|

Rusiya–Azərbaycan münasibətlərində informasiya qarşıdurması yeni mərhələyə keçir. Bakının son vaxtlar Rusiyaya qarşı sərt ritorikası, Moskvanın siyasətini tənqid edən açıqlamalar və iki ölkə arasında diplomatik gərginliyin artması Rusiyanın ictimai-siyasi məkanında Azərbaycana münasibətdə daha sərt mövqelərin ortaya çıxmasına səbəb olur.
Musavat.com xəbər verir ki, “Svobodnaya Pressa”(SP) nəşrində yayılan materialda artıq məsələyə sadəcə diplomatik narazılıq prizmasından deyil, Rusiyanın Azərbaycanla münasibətlərində hansı addımları atmalı olduğu baxımından yanaşılır. Nəşrin materialında politoloqlar Vadim Truxaçev və Leonid Krutakov Azərbaycanın siyasətini sərt şəkildə tənqid edərək Moskvanın indiki yanaşmasını dəyişməsinin vacibliyini müdafiə edirlər.
Vadim Truxaçevin fikrincə, Azərbaycan informasiya məkanında Rusiyaya qarşı “dost olmayan narrativlər” davamlı şəkildə səslənir. O, hətta Bakının Ukraynaya münasibətini əsas gətirərək Azərbaycanın artıq faktiki olaraq Ukraynanın müttəfiqi kimi qiymətləndirilməsinin mümkün olduğunu bildirir. Politoloqun yanaşmasında diqqət çəkən əsas məqam Moskvanın indiyədək Bakı ilə münasibətlərdə kifayət qədər ehtiyatlı davranması ilə bağlıdır. Truxaçev Rusiyanın rəsmi şəxslərinin Azərbaycanın siyasətinə dair açıqlamalarının “çox sükutlu” olduğunu düşünür və Bakının atdığı addımlara daha sərt cavab verilməsini istəyir.Onun sadaladığı arqumentlər sırasında Azərbaycanın Ukraynaya münasibəti, Avropa enerji bazarında Rusiya nefti və qazını əvəzləmək niyyəti, Rusiyanın ayrı-ayrı vətəndaşlarına qarşı atılan hüquqi addımlar və Azərbaycan mediasında Rusiya siyasətinə yönələn tənqidlər yer alır.
Daha sərt mövqeni isə politoloq Leonid Krutakov ortaya qoyur. Onun fikrincə, Azərbaycan Rusiyanı “imperiya” və “işğalçı” kimi təqdim edir və bunun arxasında həm Rusiyaya qarşı siyasi antipatiya, həm də Moskvanın mümkün addımlarından narahatlıq dayanır.
Krutakovun təklif etdiyi əsas istiqamət iqtisadi münasibətlərə yenidən baxmaqdır. Politoloq xüsusilə enerji sahəsindəki əməkdaşlığı gündəmə gətirir. Onun fikrincə, Rusiya Azərbaycana “Urals” markalı neftin bir hissəsini satır, Azərbaycan isə həmin nefti sonradan Avropa bazarlarında başqa qiymətlərlə realizə edir. Krutakov bunu Azərbaycanla münasibətlər kontekstində yenidən nəzərdən keçirilməli olan məsələlərdən biri hesab edir.
Krutakovun mövqeyi bundan ibarətdir ki, Moskva ilə Bakı arasında münasibətlər yalnız qarşılıqlı səfərlər, xoş sözlər və diplomatik nəzakət üzərində qurulmamalıdır. Əgər tərəflərin maraqları ciddi şəkildə toqquşursa, Rusiya öz iqtisadi imkanlarından siyasi alət kimi istifadə etməlidir.
“SP” nin materialında Azərbaycan–Böyük Britaniya münasibətlərinə də xüsusi diqqət yetirilir. Məqalədə qeyd olunur ki, Azərbaycan XİN-də Rusiya səfiri ilə bağlı diplomatik proseslərin getdiyi gün Bakıda Böyük Britaniyanın yeni səfiri Duncan Normanın qəbul mərasimi keçirilib. Nəşr bunu Rusiya ilə münasibətlərdə gərginliyin artdığı bir vaxtda Bakı ilə London arasında əməkdaşlığın vurğulanması kimi təqdim edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Britaniya ilə əməkdaşlığın potensialını yüksək qiymətləndirməsi də materialda Rusiya–Azərbaycan münasibətləri kontekstində şərh olunur. Materialın digər mühüm iddiası Azərbaycan informasiya məkanında Rusiyanın getdikcə daha çox mənfi obrazda təqdim edilməsidir. Rusiya mediasında Azərbaycana qarşı sərt fikirlər səslənərkən, Moskvanın rəsmi informasiya resurslarının əksəriyyətində Bakıya münasibətin eyni dərəcədə sərt olmadığı da vurğulanır. nKrutakovun mövqeyinin ən diqqətçəkən tərəfi məhz budur. O, Moskvanın Azərbaycanla münasibətlərində emosional və simvolik yanaşmadan imtina etməsini təklif edir. Bu baxımdan Krutakov Britaniya siyasətçisi Palmerstonun məşhur prinsipini xatırladır: dövlətlər üçün daimi dostluqlardan daha çox daimi maraqların əhəmiyyət daşıması.
İndi daha aydın görünür ki, məsələ artıq təkcə diplomatik bəyanatlar səviyyəsində qalmır. Rusiyada Azərbaycana qarşı “cavab tədbirləri” ideyası ictimai müzakirəyə çıxarılır. Və bu, Bakı üçün diqqətə alınmalı əsas siqnaldır: hələlik Rusiyanın Azərbaycana qarşı yeni rəsmi siyasətindən danışmaq tezdir, amma Moskvada belə siyasətin tərəfdarlarının səsi əvvəlkindən daha yüksək eşidilir...
Musavat.com
Geri qayıt
|