilir.



Geri qayıt